Nermin Ehmedova

Günəş ol - PSİXOLOQ YAZIR

Baxış sayı: 135

Qadının dəyəri cəmiyyətin standartlarında deyil, varlığının möcüzəsindədir

“Günəş heç kimə özünü sübut etmək üçün doğmur; o, sadəcə var olduğu üçün işıq saçır və ətrafındakı hər şeyə həyat verir.”

Cəmiyyət əsrlər boyu qadının kimliyini, gücünü və dəyərini müəyyən etmək üçün müxtəlif qəliblər uydurub. Bir zamanlar tamamilə evə həbs edilən, hüquqsuz saxlanılan qadın, sonradan “azadlıq” və “bərabərlik” adı altında başqa bir sistemin cənginə atıldı. Siyasi və iqtisadi müstəvidə feminizm hərəkatı qadına hüquq qazandırmaq pərdəsi altında, mahiyyətcə Sənaye İnqilabının artan işçi qüvvəsi tələbatını ödəmək üçün ideoloji bir mexanizmə çevrildi. Kapitalist sistem qadını evdən çıxarmaqla ona müstəqillik vəd etdi, lakin əsl məqsəd onu zavodların, ofislərin və korporasiyaların vergi verən, istehsal edən yeni bir “vintlər şəbəkəsinə” qatmaq idi.

Bu siyasi gedişat zamanla dərin bir psixoloji aşınmaya yol açdı. Sistem qadına davamlı olaraq yalnız “etdikləri” — işi, karyerası və cəmiyyətə verdiyi maddiləşdirilə bilən töhfələr qədər var olduğunu diktə etdi. Bu təzyiq, ev layihələrini, ailə dincliyini və övlad tərbiyəsini öhdəsinə götürən ev qadınlarında dərin bir özünə yadlaşma (alienation) və xroniki dəyərsizlik hissi yaratdı. Psixoloji baxımdan özünə yadlaşan qadın, daxili emosional gücünü görünməz saymağa, “Mən çalışmıramsa, heç kiməm” düşüncəsi ilə öz daxili mahiyyətindən qopmağa başladı.

Lakin qadın sadəcə etdikləri, qazandıqları və ya cəmiyyətin ondan gözlədiyi rollarla mövcud deyil. Qadının varlığının özü bir möcüzədir — həm fiziki, həm də mənəvi olaraq.

Fiziki varlıq baxımından qadın bu kainatın ən alim və müqəddəs yaratma gücünə sahibdir. Neoliberal sistemin və gündəlik qayğıların qarmaqarışıqlığı arasında qadına öz bədənində necə böyük, ilahi bir portal daşıdığını xatırlamağa imkan vermirlər. Həmin portal ki, ruhlar məhz onun vasitəsilə bu dünyaya qədəm qoyur, həyat onun bətnində formalaşır və çiçəklənir. Bu, heç bir iqtisadi gösterici ilə, heç bir karyera pilləsi ilə müqayisə oluna bilməyəcək qədər uca bir yaradılış gücüdür.

Əlbəttə, qadın çalışa bilsin, cəmiyyətin və həyatın içində olsun. Lakin bu çalışmaq ağır fiziki güc tükəndirmək, pul qazanıb ailə saxlamaq yükünü təkbaşına çiyninə almaq və kişiləşərək öz nəzakətli qadın kimliyini unudacaq həddə çatmamalıdır. Qadının əməyi və fəaliyyəti sistemin amansız yarışına deyil; dünyaya maraq qatmağa, estetik və gözəllik yaratmağa, ətrafına həyat və ruh verməyə yönəlməlidir. Qadın işləyərkən belə öz zərifliyini, daxili aurasını və qadınlıq mahiyyətini qorumalıdır.

Mənəvi baxımdan qadın — öz varlığı ilə ətrafına işıq, istilik və həyat bəxş edən ruhdur. O, heç kimə müstəqilliyini və ya dəyərini sübut etmək üçün kapitalist çarxların arasında əzilmək məcburiyyətində deyil. Evində hüzur yaradan, övlad böyüdən, bir yuvanın və ya cəmiyyətin mənəvi təməlini qoyan qadının gördüyü iş heç bir maddiyyatla ölçülə bilməz.

Qadın özünü sistemin ona diktə etdiyi “işçi kimliyi” ilə deyil, öz ilahi mahiyyəti ilə qəbul etməlidir. Özünə yadlaşmaqdan, “Dəyərim işləməyimlə ölçülür” illüziyasından azad olmaq lazımdır.

“Bir qadın ister korporativ dünyada olsun, ister öz evində — onun əsl dəyəri gördüyü işlərdən deyil, öz daxili işığından və varlığının möcüzəsindən gəlir. Hər bir qadın bu həqiqəti xatırlamalı və sadəcə Günəş olmalıdır.”

 

Psixoloq Nərmin Əhmədova

 

Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.

GENCAILE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir