Aysel Ismayilova

Kəkələmə Korreksiyasında İnteraktiv Metronom Terapiyası

Baxış sayı: 374

Kəkələmə, nitq aparatının (danışıq üzvlərinin) əzələlərinin qeyri-iradi olaraq gərilməsi nəticəsində danışıq zamanı səslərin və hecaların təkrarlanması, uzadılması və ya nitqdə bloklanmaların meydana gəlməsi ilə müşahidə olunan bir nitq pozuntusudur. Bu pozuntu, əsasən 2 ilə 7 yaş arasındakı uşaqlarda baş verir, lakin bəzən böyüklərdə də baş verə bilər. Bunun səbəbi, bəzən beyin travmaları və ya psixoloji stressdən sonra ortaya çıxa bilən bir haldır. Kəkələmənin əsas əlaməti nitqə başlamaq istəyərkən, qeyri-iradi əzələ gərilməsinin yaranmasıdır. Bu, nitq aparatının əzələlərindəki qıcolmalar şəklində özünü büruzə verir.

Kəkələmənin yaranma səbəbləri müxtəlif ola bilər. Bu səbəblərdən asılı olaraq kəkələmə funksional və üzvi olmaqla iki əsas qrupa ayrılır. Funksional kəkələmə, əsasən psixoloji şərtlərlə əlaqələndirilir və loqonevroz olaraq da bilinən bir haldır. Üzvi kəkələmə isə nevroloji problemlərlə əlaqədardır və bəzən digər nitq pozuntularının (məsələn, dizartriya, motor alaliya və s.) nəticəsi kimi meydana çıxır. Üzvi kəkələmənin müalicəsi 80%-ə qədər effektiv olsa da, funksional kəkələmə tamamilə aradan qaldırıla bilər.

 

İnteraktiv Metronom Terapiyası nədir?

İnteraktiv Metronom Terapiyası (İMT) nitq proseslərini təkmilləşdirmək məqsədilə istifadə edilən bir müalicə üsuludur. Bu metod, danışıq zamanı yavaşlamağı və nitqin motor planlamasını yaxşılaşdırmağı hədəfləyir. Bu prosesdə xüsusi olaraq bədənin və beyinin hərəkət və ritmə uyğunlaşmasını təmin edən bir texnika tətbiq olunur. Metronom terapiyasının əsas məqsədi nitqin axıcılığını, düzgün artikulyasiyanı və ritminin düzgünliyini təmin etməkdir.

 2

İMT aşağıdakı hallarda tətbiq edilə bilər:

Kəkələmə

Nitqin tempinin yavaşlaması (bradilaliya)

Nitqin sürətlənməsi (taxilaliya)

Nitq apraksiyası (nitq hərəkətlərini yerinə yetirmə çətinliyi)

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu

Sensor inteqrasiya pozuntuları (duyusal problemlər)

Autizm spektr pozuntusu

Travmatik beyin zədələnmələri (afaziya)

Eşitmə problemləri

Bu terapiya proqramı, diqqət, koordinasiya, planlaşdırma və tənzimləmə kimi beyin fəaliyyətlərini yaxşılaşdırır. Həmçinin, nitq funksiyalarını inkişaf etdirmək və təkmilləşdirmək üçün istifadə edilir.

 

İnteraktiv Metronom Terapiyasının müalicə prosesində tətbiqi

İnteraktiv Metronom Terapiyasının tətbiq müddəti bir çox faktordan asılıdır. Bu faktorlara kəkələmənin şiddəti, pasiyentin fərdi xüsusiyyətləri və valideynlərin mütəxəssislə əməkdaşlığı daxildir. Ümumiyyətlə, bu müalicənin müddəti bir aydan üç aya qədər davam edir. İlk həftələrdən etibarən müsbət dəyişikliklər müşahidə oluna bilər. Pasiyentlərdə nitq ritmi və tempi normallaşır, kəkələmə isə tamamilə aradan qalxır.

 

Kəkələmənin korreksiyasına təsiri

İnteraktiv Metronom Terapiyasının ən böyük üstünlüklərindən biri, hər yaş qrupunda tətbiq edilə bilməsidir. Xüsusilə, uşaqlarda çox sürətli nəticələr əldə etmək mümkündür. Ağır kəkələmə problemi yaşayan pasiyentlərdə belə düzgün tətbiq ilə bir seansda müsbət nəticələr əldə etmək mümkündür. Bu terapiya üsulu, yeni və innovativ yanaşmalarla zəngindir, və hər bir tətbiq şəklində xüsusi nəticələr verir.

 

Kəkələmənin yaranma səbəbləri və interaktiv metronom terapiyasının əhəmiyyəti

Kəkələmənin yaranmasında başlıca səbəb, beyindəki sinir proseslərinin qarşılıqlı əlaqəsinin pozulmasıdır. Beyin qabığında və qabıqaltı sahələrindəki disfunksiya, nitq ritminin düzgün qurulmamasına səbəb olur. İnteraktiv Metronom Terapiyası, bu sahələr arasındakı əlaqəni bərpa etməklə, nitqin axıcılığını və ritmini normallaşdırır.

 1

Bu terapiyanı kim tətbiq edir?

İnteraktiv Metronom Terapiyasını, mütəxəssis həkimlər, psixoloqlar və loqopedlər tətbiq edə bilərlər. Lakin, mütəxəssisin seçimi çox önəmlidir. Həmçinin, seçdiyiniz mütəxəssisin ixtisası və peşəkar təhsili çox vacibdir. Buna görə də, mütəxəssis seçərkən diqqətli olmalı və müvafiq ali təhsil diplomasına sahib olmasına diqqət yetirməlisiniz.

Onu da deyim ki, komputer əsaslı bu terapiya ilk dəfə “Nömrə 1 Psixologiya mərkəzi”ndə məhz mənim tərəfindən ölkəmizə gətirilmiş və tətbiq edilmişdir. Hal-hazırda da mərkəzimizdə uğurla tətbiq olunmaqdadır. Proqramın müəlliflik hüququ isə rəsmi olaraq dövlət qurumları tərəfindən qorunur.

 

Aysel İsmayılova

Defektoloq-loqoped

1

2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir