Bir çox faktorlara qarşı həssas olan dəri xüsusilə yay aylarında daha da həssaslaşır və onun sağlamlığına, zərərli təsirlərdən qorunmasına diqqət göstərmək lazım gəlir.
Memorial Antalya Xəstəxanası Dermatologiya bölümündən olan mütəxəssis, dr. Lütfiye Çoban yay aylarında dəri sağlamlığını qorumağın yolları haqqında məlumat verib.
Günəş şüaları qum və daşdan da əks oluna bilir
Günəş şüaları isti, tər və nəm, tez-tez duş qəbul etmək, dəniz və hovuz kimi dəriyə birbaşa təsir edən amillərdən biri olduğu üçün yay mövsümü dəri sağlamlığı və dəriyə qulluq baxımından çox diqqət edilməsi lazım olan dövrdür. Ultrabənövşəyi radiasiya günəş yanıqlarına, günəş allergiyası olaraq adlandırılan bəzi reaksiyalara, çil və ləkələnmələrə və dəri xərçənginə yol aça bilər. Günəş şüalarının bütün bu təsirlərindən uzaq olmaq üçün düzgün və təsirli şəkildə günəşdən qorunmaq lazımdır.
Günəşin zərərli təsirlərindən qorunmaq üçün sadəcə kölgədə qalmaq yetərli deyildir. Bu səbəblə saat 11.00-16.00 arasında günəşdə qalmaq olmaz. Münasib geyimlər, çətir, gün eynəyi və şlyapadan istifadə edilə bilər. Sıx toxunmuş və açıq rəngli geyimlər günəş işığından qorunmaq üçün münasibdir. Ancaq bu tədbirlərin təkbaşına yetərli olmadığı unudulmamalıdır. Dəniz kənarında qum, daş və dəniz səthindən əks olunan işıq kölgədə də öz təsirini davam etdirir.
Səpgi və bişməcə yetkinlərdə də müşahidə edilə bilir
Dəri xarici mühitin istiliyi artdıqca tərləyərək bədən temperatunun yüksəlməsinin qarşısını alır. Ancaq lazımlı tədbirlər görülməzsə, sıx tərləmə ilə bağlı olaraq səpgi və bişməcə kimi hallar yarana bilər. Tərli və nəmli qalan dəridə göbələk infeksiyalarına meyillilik artır. İstinin dəri üzərindəki bu təsirlərindən qorunmaq üçün tez-tez duş qəbul edilməli və geyimlər gün ərzində dəyişdirilməlidir. Təri özünə çəkən, tərin qurumasına imkan yaradan məsaməli, pambıq və ya kətan kimi təbii parçalardan hazırlanmış, boşaraq və açıq rəngdə geyimlərə üstünlük vermək tərin mənfi təsirlərinin qarşısını alar. Tərləməni azaldan kosmetik vasitələr yetkinlərdə yerli şəkildə istifadə oluna bilər.
Dəri quruluğuna qarşı tədbirinizi görün
Yayda istinin təsirlərindən qorunmaq üçün tez-tez duş qəbul etmək məsləhət görülür, ancaq bu da dərinin qurumasına yol açır, qaşınmaya və müxtəlif egzema hallarının yaranmasına səbəb olur. Dəri quruluğundan qoruna bilmək üçün hamamda bütün bədəni sabunlamaq yerinə dərini qurutmayan, nəmləndirməyə təsiri olan duş gellərindən istifadə etmək, müəyyən bölgələrə çəkmək məsləhət görülür. Hamamdan sonra bədən losyonlarından istifadə edilərək lazımi nəmlilik əldə olunmalıdır.
Günəş altında uzun müddət qalmaq dəri ləkələrinin yaranmasına şərait yaradır
Yayda dəridə ortaya çıxan tünd rəngli ləkələr dəriyə rəng verən “melanosit” adlı hüceyrələrin fərqli səbəblərlə sayının və ya rəng maddəsi ifrazının artması nəticəsində əmələ gəlir. Bu halın ən çox təsadüf edilən səbəbi bronzlaşmaq üçün günəş işıqlarına məruz qalmaqdır. Günəş ləkələrinin müalicəsi günümüzdə müasir cihazlarla aparıla bilir, ancaq bu ləkələr yaranmadan qarşısının alınması dəri sağlamlığı üçün daha əhəmiyyətlidir.
Dəniz və hovuza girərkən diqqət!
Yay aylarının sərinlədən məşğuliyyətlərindən olan dəniz və hovuz eynən hamam kimi dərini qurudur. Həmçinin hovuzda istifadə olunan dezinfeksiyaedicilər həssas insanlarda və ya düzgün istifadə edilmədikdə egzema xəstəliyinə yol aça bilir. Təmiz olmayan dəniz və hovuz suyundan, hovuz ətrafındakı nəm mühitdən müxtəlif bakterial və göbələk infeksiyalarının yoluxma riski yüksəkdir. Bu səbəblə də hovuz ətrafında çılpaq ayaqla gəzməyə, şəxsi əşyalarınızdan istifadəyə diqqət göstərilməlidir. Dəniz və hovuzdan sonra duş qəbul edib yaxşıca qurulanmaq və ardınca da bədənə nəmləndirici losyon çəkmək dəri sağlamlığı üçün önəmlidir.
Günəşdən qoruyucu vasitə seçərkən diqqətli olun
Yay aylarında küçəyə çıxmadan 20 dəqiqə əvvəl üzünüzə və bədənin görünən yerlərinə günəşdən qoruyucu vasitələr çəkilməlidir. Bir il əvvəlki məhsulların istifadəsinə diqqət edilməli, dəri növünə uyğun günəşdən qoruyucuların seçimi üçün mütləq dermatoloqdan məsləhət alınmalıdır.