Almara Melikova

İtkiyə psixoloji dözümlülük necə formalaşır? - "PRİMera"

Baxış sayı: 1. 038

İtki insan həyatının ən ağır və qaçılmaz sınaqlarından biridir. Doğma bir adamın – valideynin, övladın, həyat yoldaşının və ya çox sevilən bir yaxın dostun itkisi – insanın daxili dünyasında dərin boşluq yaradır. Bu boşluq təkcə emosional deyil, eyni zamanda psixoloji, sosial və bəzən fiziki səviyyədə də özünü göstərir.

 

İtkiyə “hazırlaşmaq” mümkündürmü?

Bir çox insanlar düşünür ki, itkiyə hazırlaşmaq mümkün deyil. Qismən bu doğrudur. Heç bir insan sevdiyi birini itirməyə tam hazır ola bilməz. Lakin psixoloji baxımdan insanın itkini qəbul etmə və onunla yaşama bacarığını gücləndirmək mümkündür.

Hazırlıq dedikdə, ölümü gözləmək yox, həyatın faniliyini qəbul etmək, emosional dayanıqlığı artırmaq və daxili resursları tanımaq nəzərdə tutulur.

 

İtkidən əvvəl emosional şüur

Əgər yaxın insanın xəstəliyi və ya yaşlılıq səbəbilə itki ehtimalı varsa, bu mərhələdə aşağıdakı məqamlar önəmlidir:

Duyğuları boğmamaq, qorxu və kədəri inkar etməmək

Yaxın insanla açıq və səmimi münasibət qurmaq

Deyilməmiş sözləri demək, yarımçıq qalan hissləri tamamlamaga çalışmaq

Günahkarlıq hissi yaradacaq davranışlardan çəkinmək

Bu addımlar itkidən sonra yaşanan peşmanlıq və özünü günahlandırma hisslərini xeyli azaldır.

İtkidən sonra yaşanan psixoloji mərhələlər

aglamaq

Psixologiyada yas prosesi bir neçə mərhələdən ibarət hesab olunur:

İnkar – “Bu mümkün deyil” hissi

Qəzəb – taleyə, həkimlərə, bəzən özünə qarşı

Günahkarlıq – “Kaş ki, belə etməzdim” düşüncələri

Dərin kədər və depressiv hallar

Qəbul və uyğunlaşma

Bu mərhələlər hər insanda fərqli ardıcıllıqla və müddətdə yaşana bilər. Burada əsas məsələ insanın özünü başqaları ilə müqayisə etməməsidir.

 

İnsanın özünə edə biləcəyi psixoloji dəstək

Kədəri “zəiflik” kimi yox, sevginin davamı kimi qəbul etmək

Tələsik “özümə gəlməliyəm” düşüncəsindən uzaq durmaq

Dəstək almaqdan çəkinməmək – ailə, dostlar və ya psixoloq

Fiziki sağlamlığa diqqət yetirmək (yuxu, qidalanma)

Xatirələri silməyə çalışmaq yox, onlarla yeni münasibət qurmaq

Unutmaq sağalma demək deyil. Sağalma, xatirə ilə yaşaya bilməkdir.

 

Doğma bir insanın itkisi insan həyatında dərin iz buraxır. Bu iz zamanla silinməsə də, ağrısı dəyişə, yumşala və başqa bir formaya keçə bilər. Əsas olan insanın bu yolda özünə qarşı mərhəmətli olmasıdır.

Unutmayaq ki, yas tutmaq insan olmağın bir hissəsidir. Və hər kədərin içində, gec-tez, yaşamağa davam etmək üçün kiçik bir güc toxumu gizlənir.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən PRİM” Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.instagram.com/almara.melikova.aga_qizi/?igsh=MWJwOW52Y2t4bHVkeA%3D%3D instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir