İnsan orqanizmi uzun müddət davam edən psixoloji gərginliyə səssiz qalmır. Günlərlə, aylarla, hətta illərlə davam edən stress, həll olunmamış emosional konfliktlər, xroniki narahatlıq və ya travmatik həyat hadisələri yalnız psixi sağlamlığı deyil, bütün orqanizmin fəaliyyətini dəyişdirə bilər. Təəssüf ki, bir çox insan bu dəyişiklikləri “hamıda belədir, keçib gedər, yaş artdıqca normaldır” kimi düşüncələrlə izah edərək, peşəkar yardıma müraciəti gecikdirir. Halbuki, orqanizm çox vaxt problemləri erkən mərhələdə müxtəlif siqnallarla xəbər verir. Bu siqnalların vaxtında tanınması həm fiziki, həm də psixi sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Müasir tibb insan orqanizmini bir-birindən müstəqil fəaliyyət göstərən sistemlər toplusu kimi deyil, qarşılıqlı əlaqədə olan mürəkkəb bir bütöv kimi qiymətləndirir. Aparılan neyrobioloji və psixofizioloji tədqiqatlar göstərir ki, insanın emosional vəziyyəti yalnız psixi sağlamlığına deyil, həm də sinir, endokrin və immun sistemlərinin fəaliyyətinə təsir göstərir. Bu baxımdan beyin susur, bədən danışır ifadəsi bədii metafora olmaqla yanaşı, elmi əsasları olan bir həqiqəti də əks etdirir. İnsan yaşadığı qorxu, kədər, günahkarlıq, qəzəb və ya emosional gərginliyi müxtəlif səbəblərdən ifadə etmədikdə bu hisslər yox olmur. Əksinə, mərkəzi sinir sistemində davam edən neyrobioloji proseslər vasitəsilə orqanizmdə fizioloji dəyişikliklər yaradır. Nəticədə bədən ağrı, yorğunluq, ürəkdöyünmə, həzm pozğunluğu, əzələ gərginliyi və digər somatik əlamətlərlə bu yükü ifadə etməyə başlayır. Əgər kifayət qədər yuxu almağınıza baxmayaraq uzun müddət özünüzü halsız hiss edirsinizsə, bu vəziyyət yalnız fiziki yorğunluqla izah olunmaya bilər. Xroniki stress nəticəsində insan gün ərzində özünü enerjisiz hiss edə, diqqəti zəifləyə və iş qabiliyyəti azala bilər. Boyun, çiyin, bel və çənə nahiyəsində səbəbi aydın olmayan gərginlik və ağrılar emosional yükün ən geniş yayılmış bioloji əlamətlərindəndir. Stress simpatik sinir sistemini davamlı aktiv saxladığı üçün əzələlər rahatlaşa bilmir və xroniki ağrı sindromları inkişaf ede bilir. Yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanmaq və ya səhər dincəlmədən oyanmaq beynin davamlı “təhlükə siqnalı” rejimində işləməsinin göstəricilərindən biri ola bilər. Bu vəziyyət zamanla həm emosional, həm də idrak funksiyalarına mənfi təsir göstərir.

Nə vaxt mütəxəssisə müraciət edilməlidir?
– Fiziki şikayətlər 2–4 həftədən uzun davam edirsə
– Müayinələr normal olsa da, simptomlar aradan qalxmırsa
– Gündəlik fəaliyyət, iş və ailə həyatı bu vəziyyətdən təsirlənirsə
– Davamlı narahatlıq, ümidsizlik və ya emosional tükənmə hissi yaranıbsa
Bu zaman düzgün yanaşma —mərhələli diaqnostik qiymətləndirmədir. İlk mərhələdə terapevt tərəfindən pasiyent qiymətləndirilmeli və şikayətlərin altında yatan mümkün üzvi (bioloji) səbəblər araşdırılmalı və zərurət olduqda müayinələr aparılmalıdır. Çünki psixoloji simptomlar (narahatlıq, yorğunluq, diqqət pozuntusu, panikaya bənzər əlamətlər və s.) bəzən tibbi səbəblərlə bağlı ola bilər. Buna görə də, əvvəlcə onların istisna edilməsi vacibdir. Fiziki xəstəliklər istisna edildikdən sonra psixoloji qiymətləndirmə həyata keçirilməli, ehtiyac olduqda fərdi müalicə planı hazırlanmalıdır.
Unutmamalıyıq ki, bədən heç vaxt səbəbsiz danışmır. O, çox zaman beynin ifadə edə bilmədiyi emosional yükün səsini çatdırır. Bu siqnalları vaxtında dinləmək yalnız mövcud şikayətləri aradan qaldırmağa deyil, gələcəkdə daha ciddi psixi və somatik problemlərin qarşısını almağa da kömək edir. Müasir tibb bizə öyrədir ki, sağlamlıq yalnız xəstəliyin olmaması deyil, bədənin, beynin və psixi sağlamlığın qarşılıqlı əlaqə və tarazlıq içində olmasıdır.
Aybəniz Həsənova
Tibbi psixoloq
(Mütəxəssislə 050 663 64 75 mobil nömrəsi vasitəsi ilə və ya “Appro Hospital”a müraciət etməklə əlaqə saxlaya bilərsiniz)












































































































































































