Qerenfil Hesenaliyev

Müasir yeniyetmənin psixologiyası və müəllimin rolu

Baxış sayı: 737

Müasir dövrdə cəmiyyətin sürətlə dəyişməsi yeniyetmələrin psixoloji inkişafına birbaşa təsir göstərir. Qloballaşma, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və informasiya bolluğu yeniyetmələrin düşüncə tərzini, davranışlarını və dəyərlər sistemini əvvəlki nəsillərdən fərqli edir. Bu baxımdan müəllimin müasir yeniyetmənin  psixologiyasını anlaması  təlim-tərbiyə prosesinin effektivliyi üçün mühüm  əhəmiyyət kəsb edir.

Yeniyetməlik dövrü şəxsiyyətin formalaşmasında həlledici mərhələdir. Rus yazıçısı Vasili Suxomlinski bu dövrü “Vətəndaşın yenidən doğulması “dövrü adlandırır.Bu dövrdə fərd öz kimliyini axtarır, müstəqil qərarlar verməyə can atır və özünü  cəmiyyətdə təsdiqləmək  istəyir. Emosional qeyri-sabitlik,tez-tez dəyişən əhval-ruhiyyə, özünəinamın bəzən artması,bəzən isə  zəifləməsi yeniyetmə psixologiyasının əsas xüsusiyyətlərindəndir. Bu hallar çox vaxt böyüklər tərəfindən  yanlış anlaşılsa da, əslində  inkişaf prosesinin təbii mərhələsidir.

Müasir yeniyetmələrin həyatında rəqəmsal mühit xüsusi yer tutur. Sosial şəbəkələr və virtual  ünsiyyət onların sosiallaşmasına, özünüifadəsinə və dünyagörüşünə güclü təsir göstərir. Bəzən bu təsir müsbət, bəzən isə mənfi nəticələr doğura bilər. Virtual mühitdə qəbul olunmaq istəyi, bəyənilmə ehtiyacı yeniyetmələrin psixoloji vəziyyətinə təsir edərək stress, narahatlıq və özünü dəyərsiz  hiss etmə kimi problemlərə yol aça bilər.

Belə bir şəraitdə müəllimin rolu yalnız bilik ötürməklə məhdudlaşmamalıdır. Müəllim yeniyetmənin psixoloji xüsusiyyətlərini nəzərə almalı, onunla hörmətə əsaslanan münasibət qurmalıdır. Ədalətli və anlayışlı yanaşma, şagirdin fikrinə dəyər verilməsi müəllim-şagird arasında etimadın formalaşmasına kömək edir. Tənqid zamanı şəxsiyyətə deyil, konkret davranışa  yönəlmək şagirdin müsbət cəhətlərini ön plana  çəkmək   yeniyetmənin özünəinamının qorunması  baxımından mühüm əhəmiyyət daşıyır.

f49488c9-9fa0-4800-84bf-6a408a62442d

Eyni zamanda müəllim motivasiyaedici mühit yaratmalı, şagirdlərin fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə almalıdır. Yeniyetmələrin bir-biri ilə müqayisə edilməsi onların psixoloji durumuna mənfi təsir göstərə bilər. Buna görə də hər bir şagirdin şəxsi inkişafına  diqqət yetirilməsi  daha  məqsədəuyğundur. Psixoloji cəhətdən təhlükəsiz  sinif mühiti yaradıldıqda yeniyetmə özünü sərbəst ifadə edə, səhv etməkdən qorxmadan öyrənə bilər.

Nəticə etibarı ilə müasir yeniyetmənin psixologiyasını  anlamaq müəllim üçün peşəkar fəaliyyətin ayrılmaz hissəsidir. Yeniyetməyə anlayışla yanaşan, onu dinləyən  və dəstəkləyən müəllim yalnız  uğurlu təlim nəticələri əldə etmir, həm də sağlam.özünə inanan  və sosial cəhətdən yetkin şəxsiyyətin formalaşmasına töhfə verir.

 

Psixoloq Qərənfil Həsənalıyeva

Goranboy-Naftalan rayonları üzrə PTPK-nin sədri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir