Son vaxtlar qızıl-zinət əşyalarının da kirayə verilməsi kimi hallarla rastlaşırıq. Təsadüfi deyil ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.
Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirir ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.
Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.
Kirayələr 1 günlük verilir və daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirir ki, son vaxtlar belə halların yaşanması təəssüfedici haldır:
“Təkcə qızıl deyil, hətta digər əşyalar da icarə əsasında götürülüb istifadə olunur. Bunun səbəbi çox ağır psixoloji xəstəlikdir. Yəni özünü başqalarına göstərmək, başqalarından üstün görmək texnikasıdır. İnsanlar sadə, təvazökar olmaq istəmir və başqalarına öz cah-cəlalını, əmlakını, qızılını var olduğundan dəfələrlə daha çox göstərmək istəyir. Bu paltarda, telefonda, avtomobildə və ev əşyalarında da belədir. Normal ölkələrin heç birində belə adət-ənənə yoxdur. Bunu hər hansı bir ölkədən də götürmürlər. Çünki heç bir ölkədə belə biabırçı vəziyyət yoxdur. Bunun nə mənəvi, nə də ki, sosial əsası var. Sadəcə olaraq görməmişlik sindromudur. Birincisi, ailə maddi dəyərlər üzərində qurulmur. Qızılın, pulun və əmlakın heç bir mənası yoxdur. Ailə qurmaq yalnız mənəvi dəyərlər üzərində olmalıdır. Maddi dəyərlər üzərində biznes, şirkət və təsərrüfat qura bilərsən, ailə yox”.
Ekspert qeyd edib ki, həqiqətən ailə qurmaq istəyənlər yalnız mənəvi dəyərləri əsas götürməlidirlər:
“Bahalı gəlinlik, gəlin maşını, toy aksesuarları, xonçalar və qızıllar sadəcə göstərişdir. Yəni insan cəmiyyətinin inkişaf prosesində bunlar unudularaq arxaya atılıb. İndi sağlam cəmiyyətlərdə sadə, təvazökar həyat tərzinə keçirilib və praktiki əşyalar alınır. İnsanın həyatında istifadə olunan, onun sağlamlığını, rahatlığını təmin etməsi üçün lazım olan əşyalar və materiallar alınır. Qızıldan paltar geyinmiş eşşək məsələsi kimi heç bir geyim, aksessuar insanı olduğundan yüksək göstərə bilməz. Mənəvi olaraq başqalarına göstərmək, nümayiş etdirmək, dəbdən geri qalmamaq anormal psixoloji problemlərdir. Sağlam insan belə hallara yol verməz. Çox təəssüf ki, bizdə bu təbliğ və reklam olunur. Dünyanın məşhur alimlərində, məşhur şəxsiyyətlərində, cah-cəlallı geyimlər, və bahalı qızıllar görülməyib. Yəni insan inkişaf elədikcə, bu şeylər arxada qalır. Amma bizdə belə məqamlar artır. Bu isə o deməkdir ki, biz cəmiyyət olaraq hələ inkişaf etməmişik. Normal və, sağlam insanlar sadə yaşamalıdır. Bu məsələdə medianın da üzərinə böyük yük düşür. Əsasən cah-cəlal, televiziya və mediada göstərilir. Hər biri gənclərin, insanların şüuruna bu adətləri, sistemləri otuzdurur ki, belə olmalıdır. İntellektuallar, ziyalılar mediaya çıxıb normal, sadə, təvazökar həyat təbliğ etmirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə təbliğat ancaq maddi məsələlər, əyləncə və əşyalarla öyünməkdən gedir. Biz cəmiyyət olaraq mənəvi deqradasiyanın nümunəsiyik”.
Fidan Həmişəyeva