“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının qonağı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” kimi aparıcı klubların və eyni zamanda Azərbaycan milli komandasının şərəfini qorumuş serbiyalı Branimir Subaşiçdir.
– Futbolçu olmaq istəyinizə vaxtilə valideynlərinizin münasibəti necə olmuşdu?
– Atam məni həmişə izləyib. Deyərdim ki, 10 yaşımdan bəri mənimlə idi futbolda. Demək olar, bütün oyunlarımı görüb. Həmişə məni ruhlandırıb. Amma pis olanda eyni şəkildə tənqid də edib. Onun tənqidi məni ən çox incidirdi. Ana isə… ana kimi. O da həmişə yanımda olub. Sadəcə uzun ömürlü olmalarını istəyirəm.
– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Bu barədə qəti bir söz deyə bilmirəm. Mən o vaxt sadəcə futbol oynayacağımdan əmin idim. Yadımdadır, valideynlərimin çox pulu yox idi, amma mənə orjinal futbol topu almışdılar. Həmin topu qucaqlayıb yatırdım.

– Evlənməyə qərar verdiyiniz zaman gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmaqda tərəddüd etmədi ki?
– Həyat yoldaşımın biz birlikdə olmağa başlayanda 17 yaşı var idi. Mən Azərbaycana gələn ərəfədə tanış olmuşduq və bu günə qədər birlikdəyik. Üç övladımız var.
– Övladlarınızdan söz düşmüşkən, bildiyiomizə görə, oğlarınız sizin peşöəni davam etdirir. Onların gələcəkdə futbolçu olması sizin istəyinizdir, yoxsa özlərinin marağı da var?
– 15 yaşlı qızım hazırda valeybolla məşğuldur. İki oğlum isə futbolun sirlərini öyrənir. Birinin 11, digərinin 7 yaşı var.

– Futbolçu peşəsi elədir ki, adətən evdən kənarda olurdunuz. Məsələn, siz ölkənizdən kənarda Azərbayvandan başqa Rusiya, Çin və Türkiyədə top qovmusunuz. Ailənizdən uzaq qaldığınızda ən çox hansı çətinliklərlə üzləşirdiniz?
– Biz öz komfort zonamızı tərk etməliyik. Baxmayaraq ki, Serbiyadan kənarda ilk iki il mənim üçün çətin oldu, amma sonradan adaptasiya oldum.Yeni mədəniyyətlərlə tanış olmaq, yeni insanlar tanımaq mənə müsbət təsir etdi. Bunun özü futbolçu həyatının gözəl hissələrindən biridir. Məsələn, Azərbaycanda yaxşı futbolçular əvvəl də olub, indi də var, ancaq onlar xaricdə oynamağa, orda daha rahat olmaq üçün dil öyrənməyə meylli deyillər. Hansı ki, bu nüans onların legioner kimi uğur qazanmasına ciddi maneədir. Həmçinin ailədən, qohumlardan və dostlarından uzaqlaşmaq istəmirlər. Buna görə də başqa ölkədə top qovanlar da 1-2 ildən sonra geri qayıdırlar. Amma dediyim kimi, uğur qazanmaq üçün biz ilk olaraq öz komfort zonamızdan çıxmalıyıq.
– Sizcə, bir futbolçu üçün ailə qurmağın müsbət və mənfi tərəfləri hansılardır?
– Məncə, pis heç nə yoxdur. Əksinə, yaxşıdır. İndiyə qədər eyni adamla birlıikdəyəmsə, deməli hər şey yaxşıdır. Üç gözəl övladımız var. Hər şey qaydasındadır. Bəlkə də futbolla bağlı bəzi qərarlarımı dəyişərdim, amma ilə ilə bağlı yox.

– Yuxarıda dediniz ki, bəlkə futbolla bağlı bəzi qərarlarınızı dəyişərdiniz, amma ailə ilə bağlı olanları yox. Maraqlıdır, futbol karyeranızda ən çox peşman olduğunuz qərar hansıdır?
– Bəlkə də Azərbaycana ilk dəfə getmək düzgün qərar olmayıb. Düşünürəm ki, bunu daha yaxşı edə bilərdim. Amma insan harda səhv etdiyini bilsəydi, onu etməzdi. Amma necə deyərlər, hər niyənin bir çünkisi var. Ümumilikdə ciddi bir peşmanlığım yoxdur. Hər şey yaxşıdır. Ailəm yanımdadır.
– Futbol adamları adətən ictimaiyyətin diqqət mərkəzində olur. Yəqin ki, sizin üçün də vəziyyət fərqli deyil. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?
– Həyat yoldaşım həmişə mənim yanımda olub. Onun mənəvi dəstəyini həmişə hiss etmişəm. Uşaqlarım da artıq böyüyüb və atalarının necə bir insan olduğunu indi daha yaxşı anlayırlar. Bu amillər hər hansı problemin olmasına imkan verməyib.
– Azərbaycanın “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarında və eyni zamanda ölkə vətəndaşlığını qəbul etməklə Azərbaycan milli komandasında çıxış etmisiniz. Maraqlıdır, ölkəmizdə yaşadığınız müddətdə sizi ən çox nə təəccübləndirmişdi?
– Mən ilk dəfə 2005-ci ildə “Neftçi”yə transfer olunmaqla Azərbaycana gəlmişdim. O vaxt artıq ölkədə inkişaf hiss olunurdu. İndiki dövrlə fərq çox olsa da, o vaxt da hər il ölkə inkişaf edirdi. Əslində məni heç nə təəccübləndirmədi. İnsanlar məni çox yaxşı qarşıladı. Ümumiyyətlə, azərbaycanlılar çox yaxşıdırlar. Amma xatırlayıram ki, havaların isti olması səbəbindən oynamaq çox çətin idi. Üstəlik. matçlar günorta saat 14:00-da başlayırdı. Buna uyğunlaşmaq mənim üçün çox çətin idi. Az qala Ağasəlim Mircavadov bu səbəbdən məni komandadan qovacaqdı.
– Azərbaycanlı və serbiyalı ailələr arasında hansı oxşar və fərqli cəhətlər var?
– Bənzərliklər çoxdur. Məsələn bizdə də sizin kimi böyüyə hörmət var, evin kişisinə xüsusi hörmət göstərilir. Azərbaycanlı dostlarım məni evlərinə dəvət edəndə də bu tip oxşarlıqları çox müşahidə edirdim. Bəlkə də məhz buna görə bayaqkı sualınıza cavabımda dedim ki, məni Azərbaycanda heç nə təəccübləndirmədi, qəribə gələn nəsə olmadı.
– Maraqlıdır, övladlarınızın azərbaycanlı ilə evlənməsinə necə reaksiya verdiniz?
– Ola bilər. Qismətdir. Prinsipcə, seçimləri belə olsaydı, etiraz etməzdim.

– Əlinizdə belə bir imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?
– Bu suala cavab vermək üçün bir az fikirləşməliyəm. Düzü, nəyisə dəyişərəmmi onu bilmirəm, amma bəlkə də qərarsızlıq məsələsində dəyişiklik edərdim.
– Futbolçu karyeranız haqqında bir film çəkilsəydi, sizcə, adı nə olardı?
– Karyeramı bir film kimi təsvir etməli olsaydım, adını ‘səyahət və intriqa’ qoyardım — çünki bu yol təkcə fərqli ölkələr və klublar arasında keçən bir səyahət deyil, həm də arxa planda çoxlu gözlənilməz hadisələr, çətinliklər və intriqalarla dolu bir hekayədir.
Tural Məmmədov
Xüsusi olaraq “Gencaile.az” üçün














































































































































































