yuxu

Kişilər, bu istək sizi öldürə bilər! – “MOLLAYA GETMƏYİN”

Baxış sayı: 2. 167

Son illər kişilər arasında cinsi gücü artıran dərmanlara tələbat artıb. Bunun bir səbəbi də bu dərmanların televiziya vasitəsilə reklam olunmasıdır. Belə reklamlar kişilərin müvafiq dərmanları həkim təyinatı olmadan, reseptsiz, rahat şəkildə almasına səbəb olur. Bəs reklam olunan bu preparatların həkim təyinatı olmadan istifadəsi düzgündürmü?

Mövzu ilə bağlı Aile.lent.az-a danışan androloq-seksopatoloq Orxan Ağabəyov bu tip dərmanların həkim təyinatı olmadan istifadəsini doğru saymır: “Arterial təzyiq problemi olan, ya da hər hansı bir ürək xəstəliyi keçirən adamlarda bu dərmanların fonunda müəyyən problemlər yarana bilər, hətta ölüm riski də var. Digər tərəfdən, bu dərmanlar hamısı eyni cür qiymətləndirilir, yəni standart bir dərman hesab edilir. Əslində isə bu dərmanlar bir neçə qrupa bölünür. Təsir müddəti, effekti də fərqlidir.

Bu tip dərmanların istifadəsindən əvvəl hər bir situasiyaya uyğun fərqli molekullar təyin olunur. Həkim kişidə qabiliyyətin səviyyəsini yoxlayaraq ona uyğun preparat seçir. Adi insan isə bunu edə bilmir və məlumatsız şəkildə aptekə müraciət etdiyində əczaçı öz  maraqlarını üstün tutaraq, bahalı dərmanı məsləhət görür. Nəticədə insan istədiyi effekti əldə etmir”.

İlkin istifadədə gücü artırıb, sonradan zəiflətmə ehtimalı varmı?

O. Ağabəyov bu tip dərmanların asılılıq yaratdığını vurğulayıb: “Gələn dəfə ehtiyac duymasa belə, bu dərmanı istifadə etmək istəyən kişi yalnız onun sayəsində özünü daha əmin hiss edir. Bu isə orqanik yox, psixoloji asılılıqdır”.

Hər dəfə istifadəsi düzgün sayılırmı?

Həkimin sözlərinə görə, cinsi gücü artıran dərmanların mütəmadi istifadəsi vəziyyətdən asılıdır: “Müəyyən cinsi problemlər var ki, belə preparatlar uzun müddətli təyin oluna bilər. Amma elə hallar da var ki, bu dərmanlara ehtiyac yoxdur. Daha sadə, bitki tərkibli dərmanlarla problemi həll etmək olar. Ancaq insanlar birbaşa aptekə gedir, ya da yaxınlarının tövsiyəsi ilə hansısa dərmanı kortəbii alır, nəticədə vəziyyət daha da kəskinləşir”.

Kişilər niyə seksopatoloqa az müraciət edir?

Seksopatoloq deyir ki, kişilərin reklamda gördükləri dərmanı təyinat olmadan, kortəbii şəkildə almaqdansa mütəxəssisə müraciət etməsi sağlamlıqları üçün daha faydalı olar: “Amma nədənsə kişilər seksopatoloqa az müraciət edirlər, cinsi problemlərini deməyə utanırlar. Bu, sırf mentalitetlə bağlı bir problemdir. İnsanlar arasında cinsi zəifliyi bir xəstəlik kimi qiymətləndirən mədəniyyət formalaşmayıb hələ. Bu, daha çox fantastik proses kimi səbəbi bilinməyən cadu, ya da bu kimi cahil proseslərlə dəyərləndirilir. Bunların həlli üçün də həkimə deyil, daha çox mollalara, falçılara müraciət edilir”.

Cinsi gücü artırmaq üçün nələr yeyilməli?

Sonda Orxan Ağabəyov cinsi gücü artıran qidalarla bağlı kişilərə məsləhət verib. O, un məmulatlarının, çərəzlərin (badam, qoz, fındıq), quru meyvələrdən bol istifadəni tövsiyə edib: “Aktivliyi daha çox artıran qida baldır. Balı qida rasionundan əskik etməyin. Təbii meyvə şirələri, xüsusən nar şirəsi kişilərə bu problemin həllində kömək edə bilər”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir