aliment

Qadınları və məhkəmələri bezdirən aliment problemi

Baxış sayı: 402

Ölkədə aliment problemi kifayət qədər ciddidir. Müşahidələr göstərir ki, bu problem qadınlarla yanaşı, artıq məhkəmələri də bezdirirb.

Cari ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.

Rəqəmlərdən də göründüyü kimi, məsələ artıq çox ciddidir və bu yöndə təcili addımlar atılmalıdır.

Uzun zamandır məsələnin həlli üçün Aliment Fondu yaradılması təklif də havada qalır.

Xatırladaq ki, Aliment Fondunun mahiyyəti bundan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür, bu dövləti tələb kimi həyata keçirilir.

Dünya praktikasında isə bir sıra ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bunun üçün bir çox ölkələrdə Aliment Fondu yaradılıb.

Məsələn, Latviyada Uşaqların təminatı ilə bağlı vəsaitlərə dair Zəmanət Fondu, Böyük Britaniyada Uşaqların təminatı ilə bağlı Agentlik, İsraildə Milli Sığorta Xidməti, İspaniya və Bəhreyndə Alimentlərin tutulması üzrə Zəmanət Fondu, Polşada Dövlət Aliment Fondu, Niderlandda Aliment üzrə Federal Büro, İsveçdə Dövlət Sığorta Agentliyi, ABŞ-da Aliment orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri, Kanadada Aliment orderlərinin icra Agentliyi, Avstraliyada Uşaqlara Dəstək Agentliyi fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə fondlar müxtəlif səlahiyyətlərə malikdir və geniş funksiyalar icra edir.

Böyük Britaniya və İsraildə fondun əsas məqsədi aliment ödəməkdən yayınan şəxslərin axtarışı və ödənişlərin tutulmasıdır. Bir sıra ölkələrdə (Litva, Latviya, İspaniya, Bəhreyn, Polşa, Fransa) valideynlərdən hər hansı biri öz öhdəliklərini icra etməkdən imtina edərsə, həmin fond bu öhdəliyin icrasını öz üzərinə götürür.

Postsovet ölkələrindən Estoniyada 2017-ci ildən “Ailəvi kompensasiyalar” haqqında qanun qüvvəyə minib və Aliment Fondu da bu qanunun tələbləri əsasında fəaliyyətə başlayıb. Qazaxıstanda bu təşəbbüs reallaşmasa da, geniş müzakirə edilir.

Onu da qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Belə ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Lakin ölkədə aliment ödəməkdən yayınanların sayı durmadan artır.

Bəs çıxış yolu nədir? Nə etmək lazımdır ki, problem çözülsün?

Beş yaşlı uşaqdan kədərli cavab: <font color=red> “Atamı dəyişmək istəyirəm”</font> - Ayna.az

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva mövzu ilə bağlı aşağıdakıları dedi: “Bəli, aliment məsələsi ilə bağlı ölkəmizdə ciddi problemlər var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da Milli Məclisdəki çıxışında bildirmişdi ki, Aliment Fondu yaradılmalıdır və bu məsələni gecikdirmək  olmaz, çünki daha çox ailələrdəki uşaqlar bundan əziyyət çəkir. Fondun yaradılmaması, bu məsələnin  uzadılması ona gətirib çıxarır ki, məsuliyyətə cəlb olunmalar olsa belə, heç bir nəticə yoxdur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, əksər boşanmış valideynlər işləmir və yaxud maaşlarını gizlədirlər  və yaxud da ikinci dəfə ailə qururlar və bəhanə gətirirlər ki, heç ikinci ailələrini dolandıra bilmirlər və sairə.

Hesab edirəm ki, biz ilk növbədə boşanmaların sayının azalması istiqamətində tədbirlər görməliyik. Gün ərzində təşkilatımıza təxminən 5-6 nəfər  boşanma ilə bağlı müraciətlər edirlər. Səbəbləri araşdıranda görürük ki, burada əsas amillər erkən nikah, məişət zorakılığı, ailədə iqtisadi-sosial problemlərdir. Xüsusən də təhsilsiz, işsiz olan qadınlar aliment problemindən çox əziyyət çəkir. Doğrudur, bu cür qadınlar bizim təşkilata müraciət edəndə biz onları hansısa işlərə və yaxud kurslara cəlb edir, dəstək olmağa çalışırıq, amma bu, onların maddi vəziyyətlərinə o qədər də təsir göstərmir. Ona görə də onlar alimentə ümid bəsləyirlər. Alimenti isə vaxtında ala bilməyəndə və yaxud qarşı tərəf, ümumiyyətlə, aliment verməkdən yayındıqda ortada çox ağır vəziyyət yaranır. Buna görə də Aliment Fondu yaradılmalıdır ki, qadınlar, uşaqlar pis vəziyyətdə qalmasın.

Bəzən kişilər də bizim təşkilatımıza müraciət edirlər. Soruşurlar ki, “necə edim ki, aliment verməyim?” Buradan da aydın olur ki, dar düşüncəli insanlar çoxdur. Həmin şəxslər elə düşünürlər ki, alimenti qadın üçün ödəyirlər, amma bu pul onların övladları, onların yaşayışı, gündəlik tələbatlarının ödənilməsi üçündür. Yəni ailə, övlad məsuliyyəti  hiss etməyən ata əlbəttə ki, aliment ödəmək məsuliyyətindən qaçmağa çalışacaq. Ona görə də tez bir zamanda Aliment Fondu yaradılmalıdır ki, həmin kişilər özlərində məsuliyyət, cavabdehlik hiss etsinlər, məcburi şəkildə bu fonda ödənişlər etsinlər.

Bir sözlə, hesab edirəm ki, ölkədəki aliment problemindən çıxış yolu Aliment Fondunun yaradılmasıdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir