Gələcəyimiz olan uşaqların hüquqlarını qorumaq hər birimizin borcu olsa da, çox təəssüf ki, bəzən başqa mənzərə ilə rastlaşırıq. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılsa da, hələ də ölkədə uşaqlara qarşı zorakılıq faktlarına rast gəlinir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da bu gün həm ailə münaqişəsi, həm də yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarına rast gəlindiyini təsdiqləyir.
Komitə səlahiyyətlisinin Aile.lent.az-a verdiyi məlumata görə, ailə münaqişəsi zəminində yetkinlik yaşına çatmayanlarla bağlı 2014-2015-ci ildə bir zorakılıq faktı qeydə alınıb. Ümumiyyətlə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədilməsi faktı üzrə 2014-cü il üçün 198, 2015-ci ilin birinci rübü üzrə 37 hadisəsi baş verib.
E. Səfərovun sözlərinə görə, qəsdən sağlamlığa zərərə yetirmə və ağır zərər yetirmə ilə bağlı yetkinlik yaşına çatmayanlara qarşı 68 fakt qeydə alınıb. 2014-cü il üzrə isə yetkinlik yaşına çatmayanlara qarşı 5 zorlama faktı baş verib. 2015-ci ildə isə belə bir hadisə baş verməyib. E. Səfərov bəzən yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hadisələrinin statistikasının tam reallığı əks etdirmədiyini də söyləyib. Onun dediyinə görə, statistikada ancaq açılmış cinayət işləri öz əksini tapır. E. Səfərov son illər uşaqlara qarşı zorakılıq hadisələrinin qarşısını almaq üçün proqramlar həyata keçirildiyini, bu istiqamətdə işlər görüldüyünü söyləyib.
Ekspertlər isə son vaxtlar yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının artdığını söyləyirlər. “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşımova deyir ki, yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hadisələrinə fiziki zorakılıqla yanaşı cinsi zorakılıq halları da daxildir: “Son vaxtlar yetkinlik yaşına çatmayanlara qarşı nəinki fiziki, cinsi zorakılıq halları da artıb. Bu cür hadisələri tez-tez eşidir, şahidi oluruq. QHT-lər, dövlət qurumları buna qarşı tədbirlər görsələr də, hələ ki, bu problemin qarşısını almaq mümkün deyil. Çünki layihələr davamlı aparılmır”.
K.Aşımova reabilitasiya mərkəzlərində fiziki və cinsi zorakılığa məruz qalanlara psixoloji yardım göstərilməsinin vacib olduğunu, cəmiyyətə sağlam vətəndaş vermək üçün zorakılıq qurbanlarının psixoloji dəstək almasının vacib olduğunu deyir.
Psixoloq Elnur Rüstəmov isə bildirir ki, uşaqlar özünü qorumaq hüququndan məhrum olduğundan ailə, dövlət onların hüquqlarını var-gücü ilə qorumağa çalışmalıdır: “Çox təəssüf ki, istər ailədaxili, istər də ətraf mühitdə zorakılığa məruz qalan uşaqlarda gələcəkdə bunun acı nəticəsi özünü göstərir. Uşaq ailədə zorakılığa məruz qalırsa, bu, onda travma olaraq qalır, müəyyən müddətdən sonra özünü hansısa bir formada büruzə verir. Hətta ana bətnində zorakılığa məruz qalan uşaqda da psixoloji pozğunluq olur. Eyni zamanda fiziki baxımdan həmin uşaqlarda qüsurlar meydana çıxır. Ona görə də, uşaq olan ailədə zorakılığa birmənalı şəkildə “yox” deyilməlidir. Ailədə münaqişə zamanı uşağın olduğunu valideynlər dərk etməlidirlər. Çünki uşaqlar bu cür məsələlərə qarşı həssas olurlar”.