Aybeniz Hesenova

Panik atak barədə bilməli olduğunuz əsas məqamlar

Baxış sayı: 688

Son illərdə panik atak şikayətləri ilə müraciət edən insanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. İnsanlar ilk panik atakı infarkt və ya başqa ağır xəstəlik kimi qiymətləndirirlər. Bu səbəbdən təcili yardım çağırır, müxtəlif ixtisaslı həkimlərə müraciət edir, lakin aparılan müayinələrin normal çıxması onları daha da çaşdırır və narahatlıqda qoyur.

Panik atak əslində qəfil başlayan, qısa müddətdə ən yüksək həddə çatan,  güclü qorxu və narahatlıq epizodudur.  Bu vəziyyət  həyat üçün təhlükəli olmasa da, insanın gündəlik həyatına, iş fəaliyyətinə, ailə münasibətlərinə və sosial aktivliyinə ciddi təsir göstərir.

panik atak

Panik atak zamanı insan nə hiss edir?

– Ürək döyüntüsünün sürətlənməsi

– Sinədə sıxılma və ya ağrı hissi

– Nəfəs çatışmazlığı

– Boğulacaqmış kimi hiss etmək

– Başgicəllənmə

– Əllərdə və ayaqlarda keyimə

– Güclü tərləmə və titrəmə

– Öləcəyini,  huşunu itirəcəyini düşünmək

Pasiyentlərin böyük hissəsi məhz bu düşüncələr səbəbindən daha çox qorxu yaşayır.  Halbuki,  panik atak zamanı yaranan bu hisslər beynin təhlükəyə verdiyi müvəqqəti reaksiyadır.

panik atak

Diaqnostika niyə vacibdir?

Panik atak diaqnozu qoyulmazdan əvvəl ürək və digər tibbi problemlər istisna edilməlidir.  Əgər tibbi səbəb aşkarlanmırsa , psixoloji qiymətləndirmə böyük əhəmiyyət daşıyır.  Erkən diaqnostika  həm lazımsız qorxuların qarşısını alır, həm də müalicənin daha uğurlu olmasına kömək edir.

Panik atak başladıqda ilk növbədə xatırlamaq lazımdır ki, bu vəziyyət keçicidir. Bu zaman nəfəsi yavaş və ritmik şəkildə tənzimləmək, diqqəti ətraf mühitə yönəltmək, bədənin verdiyi reaksiyanı təhlükə kimi deyil, narahatlıq reaksiyası kimi qəbul etmək faydalıdır.

Klinik praktikamda tez-tez  rast gəldiyim hallardan biri də odur ki, panik atak yaşayan bir çox pasiyent  tutma zamanı yanında etibar etdiyi bir insanın olmasını istəyir. Onlar yaxınlarının yanında özlərini daha təhlükəsiz hiss etdiklərini ifadə edirlər. Bu, həmin an narahatlığın azalmasına kömək etsə də, zaman keçdikcə insanın tək qaldıqda özünü təhlükədə hiss etməsinə və başqalarının varlığından asılılıq formalaşdırmasına səbəb ola bilər. Psixoterapiyanın əsas məqsədlərindən biri pasiyentin panik atakı özü tanımasını, onun təhlükəli olmadığını anlamasını və bu vəziyyəti tədricən müstəqil şəkildə idarə etmə bacarığını inkişaf etdirməkdir. Nəticə olaraq herkes məlumatlı olmalıdır ki, panik atak insanın həyat keyfiyyətini azalda bilər, lakin bu, çıxılmaz vəziyyət deyil. Vaxtında psixoloji dəstək alan, müalicə planına əməl edən insanların böyük əksəriyyəti normal həyatlarına qayıdır və panik atakın həyatlarını idarə etməsinə imkan vermirlər.

Tibbi psixoloq kimi düşünürəm ki, panik atak yaşayan insanın ən çox ehtiyac duyduğu  şey qorxularının kiçildilməsi deyil, dinlənilməsi, başa düşülməsi və elmi əsaslara söykənən peşəkar dəstək almasıdır. Çünki məlumatlandıqca qorxu azalır, qorxu azaldıqca isə insan yenidən həyatına nəzarəti bərpa edir.

Sağlamlığınız sizin ən böyük sərvətinizdir. Onu qorumağı heç vaxt təxirə salmayın. Çünki vaxtında atılan bir addım sağlamlığınızı qorumaq üçün atılan ən vacib addımdır.

 

Aybəniz Həsənova

Tibbi psixoloq

 

(Mütəxəssislə 050 663 64 75 mobil nömrəsi vasitəsi ilə və ya “Appro Hospital”a müraciət etməklə əlaqə saxlaya bilərsiniz)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir