Uşaq bağçalarında biabırçılıq

Baxış sayı: 1. 723

Hesablama Palatası tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsində aparılmış audit tədbirləri nəticəsində 3 yaşdan 4 yaşadək uşaqların (orta qrup) qida təminatı ilə bağlı uyğunsuzluq üzə çıxıb.

Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə əsasən məktəbəqədər təhsil müəssisəsində uşaqların yaşı nəzərə alınmaqla qruplar 1-2 yaşlı uşaqlar üçün körpələr qrupundan, 2-3 yaşlı uşaqlar üçün körpələr qrupundan, 3-4 yaşlı uşaqlar üçün orta qrupdan, 4-5 yaşlı uşaqlar üçün böyük qrupdan və 5-6 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupundan ibarət olmaqla təşkil edilir. Lakin Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları”na

(1 uşağa sutka ərzində qramla) (2 saylı əlavə) əsasən uşaqlar üçün qida normaları yaşlar üzrə 4-6 yaş, “Körpələr evində, bağça-körpələr evində və uşaq evlərində uşaqlar üçün qida normaları”na

(1 uşağa sutka ərzində qramla) (3 saylı əlavə) əsasən isə 1 yaşadək, 1-1,5 yaş, 1,6-3 yaş müəyyən edilmiş, 3 yaşdan 4 yaşadək (orta qrup) uşaqlar üçün qida normaları tənzimlənməyib.

Hesablama Palatası tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsində aparılmış audit tədbirləri nəticəsində müəyyən edilib ki, məktəbəqədər təhsil müəssisələrində 3 yaşdan 4 yaşadək uşaqların (orta qrup) qida təminatı 4 yaşdan 6 yaşadək (böyük qrup) uşaqlar üçün qida normalarına uyğun həyata keçirilir. Bu da həmin yaş qrupunda olan uşaqların fizioloji tələblərinə uyğun qida rasionunun düzgün müəyyənləşdirilməməsi ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrində bəzi ərzaq məhsulları üzrə normadan artıq ərzaq məhsullarının silgisinə və bu məqsədlərə əlavə dövlət vəsaitlərinin ayrılmasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında 3 yaşdan 4 yaşadək (orta qrup) uşaqların fizioloji tələblərinə uyğun rasional qidalanmasını təmin etmək məqsədilə qida normalarının işlənib hazırlanmasını və Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” qərarına müvafiq əlavənin edilməsini məqsədəuyğun hesab edib.