977929373c427f4acb14de87dac9b9b9

“Azərbaycanda kişi sığınacağının yaradılmasının əleyhinəyəm”

Baxış sayı: 465

Məlum olduğu kimi, 2025-ci ilin 11 ayı ərzində məişət zorakılığı ilə bağlı 512 müraciət qeydə alınıb. Onlardan 493-ü qadın, 466-ı uşaq, 74-ü kişidir.

Ötən il məişət zorakılığı ilə bağlı müraciət edən kişilərin sayı 42 nəfər idi. Göründüyü kimi, kişilərə qarşı da məişət zorakılığı artmağa başlayıb.

Bəs Azərbaycanda kişi sığınacağı niyə yoxdur? Ümumiyyətlə, belə bir sığınacağa ehtiyac varmı?

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələrdə kişi sığınacaqları artıq uzun illərdir fəaliyyət göstərir. İsveçrə, ABŞ, Almaniya, Kanada, Niderland kimi ölkələrdə müxtəlif səbəblərdən – ailədaxili zorakılıq, sosial fəlakətlər, psixoloji təzyiqlər, cinsi oriyentasiyasına görə diskriminasiya və təqiblər nəticəsində çətin vəziyyətə düşən kişilər bu sığınacaqlara müraciət edərək müvəqqəti də olsa təhlükəsiz mühitdə qala bilirlər.

Türkiyədə də zorakılıqla üzləşmiş kişilər üçün xüsusi sığınacaqların mövcudluğu diqqət çəkir. Qardaş ölkədə kişilər üçün sığınma evlərinin ən məşhurlarından biri Konya şəhərində yerləşir. Ora müraciət edənlərin əksəriyyəti həyat yoldaşı və hətta övladları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən yaradılan bu sığınacaq “zərərçəkənin cinsi olmaz” şüarını əsas prinsip kimi qəbul edib. Sığınacaqda eyni vaxtda 40-50 kişi yerləşdirilə bilir, il ərzində isə ən azı 400-500 nəfər müxtəlif formalarda yardım almaq üçün bu mərkəzə müraciət edir. Bəziləri üçün bu məkan qısamüddətli sığınacaq olsa da, bəziləri oranın uzunmüddətli sakininə çevrilir.

Azərbaycanda isə kişi sığınacağı anlayışı faktiki olaraq mövcud deyil. Bunun əsas səbəbi yenə də mental dəyərlərlə bağlıdır. Cəmiyyətimizdə kişi dedikdə ilk növbədə güclü, ailəni qoruyan, hər çətinliyə dözən bir fiqur canlanır. Bu stereotiplər fonunda kişinin zorakılığa məruz qalması və sığınacağa ehtiyac duyması qəbul edilmir, hətta istehza ilə qarşılanır.

Məhz bu səbəbdən də çoxları hesab edir ki, Azərbaycanda belə bir sığınacaq yaradılsa belə, kişilərin ora müraciət etməsi real görünmür.

Lakin ekspertlər bildirirlər ki, problemin mövcudluğunu inkar etmək onun aradan qalxması demək deyil. Əksinə, kişi sığınacaqlarının yaradılması cəmiyyətdə zorakılığın bütün formalarına qarşı mübarizədə mühüm addım ola bilər və “zorakılığın cinsi yoxdur” anlayışının formalaşmasına xidmət edər.

UZEYİR.jpg (61 KB)

Mövzu ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev aşağıdakıları dedi:

“Azərbaycanda məişət zorakılığına məruz qalmış kişilər üçün ayrıca sığınacağın yaradılmasının qəti əleyhinəyəm. Hesab edirəm ki, bu cür modelləri, yanaşmaları olduğu kimi başqa ölkələrdən götürüb ölkəmizə daşımaq nə sosial, nə mənəvi, nə də mental baxımdan doğru addımdır. Hər cəmiyyətin öz tarixi, formalaşmış ailə modeli, dəyərlər sistemi və həssas nöqtələri var. Qərb ölkələrində tətbiq olunan hər mexanizmin avtomatik olaraq Azərbaycan cəmiyyəti üçün də uyğun sayılması ciddi səhvdir.

Bu gün ölkəmizdə artıq bir neçə qadın sığınacağı fəaliyyət göstərir. İlk baxışdan bu, müsbət və humanist addım kimi təqdim olunur. Lakin prosesə bir qədər dərindən baxanda tam fərqli mənzərə ortaya çıxır. Reallıq budur ki, bu cür sığınacaqların sayı artdıqca müraciətlərin sayı da paralel şəkildə artır.

Daha təhlükəlisi isə odur ki, artıq ağır, həyati təhlükə yaradan zorakılıq halları ilə yanaşı, xırda, səthi, ailədaxili münaqişələr də “zorakılıq” adı altında sığınacaq müraciətlərinə çevrilir.

Bu gün adi bir ailə mübahisəsi, emosional gərginlik, hətta bir söz incikliyi yaşayan qadın belə bəzən problemi ailə daxilində həll etməyə çalışmaq əvəzinə ilk addım olaraq sığınacağa üz tutur. Bu isə ailə institutunun zəifləməsinə, dialoq və barış mədəniyyətinin sıradan çıxmasına gətirib çıxarır. Halbuki ailə dediyimiz anlayış yalnız rahatlıq və harmoniya üzərində qurulmur. Münaqişə, fikir ayrılığı, emosional toqquşma həyatın və ailənin təbii hissəsidir.

Ümumiyyətlə, münaqişəsiz cəmiyyət anlayışı utopiyadır. Nə dünyada, nə də Azərbaycanda belə bir cəmiyyət mövcud olub, nə də olacaq. Ata ilə övlad arasında fikir ayrılığı yarananda, ana ilə övlad arasında konflikt baş verəndə, ailə üzvləri bir-birini başa düşməyəndə dərhal sığınacağa müraciət etməkmi lazımdır? Bu yanaşma bizi hara aparır? Eyni məntiqlə yanaşsaq, valideyn ahıl yaşa çatanda, onunla yaşamaq çətinləşəndə, fikir ayrılıqları artanda onu dərhal qocalar evinə yerləşdirmək də “normal” sayılmalıdırmı?

Məhz bu cür yanaşmalar cəmiyyət üçün təhlükəli və arzuolunmaz tendensiyanın başlanğıcını qoya bilər. Ailə daxilində məsuliyyət hissi, dözümlülük, qarşılıqlı anlayış, fədakarlıq kimi dəyərlər getdikcə arxa plana keçir, onların yerini “problemdən qaçmaq”, “asan yol seçmək” psixologiyası tutur. Sığınacaq isə son çıxış yolu olmalı olduğu halda, getdikcə ilk seçimə çevrilir.

Bu modelin daha da genişləndirilib məişət zorakılığı ilə üzləşən kişilər üçün də sığınacaq yaradılması təklif olunur. Mən bu ideyanı qətiyyən məqbul hesab etmirəm. Birincisi, bu, dövlət üçün ciddi maliyyə yükü deməkdir. Onsuz da sosial sahədə kifayət qədər xərclər, problemlər, həllini gözləyən məsələlər var. Yeni sığınacaqların yaradılması, onların saxlanılması, personalın təminatı, təhlükəsizlik, sosial xidmətlər – bütün bunlar əlavə büdcə xərcləri deməkdir.

İkincisi və daha vacibi, bu, cəmiyyət üçün tamamilə yeni və təhlükəli tendensiyanın formalaşmasına səbəb ola bilər. Ailə daxilində hər bir münaqişənin institusional mexanizmlərlə “ayrılma” üzərindən həll edilməsi ailə bağlarını daha da zəiflədəcək. Kişinin ailə daxilində rolu, məsuliyyəti və mövqeyi daha da aşınacaq.

Əlbəttə, zorakılıq qəbuledilməzdir və onun cinsi yoxdur. Lakin hər problemi sığınacaqla həll etməyə çalışmaq da çıxış yolu deyil. Əsas məqsəd ailələri parçalamaq yox, ailə daxilində sağlam ünsiyyət mexanizmlərini gücləndirmək, konfliktlərin böyüməsinin qarşısını almaq, cəmiyyətə dözümlülük və məsuliyyət mədəniyyətini aşılamaq olmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kişilər üçün ayrıca sığınacaq yaradılması nə zəruridir, nə də faydalıdır”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir