Feride Memmedova

Rotavirus infeksiyası və uşaqlarda təsiri

Baxış sayı: 515

Rotavirus infeksiyası, xüsusilə 5 yaşdan kiçik uşaqlar arasında, dünya üzrə ən çox rastlanan ishal səbəbli xəstəliklərdən biridir. Bu infeksiyanın uşaq sağlamlığına təsiri yüksəkdir və ciddi maye itkisinə səbəb ola bilər. Azərbaycanda da rotavirus hələ də pediatriyada aktual bir problem olaraq qalır. Son illərdə xəstəxanalara müraciət edən uşaq xəstələrin bir hissəsi məhz rotavirus infeksiyası səbəbi ilə hospitalizə olunur.

 

Epidemiologiya və yayılma

Rotavirus əsasən nəcis-ağız yolu ilə yayılır.

Yoluxna  çirkli əl, su qida, məişət əşyaları o cümlədən oyuncaqlar, yuyulmamış meyvə və tərəvəzdən baş verə bilər.

Virus çox yoluxucudur və kiçik qruplarda tez yayıla bilər.

Azərbaycanda epidemioloji müşahidələr göstərir ki, rotavirus infeksiyası payız və qış aylarında daha çox yayılır. Xüsusilə bağça və uşaq kollektivlərində yoluxma halları artmışdır. Pediatrik klinikalara müraciət edən uşaqlar arasında ishal səbəbli hallar çox vaxt rotavirus infeksiyası ilə əlaqələndirilir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 5 yaşdan kiçik uşaqlar arasında rotavirus ishalı ölüm hallarının əsas səbəblərindən biridir və inkişaf etməkdə olan ölkələrdə bu risk daha yüksəkdir.

usaq

Klinik simptomlar

Rotavirus infeksiyası uşaqlarda aşağıdakı simptomlarla özünü göstərə bilər:

Sulu ishal: Tez-tez və çoxlu miqdarda olur.

Qusma: Xüsusilə xəstəliyin ilk günlərində tez-tez müşahidə olunur.

Yüksək hərarət: Bəzən 38–39°C-ə qədər qalxa bilər.

Qarın ağrısı və halsızlıq: Uşaqlarda narahatlıq və əsəbilik yaradır.

Xüsusilə 6 ay – 2 yaş arası uşaqlar risk qrupuna daxildir, çünki bu yaşda bədən maye ehtiyatları azdır və dehidratasiya riski yüksəkdir.

 

Patogenez və səbəblər

Rotavirus kiçik bağırsağın hüceyrələrinə yapışaraq onların fəaliyyətini pozur və su-elektrolit balansını dəyişdirir. Bu, sürətli su itkisinə və nəticədə maye çatışmazlığına səbəb olur. Virusun yüksək yoluxuculuğu səbəbindən kiçik uşaqlar qısa müddətdə yoluxa bilər, xüsusilə kollektiv mühitlərdə və gigiyena qaydalarının yetərsiz olduğu şəraitdə.

 

Rehidratasiya və qidalanma tövsiyələri

Bədən mayesinin bərpası üçün Oral Rehidratasiya Məhlulu (ORS) istifadəsi olduqca effektivdir. Ana südü ilə qidalanan körpələrdə əmizdirmə prosesi fasiləsiz davam etdirilməlidir. Bundan əlavə, xəstəyə bol su, düyü suyu və duru şorbalar verilməlidir. Ağır susuzluq hallarında isə venadaxili maye (serum) müalicəsi zəruridir.

Pəhriz zamanı düyü, kartof püresi, banan və qatıq kimi asan həzm olunan qidalara üstünlük verilməlidir. Yağlı və şəkərli qidalardan, qazlı içkilərdən və süni meyvə şirələrindən qətiyyən çəkinmək lazımdır, çünki bu məhsullar ishalı daha da artıra bilər.

xestelik

Profilaktika

Rotavirus infeksiyasının qarşısını almaq üçün bir neçə əsas tədbir mövcuddur:

Gigiyena: Əllərin yuyulması, oyuncaqların və ətraf mühitin dezinfeksiyası, təmiz su və qidanın istifadəsi yoluxma riskini azaldır.

Maarifləndirmə: Valideynlərin uşaqlarda rotavirus simptomlarını tanıması və erkən tədbir görməsi çox önəmlidir.

 

Rotavirus infeksiyası uşaqlar üçün ciddi təhlükə yarada bilər, lakin peyvənd və düzgün gigiyena tədbirləri ilə yoluxma riski xeyli azaldıla bilər. Azərbaycanda pediatrik səhiyyə işçiləri və valideynlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi, uşaqlarda erkən diaqnoz və müalicənin təmin edilməsi vacibdir.

 

Pediatr Fəridə Məmmədova




1 şərh “Rotavirus infeksiyası və uşaqlarda təsiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir