EDV

ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar

Baxış sayı: 369

Bu günlərdə sosial şəbəkədə qarşıma “ƏDV–gerial” portalının maraqlı bir reklamı çıxdı. Reklamda deyilirdi ki, indi bir il ərzində yığılıb qalmış ƏDV-lərinizi bir dəfə ala bilərsiniz. Reklamın altında isə Azərbaycan ad və soyadına sahib profillər müxtəlif məbləğlərdə ƏDV-lərini geri aldıqları üçün özlərini xoşbəxt hesab etdiklərini qeyd edirdi. Profillərin yazdıqları şərhlər bir-birinə bənzəyirdi. Maraqlıdır, Azərbaycan insanı geri aldığı 100 manat ƏDV üçün özünü xoşbəxt hiss edəcək və bunu dilə gətirəcəkdi. Həmin profillərə baxdıqda sonra bəlli oldu ki, bu profillərin hamısı azərbaycanlıların foto və adları ilə hazırlanmış saxta profillərdir.

edv

Görünür bu profilləri idarə edən və yeni dələduzluq növünü ortaya atan şəxs azərbaycanlı deyil. Yoxsa o bilərdi ki, hansısa bir azərbaycanlı 100 manatlıq ƏDV-ni geri qaytara bildiyi üçün özünü xoşbəxt sayıb, bunu dilə gətirməz. ƏDV ilə bağlı hazırlanan saxta sayt keçidinə toxunduğunuz zaman pəncərə sizi başqa bir keçidlə yeni səhifəyə yönləndirir. Orada saytın adı rəsmi sayt adına çox oxşasa da, saxta olduğu da diqqət yetirildiyi zaman məlum ola bilər. Açılan yeni pəncərədə şəxsiyyət vəsiqəsinin FİN kodu, daha sonra yığıldığı iddia olunan ƏDV məbləğini geri alınacaq kartın nömrəsini istəyir. Buna inanıb şəxsi məlumatlarını yazan şəxslər öz əlləri ilə kartlarını və şəxsiyyət vəsiqələrini dələduzlara həvalə edirlər. Düzdür, savadı və məlumatı olmayan şəxsin qarşısına çıxsa bu reklam “niyədə olmasın” deyib öz sənədlərini bu şəkildə dələduza ötürə bilər. Amma az da olsa ağlı başında olan şəxs anlayır ki, “pulsuz pendir siçan tələsində olur”.

Maraqlıdır ki, dələduzlar öz planlarını həyata keçirə bilmək üçün reklama da böyük məbləğ xərcləyirlər. Yəqin atalar sözündə deyildiyi kimi “qaz gələn yerdən niyə toyuq əsirgəyim?” fikrinə əməl edirlər. Mən həmin reklamın altına “İnsanları aldatmayın” yazdıqdan sonra məni əngəllədilər. Əgər sizin də sosial şəbəkələrdə qarşınıza şirnikləşdirici reklamlar çıxırsa öz sənəd məlumatlarınızı təqdim etməmişdən əvvəl araşdırın. Araşdırın ki, Azərbayccan atalar sözündə deyildiyi kimi “nə şiş yansın, nə kabab”…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir