Telefon və sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xəbərləri izləmək, dostlarla ünsiyyət qurmaq, işlə bağlı yazışmaq, müxtəlif videolara baxmaq üçün sosial platformalardan istifadə edirik. Lakin sosial şəbəkələr həyatımızı asanlaşdırmaqla yanaşı, ailə münasibətlərinə də təsir göstərir.
Əsas problem sosial şəbəkələrin mövcudluğu deyil, onların ailə daxilində necə və nə qədər istifadə edilməsidir. Bəzən eyni evdə yaşayan iki insan fiziki olaraq bir-birinin yanında olsa da, emosional olaraq bir-birindən uzaqlaşa bilər.
Eyni otaqda, amma fərqli dünyalarda
Ailə üzvlərinin birlikdə olduğu vaxtda hər kəsin telefonuna yönəlməsi zamanla ünsiyyətin azalmasına gətirib çıxara bilər. Axşam yeməyi zamanı telefona baxmaq, söhbət əsnasında gələn bildirişə cavab vermək və ya yatmazdan əvvəl uzun müddət sosial şəbəkələrdə vaxt keçirmək tərəflər arasında emosional əlaqənin zəifləməsinə səbəb ola bilər.
Münasibətlərdə yaxınlıq yalnız birlikdə vaxt keçirməklə deyil, həmin vaxt ərzində bir-birinə diqqət ayırmaqla formalaşır.
İnsan danışarkən qarşısındakının telefona baxdığını gördükdə “məni dinləmir”, “mənim dediklərim onun üçün maraqlı deyil” kimi hisslər keçirə bilər. Bu davranış davamlı xarakter aldıqda inciklik və uzaqlaşma yarana bilər.
Sosial şəbəkələr müqayisə hissini gücləndirə bilər
Sosial mediada insanlar adətən həyatlarının ən gözəl tərəflərini paylaşırlar. Xoşbəxt ailə fotoları, romantik sürprizlər, bahalı hədiyyələr, səyahətlər və ideal görünən münasibətlər real həyatın yalnız bir hissəsini əks etdirir.
Lakin bunu nəzərə almadan öz münasibətimizi sosial şəbəkələrdə gördüklərimizlə müqayisə etdikdə narazılıq yarana bilər.
“Onların münasibəti niyə belədir, bizimki niyə belə deyil?”, “Başqalarının həyat yoldaşı həyat yoldaşına belə diqqət göstərir, mənimki isə göstərmir” kimi düşüncələr münasibətdə mövcud olan problemləri olduğundan daha böyük göstərə bilər.
Unutmaq lazımdır ki, sosial şəbəkədə gördüyümüz münasibətin vitrinidir, bütün münasibətin özü deyil.

“Niyə onlaynsan, amma mənə cavab vermirsən?”
Sosial şəbəkələr cütlüklər arasında yeni mübahisə səbəbləri də yarada bilər.
Bir tərəf digərinin onlayn olduğunu görür, lakin mesajına cavab almadıqda bunu şəxsi qəbul edə bilər. Kimlə yazışdığı, hansı paylaşımı bəyəndiyi, kimləri izlədiyi ilə bağlı suallar zamanla münasibətdə nəzarət davranışlarına çevrilə bilər.
Bəzi cütlüklərdə partnyorun telefonunu yoxlamaq, sosial şəbəkə hesablarının parolunu tələb etmək və yazışmalarını izləmək “etibarın sübutu” kimi qəbul edilir.
Halbuki sağlam münasibətin əsasında qarşılıqlı hörmət və etibar dayanır. Məxfilik şəxsdən nəsə gizlətmək demək deyil. Hər bir insanın şəxsi sərhədlərinin olması münasibətin sağlamlığı üçün vacibdir.
Sosial şəbəkədə başlayan mübahisə real həyata keçir
Bəzən insanlar üz-üzə danışmaq əvəzinə narazılıqlarını sosial şəbəkədə ifadə edirlər. Status yazmaq, üstüörtülü paylaşımlar etmək, qarşı tərəfə mesaj ötürmək və ya ailə problemini ictimai müstəviyə çıxarmaq münaqişəni daha da dərinləşdirə bilər.
Çünki sosial şəbəkədə yazılan bir cümlə qarşı tərəfin emosiyasını daha da gücləndirə, yanlış anlaşılmaya səbəb ola bilər.
Ailə daxilində problem varsa, onu auditoriyaya deyil, ilk növbədə problemin digər tərəfinə danışmaq daha sağlam yanaşmadır.
Sosial şəbəkələr münasibətə mütləq mənfi təsir etmir
Sosial şəbəkələrin ailə münasibətlərinə yalnız mənfi təsir etdiyini düşünmək də doğru deyil.
Uzaqda yaşayan ailə üzvləri ilə əlaqə saxlamaq, birlikdə olmayan vaxtlarda ünsiyyəti davam etdirmək, xoş xatirələri bölüşmək və bir-birinə dəstək olmaq üçün sosial platformalar faydalı vasitədir.
Məsələ sosial şəbəkədən tamamilə imtina etmək deyil. Əsas məsələ real münasibətlə virtual münasibət arasında balans yaratmaqdır.
Ailədə “telefonsuz vaxt” yaratmaq olar
Ailə üzvlərinin gün ərzində müəyyən vaxtı telefonsuz keçirməsi münasibətlər üçün faydalı ola bilər.
Məsələn, ailə birlikdə yemək yeyərkən telefonlardan istifadə etməmək, yatmazdan əvvəl müəyyən müddət sosial şəbəkələrdən uzaq qalmaq və həftə ərzində birlikdə keçirilən zamanı ekranlardan ayırmaq mümkündür.
Ən vacibi isə bunu qadağa formasında deyil, qarşılıqlı razılaşma kimi qəbul etməkdir.
Çünki “telefonu kənara qoy” deməkdən daha təsirli olan davranış özümüzün də telefonu kənara qoyaraq qarşı tərəfə diqqət göstərməyimizdir.

Münasibətdə əsas sual telefon deyil
Əgər cütlük arasında ünsiyyət yaxşıdırsa, tərəflər bir-birinə hörmət edir və sərhədlərə riayət edirsə, sosial şəbəkələr münasibətin əsas probleminə çevrilməyə bilər.
Əksinə, münasibətdə artıq emosional uzaqlıq, güvənsizlik, diqqətsizlik və ya həll olunmamış konfliktlər varsa, sosial şəbəkələr həmin problemləri daha görünən və daha da kəskin hala gətirə bilər.
Ona görə də “Telefonumuz münasibətimizi pozur” deməzdən əvvəl başqa bir sual vermək lazımdır:
“Biz bir-birimizə real həyatda nə qədər vaxt, diqqət və emosional yaxınlıq ayırırıq?”
Ailə münasibətlərində texnologiyadan daha vacib olan insanın qarşısındakı insana verdiyi dəyərdir. Telefonu söndürmək bəzən kifayət etmir. Əsas olan qarşımızdakı insanı həqiqətən görmək, dinləmək və eşitməkdir.
Çünki sağlam ailə münasibətləri sosial şəbəkədə neçə “like” topladığımızla deyil, bir-birimizin yanında özümüzü nə qədər dəyərli və güvəndə hiss etdiyimizlə ölçülür.
Hazırladı: MƏTİN











































































































































































