Sebine Sadiqova

Emosional yanma sindromu: Müasir cəmiyyətin görünməz təhlükəsi

Baxış sayı: 744

Müasir dövrdə iş həyatının artan tempi, sosial gözləntilərin yüksəlməsi və insan münasibətlərinin mürəkkəbləşməsi bir çox psixoloji problemlərin geniş yayılmasına səbəb olur. Bu problemlərin içində ən çox diqqət çəkənlərdən biri Emosional Yanma Sindromu (burn out) hesab olunur. Elmi tədqiqatlara görə, emosional yanma təkcə yorğunluq deyil, uzunmüddətli psixoloji və fiziki gərginliyin yaratdığı kompleks bir vəziyyətdir.

 

Emosional yanma sindromu nədir?

Emosional yanma sindromu — uzun müddət davam edən stress, məsuliyyət və emosional yük səbəbindən insanın emosional, fiziki və zehni resurslarının tükənməsi ilə xarakterizə olunan psixoloji vəziyyətdir.

Bu sindrom üç əsas komponentdən ibarətdir:

1) Emosional tükənmə insan özünü boşalmış, yorulmuş, gücdən düşmüş hiss edir.

2) Şəxsiyyətsizləşmə insan işinə, ətrafdakılara və hətta yaxınlarına qarşı laqeyd və ya soyuq münasibət göstərməyə başlayır.

3) Fərdi nailiyyət hissinin azalması özünü bacarıqsız görmə, uğursuzluq düşüncələri və motivasiya itkisi yaranır.

Dünya Səhiyyə Təşkilatı (DST) artıq emosional yanmanı işlə əlaqəli sindrom olaraq rəsmi şəkildə tanıyır.

 

Emosional yanma sindromu kimlərdə ən çox rast gəlinir?

Emosional yanma hər kəsdə inkişaf edə bilər, lakin tədqiqatlar onu ən çox aşağıdakı qruplarda müşahidə edir:

1) İnsanlarla birbaşa işləyən peşələr

Psixoloqlar, müəllimlər, həkimlər, tibb bacıları, sosial işçilər – insan problemləri ilə daimi təmasdan yorularaq yüksək risk qrupunda yer alırlar.

Bu peşələrdə empatiya səviyyəsi yüksək olduğu üçün emosional yüklənmə daha tez baş verir.

2) Rəhbər və idarəedici şəxslər

İdarəetmə pozuntuları, çoxsaylı öhdəliklər və daimi qərarvermə ehtiyacı emosional tükənməyə gətirib çıxarır.

3) Xidmət sahəsində çalışanlar

Satış, müştəri xidməti, polis, xilasetmə işçiləri kimi peşələrdə yüksək məsuliyyət və gərginlik müşahidə olunur.

4) Evdar qadınlar və çoxlu məsuliyyəti eyni anda daşıyan valideynlər

Daimi qayğı, vaxt çatışmazlığı və sosial dəstəyin azlığı emosional yanmanın gizli qrupudur.

5) Perfeksionist və həssas şəxslər

Həddən artıq gözlənti, “hər şey mükəmməl olmalıdır” düşüncəsi yanma riskini artırır.

 

Emosional yanma sindromunun əlamətləri hansılardır?

1) Xroniki yorğunluq

2) İşə və insanlara qarşı motivasiya itkisi

3) Agresiya, əsəbilik, səbəbsiz qıcıqlanma

4) Yuxu problemləri

5) Diqqət və hafizə zəifliyi

6) Baş ağrıları, ürəkbulanma, təzyiq dəyişkənlikləri

7) Gələcək haqqında ümidsizlik hissi

Bu əlamətlərin erkən tanınması həm şəxs, həm də cəmiyyət üçün vacibdir.

 

Emosional yanma sindromu niyə artır?  Müasir dövrün faktorları

1) Sosial şəbəkələrdə daim “ideal həyat” təzyiqi

2) İş yükünün artması və uzun iş saatları

3) Emosional dəstəyin azalması

4) Qeyri-stabil iqtisadi durum

5) Peşəkar rol və şəxsi həyat balansının pozulması

 

Emosional yanma sindromunun qarşısının alınması yolları

1) İş–həyat balansını qorumaq

2) Gün ərzində kiçik fasilələr vermək

3) Emosional sərhədlər qoymaq (yox deməyi bacarmaq)

4) İdman, nəfəs məşqləri və meditasiya

5) Özünə vaxt ayırmaq — hobbilər, sosial dəstək

6) Lazım olduqda psixoloq və ya psixoterapevtlə görüşmək.

 

Səbinə Sadıqova

20 nömrəli məktəb-liseyin psixoloqu




5 şərh “Emosional yanma sindromu: Müasir cəmiyyətin görünməz təhlükəsi

  1. Gülçöhrə Məmmədova

    Əhsən belə savadlı mütəxəssislərin ölkəmizdə olmağı insanı qürurlandırır

    Cavabla
  2. Zəhra Əliyeva

    Həqiqətən, müasir dövrün gətirdiyi sosial və iş gözləntiləri çox yorucu ola bilir. Bəzən evdə, işdə və sosial həyatdakı rollar arasında balans tapmaq çətin olur. Hər şey mükəmməl olmalıdır düşüncəsi insanı həqiqətən çox yorar. Mən özüm də bəzi əlamətləri yaşadığımı hiss edirəm, amma yazınız sayəsində bunu qəbul etmək daha asan oldu. Dəstək almanın vacibliyini heç vaxt dəyərləndirməmişəm, amma bundan sonra sosial dəstək almanın vacibliyini unutmamağa çalışacağam.

    Cavabla
  3. Ayşə Məmmədova

    Bu yazı məni çox düşündürdü. Müasir iş həyatında həqiqətən çox stresli vəziyyətlərə düşürük və bəzən bu tip problemləri dərhal anlamırıq. Mən də psixoloq və müəlliməm, bəzən işdəki yük və tələbələrimlə əlaqələrimdən yoruluram, amma bunun “yanma” olduğunu yeni başa düşdüm. Fərdi nailiyyət hissimin azalması və hətta yaxınlarımın yanında belə sanki boşalmış hiss etmək çox tanışdır. Təklif etdiyiniz yolları diqqətlə tətbiq etməyə başlayacağam. Təşəkkürlər!

    Cavabla
  4. Sabir Quliyev

    Emosional yanma haqda heç düşünməmişdim, amma məqaləni oxuyandan sonra əlamətlərini özüm də hiss etməyə başladım.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir