Gunay Rehimova

Təzyiq dərmanlarını özbaşına dayandırmaq olmaz - HƏKİM RƏYİ

Baxış sayı: 516

Yüksək qan təzyiqinin müalicəsində geniş istifadə olunan bəzi dərmanlar xəstələrin hər zaman dərmanla əlaqələndirmədiyi yan təsirlərə səbəb ola bilər.

Britaniya Milli Səhiyyə Xidmətinin həkimi Amir Xan bildirib ki, ramipril qəbul edən bəzi insanlarda uzunmüddətli quru öskürək yarana bilər.

O bildirib ki, dərman bradikinin adlı maddənin səviyyəsini artıra və bu da tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər.

Belə hallarda xəstələr öskürəyi infeksiya əlaməti hesab edə bilirlər. Nəticədə antibiotik qəbul etmək və ya müxtəlif müayinələrdən keçmək mümkün olsa da, əsl səbəb diqqətdən kənarda qala bilər.

Digər geniş istifadə olunan preparat amlodipindir. Bu dərman bəzi insanlarda, xüsusilə topuq nahiyəsində, mayenin toxumalarda toplanmasına və şişkinliyə səbəb ola bilər.

Həkimin sözlərinə görə, ramipril uzunmüddətli quru öskürəyə, amlodipin isə xüsusilə topuq nahiyəsində şişkinliyə səbəb ola bilər. Hər iki preparat baş ağrısı, başgicəllənmə və yorğunluq yarada bilər.

 

Ramipril və amlodipin qəbul edən xəstələr hansı yan təsirlərlə qarşılaşa bilərlər?

tezyiq dermanlari

Bu barədə danışan kardioloq-aritmoloq Günay Rəhimova bildirib ki, dərmanlar fərdi olaraq xəstənin vəziyyətinə görə seçilir: “Ümumiyyətlə təzyiq dərmanları həddindən artıq çox qollara bölünürlər. Bir neçə təzyiq dərmanı yox, minlərlə təzyiq dərmanı var. Tək tərkibli, iki komponentli və hətta üç komponentdən ibarət dərmanlar var. Həmçinin sidikqovucu ilə birlikdə olan dərmanlar da var. Bu dərmanlar fərdi olaraq xəstənin vəziyyətinə görə seçilir. Deyək ki, bir pasiyent orta dərəcəli təzyiq xəstəsidir, ona daha yüngül, tək komponentli dərman seçilir. İkinci bir pasiyentin yanaşı xəstəlikləri, məsələn, şəkərli diabeti varsa, böyrəklərini və digər orqanlarını qorumaq üçün ikili və ya üçlü komponentlərdən ibarət dərmanlar seçilir”.

Günay Rəhimova deyib: “Müasir tibbdə hipertoniya xəstəliyinə yanaşmada birbaşa üçlü komponentlə başlamaq daha çox tövsiyə olunur. Bunun tərkibində həm APEYİT qrupu dediyimiz ramipril və s. olur, həm amlodipin, həm də sidikqovucu olur. Sidikqovucunun da bir neçə növü ola bilir. Bu da, məsələn, şəkər xəstəliyində bir növ seçilir, şəkər olmayan xəstəlikdə isə başqa növ seçilir”.

Kardioloqun sözlərinə görə, xəstələrin ən çox etdiyi yanlış dərmanı özbaşına qəbul etmək və kəsməkdir: “Hər zaman fərdi yanaşma əhəmiyyətlidir. Amma bütün dünyada xüsusi tövsiyələr var. Biz həkimlər də o tövsiyələrə əsasən hərəkət edirik. Mən, məsələn, Avropa tövsiyələrinə əsasən müalicə yazıram. Hər il onları izləyirəm. Avropa tövsiyələrində yenilik olduqda, ona uyğun olaraq şirkətlər yeni dərmanlar gətirir və biz həmin dərmanları pasiyentlərə təyin edirik.

Təzyiq xəstələrinin ən çox etdiyi yanlışlar bunlardır: birincisi, dərmanı özbaşına qəbul etmək, ikincisi isə dərmanı kəsməkdir. Düşünürlər ki, təzyiq düşdüsə, sağaldım və dərmanı kəsirlər. Bu da onların yan təsirlərinin daha çox üzə çıxmasına gətirib çıxarır.

Məsələn, quru öskürək verən dərmanlar var. Əgər gecə quru öskürək verirsə, bu, yaşlı xəstələrdə daha çox rast gəlinən yan təsirlərdən biridir. Biz onu quru öskürəyə səbəb olmayan dərmanlarla əvəz edirik.

Yaxud deyək ki, amlodipin çox şiddətli şiş verir. 10 mq dozada şiş verir. 5 mq dozaya keçdikdə bir az azalır, şiş çəkilir. Ona görə 5 mq dozada veririk. Görsək ki, 5 mq dozada da hər iki ayaqda ödem verir, o zaman onu da kəsib, ümumiyyətlə, amlodipin vermirik. Onu başqa komponentlə əvəzləyirik. Məsələn, güclər onun yerinə tam başqa dərman veririk”.

Günay Rəhimova vurğulayıb ki, yüksək təzyiq xəstələrdə iflicə, infarkta qədər gətirib çıxara bilər: “Ümumiyyətlə, bütün dərmanların yan təsirləri var. Hər xəstədə olmasa da, çox xəstədə rast gəlinir. Xəstə də bu yan təsirləri bilərək həkimə getməlidir ki, həkim onun bədəninə və yanaşı xəstəliklərinə uyğun olaraq dozada və dərman dəyişikliklərində fərqindəlik edə bilsin.

Təzyiq xəstəliyinin ən pis tərəfi odur ki, tutaq ki, dərman seçirsən, dərmanı davamlı içirsən, amma uzun müddət xəstə dərmansız qaldıqda deyir: “Mən təzyiqə belə öyrəşmişəm. Bu mənim işlək təzyiqimdir və mən bunu dəyişmək istəmirəm, özümü bu cür yaxşı hiss edirəm.

Bəli, yaxşı hiss edə bilər. Amma uzun dönəmdə gözlərdə, böyrəklərdə, qaraciyərdə və damarlarda geriyə dönülməz proseslər yaşanır. Yüksək təzyiq xəstələrdə iflicə, müəyyən qəfil aritmiyalara, infarkta qədər gətirib çıxara bilər”.

Günay Rəhimova əlavə edib: “Ona görə də davamlı və düzgün həkim nəzarətində, heç olmasa, 6 aydan bir müayinədən keçmək və müalicəni həkimin tövsiyəsinə uyğun davam etdirmək lazımdır”.

 

Günel Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir