Valideynlər tez-tez belə düşünür: “Uşağım sadəcə gec danışır, böyüyəndə düzələr.” Lakin nitq gecikməsi bəzən təkbaşına bir problem olmur. O, daha dərin və görünməyən çətinliklərin ilkin siqnalı ola bilər.
Nitq uşağın yalnız danışma bacarığı deyil. Nitq — ünsiyyət, düşünmə, anlama, emosiyanı ifadə etmə və sosial münasibət qurma vasitəsidir. Bu səbəbdən nitqdə gecikmə olduqda, paralel olaraq başqa sahələrdə də çətinliklər müşahidə oluna bilər.
Nitq gecikməsi nədir?
Nitq gecikməsi uşağın yaşına uyğun danışıq və dil bacarıqlarının formalaşmamasıdır. Məsələn:
2 yaşda söz ehtiyatının çox az olması
3 yaşda cümlə qura bilməmək
Sadə tapşırıqları başa düşməkdə çətinlik
Bəzi hallarda bu, müvəqqəti inkişaf fərqi ola bilər. Amma bəzən daha kompleks vəziyyətlərin göstəricisi olur.
Nitq gecikməsinin səbəbləri
Nitq gecikməsinə səbəb ola biləcək bir neçə faktor mövcuddur:
Genetik faktorlar – Ailədə danışıq və dil problemləri varsa, risk yüksək ola bilər.
Sensor itkilər – Eşitmə problemləri və ya tez-tez qulaq infeksiyaları nitqin inkişafını yavaşlada bilər.
Nevroloji və inkişaf fərqlilikləri – Məsələn, Autizm spektr pozuntuları, DEHP və digər inkişaf pozuntuları.
Ətraf mühit faktorları – Uşağın əhatəsində az danışıq, stimulun məhdud olması və ya stressli mühit də rol oynaya bilər.

Müşayiət edə bilən gizli çətinliklər
1) Diqqət və icraedici funksiya çətinlikləri
Nitq gecikməsi olan bəzi uşaqlarda diqqəti toplamaq, tapşırığı sona qədər icra etmək, qaydaya əməl etmək çətin olur. Bu hallar bəzən DEHP ilə əlaqəli ola bilər.
2) Sosial ünsiyyət problemləri
Uşaq göz kontaktından qaça, adı çağırıldıqda reaksiya verməyə, yaşıdları ilə oynamağa çətinlik çəkə bilər. Bu əlamətlər bəzi hallarda Autizm spektr pozuntuları ilə əlaqəli inkişaf xüsusiyyətlərini göstərə bilər.
3) Sensor həssaslıqlar
Bəzi uşaqlar yüksək səsə həddindən artıq reaksiya verir, müəyyən teksturalara toxunmaq istəmir və ya əksinə, həddindən artıq hərəkətli olur. Sensor inteqrasiya çətinlikləri nitq inkişafına da təsir göstərə bilər.
4) Qavrama (Anlama) problemləri
Bəzən uşaq danışmır deyə düşünülür, amma əslində əsas çətinlik danışmaq yox, deyiləni anlamaqdır. Bu isə təlim prosesində əlavə çətinliklər yarada bilər.
5) Emosional çətinliklər
Özünü ifadə edə bilməyən uşaq aqressiya, ağlama, qapanma və ya davranış problemləri göstərə bilər. Çünki o, daxili ehtiyacını sözlə ifadə edə bilmir.
6) Motor bacarıqlar və nitq inkişafı
Nitq inkişafı yalnız dil və ünsiyyət bacarıqları ilə bağlı deyil. Motor bacarıqlar — yəni uşağın bədən hərəkətləri və koordinasiyası — nitqin inkişafına təsir edə bilər. Motor bacarıqları iki əsas qrupa bölünür:
Qabaq (finomotor) bacarıqlar – əllə və barmaqlarla incə hərəkətləri yerinə yetirmək, yazı yazmaq, oyuncaqları yığmaq.
Böyük (qrossmotor) bacarıqlar – gəzmək, qaçmaq, tullanmaq, tarazlığı qorumaq.

Motor bacarıqların nitq gecikməsi ilə əlaqəsi
Oral-motor bacarıqlar: Dodaq, dil və çənə əzələlərinin koordinasiyası sözlərin düzgün tələffüzü üçün vacibdir.
Ümumi motor inkişaf: Motor bacarıqların gecikməsi uşağın sosial oyunlarda iştirakına mane olur, bu isə nitq və ünsiyyət bacarıqlarının inkişafını əngəlləyə bilər.
Koordinasiya və diqqət: Motor və kognitiv bacarıqlar bir-birinə bağlıdır. Əgər uşaq motor tapşırıqları icra etməkdə çətinlik çəkirsə, diqqət və qavrama da gecikir.
Valideynlər və motor inkişafı
Valideynlər uşağın motor bacarıqlarını inkişaf etdirmək üçün sadə oyunlar və məşqlər edə bilər:
Oyun hamakları və tarazlıq lövhələri ilə balans məşqləri
Top atmaq, tutmaq və dartmaq kimi koordinasiya oyunları
Düymə bağlama, muncuq yığmaq kimi finomotor məşqlər
Sadə dil və mahnılarla bədən hərəkətlərini birlikdə məşq etmək
Motor və nitq inkişafı bir-birinə bağlı olduğundan, hər iki sahədə erkən müdaxilə uşağın ümumi inkişafını dəstəkləyir.
Diaqnostika və müdaxilə
Nitq gecikməsində erkən diaqnostika həyati əhəmiyyət daşıyır. Loqoped, pediatr, psixoloq və lazım olduqda digər mütəxəssislər uşağın:
Dil bacarıqlarını
Anlama və qavrama səviyyəsini
Sosial və emosional davranışlarını
Motor və sensor funksiyalarını
qiymətləndirir. Diaqnostik proses zamanı uşağın güclü tərəfləri və dəstəyə ehtiyacı olan sahələr müəyyən edilir.

Loqopedin rolu
Loqoped yalnız “nitqi düzəldən” mütəxəssis deyil. Onlar:
Nitq və dil inkişafını qiymətləndirir
Uşağa uyğun məşqlər və oyunlar hazırlayır
Valideynləri gündəlik dəstək və ünsiyyət strategiyaları ilə təmin edir
Digər mütəxəssislərlə koordinasiyada işləyir
Erkən müdaxilə uşağın həm akademik, həm də sosial həyatına uzunmüddətli fayda verir.
Valideynlər nə etməlidir?
Uşağın inkişaf mərhələlərini izləyin
“Oğlandır, gec danışar” kimi stereotiplərə inanmayın
Şübhə olduqda mütəxssisə müraciət edin
Gündəlik ünsiyyətdə danışığı təşviq edin: sadə suallar verin, hekayələr oxuyun, oyunlarla ifadəni dəstəkləyin
Unutmayaq ki, nitq sadəcə söz demək deyil. Nitq — uşağın dünyaya açılan qapısıdır. Bu qapının vaxtında və sağlam şəkildə açılması onun gələcək akademik, sosial və emosional həyatının təməlidir.
Əminə Əlixanlı
Defektoloq-loqoped












































































































































































Çox faydalı oldu🙏🙏🙏
Çox faydalı oldu🙏🙏🙏 . Daha cox belə məqalələr dərc edilməlidir ki valideynlər marifflənsinlər
Məni çox maraqlandırdı, xüsusilə də autizm və DEHP ilə əlaqəli olan məsələlər. Düşünürəm ki, valideynlər daha çox məlumatlı olmalıdı.
Valideynlər tez-tez diqqət etmirlər, amma uşağın nitqindəki gecikmələr bəzən çox ciddi məsələləri göstərir.
Çox doğru deyirsiniz, uşağın nitqindəki çətinliklər bəzən başqa problemləri də ortaya çıxara bilər. Uşaqları erkən yaşlardan etibarən düzgün yönləndirmək çox vacibdir.