42c1a838-c017-4233-919e-890bdbb6996e

Həddindən artıq sərfəli görünən tətil təkliflərin arxasındakı təhlükə

Baxış sayı: 641

Yay mövsümünün başlaması ilə səyahət və istirahət planları sürətlənsə də, bu dövr kiberdələduzların da fəallaşdığı vaxt hesab olunur. 

Saxta elanlar, saxta rezervasiyalar və tanınmış platformaları təqlid edən internet saytları vasitəsilə istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirmək cəhdləri artır.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən ESET şirkəti səyahət planlaşdıran şəxsləri gözləyən əsas rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə xəbərdarlıq edib.

 

Səyahət planlarında ən çox rast gəlinən dələduzluq üsulları

Mütəxəssislərin sözlərinə görə, kiberdələduzların ən çox istifadə etdiyi üsullardan biri bazar qiymətindən xeyli ucuz təklif olunan aviabiletlər və istirahət paketləridir. Bəzi hallarda bilet həqiqi olsa da, onun alınması üçün oğurlanmış bank kartlarından və ya ələ keçirilmiş istifadəçi hesablarından istifadə olunur. Nəticədə alıcı sonradan ciddi problemlərlə üzləşə bilər.

İnternet üzərindən kirayəyə verilən yay evləri də risk daşıyır. Dələduzlar saxta hesablarla elan platformalarında mövcud olmayan və ya kirayəyə verilməyən evləri paylaşaraq əvvəlcədən beh alır, eyni evi bir neçə nəfərə “kirayəyə verərək” daha sonra əlaqəni kəsirlər.

Digər geniş yayılmış üsullardan biri isə klon internet saytlarıdır. Kibercinayətkarlar aviaşirkətlərin, turizm agentliklərinin və qiymət müqayisə platformalarının oxşar versiyalarını hazırlayır, istifadəçilərə saxta təsdiq məktubları göndərirlər. Bir çox insan aldadıldığını yalnız hava limanında qeydiyyat zamanı anlayır.

seyahet

Bundan başqa, heç vaxt iştirak edilməyən lotereyalarda “pulsuz istirahət qazandığınız” barədə göndərilən mesajlarla istifadəçilərdən guya vergi və ya sənədlərin rəsmiləşdirilməsi adı altında ödəniş tələb olunur.

Viza, pasport və beynəlxalq sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi üçün vasitəçilik etdiyini iddia edən bəzi saytlar da əslində pulsuz və ya çox aşağı ödənişlə əldə edilə bilən xidmətlərə görə yüksək məbləğ tələb edir, hətta saxta sənədlər hazırlayırlar.

Çarter reysləri adı altında təqdim edilən cəlbedici səyahət paketləri də geniş yayılmış dələduzluq üsullarındandır. Bu hallarda ödəniş alındıqdan sonra təşkilatçılar istifadəçilərlə əlaqəni tamamilə kəsirlər.

 

İctimai Wi-Fi şəbəkələri də risk yaradır

Kibertəhlükələr yalnız səyahətdən əvvəl deyil, istirahət zamanı da davam edir. Hava limanlarında, otellərdə və kafelərdə təqdim olunan pulsuz ictimai Wi-Fi şəbəkələri məlumat oğurluğu üçün əlverişli mühit yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, kibercinayətkarların yaratdığı saxta giriş nöqtələrinə qoşulmaq parolların və bank məlumatlarının oğurlanmasına səbəb ola bilər. Hətta şəbəkə təhlükəsiz olsa belə, eyni şəbəkəyə qoşulmuş bədniyyətli şəxslər istifadəçilərin onlayn fəaliyyətini izləyə bilərlər.

 

Paşa Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir