Ailə bizneslərində əsas risklərdən biri şirkətin növbəti nəslə ötürülməsi zamanı üzə çıxır. Bir çox ailə gələcək rəhbərləri hazırlamağa diqqət yetirsə də, yeni nəslin şirkətin sahibi kimi hansı rolu oynayacağına kifayət qədər önəm vermir. Nəticədə ailə kağız üzərində biznesin sahibi olaraq qalsa da, real qərarvermə imkanlarını tədricən itirə bilər.
Ailə bizneslərində nəzarətin itirilməsi əksər hallarda bir böyük səhvin və ya böhranın nəticəsi olmur. Problem illər ərzində formalaşır və əsas səbəblərdən biri yeni nəslin sahiblik roluna lazımi şəkildə hazırlanmamasıdır.
Müəlliflər buna üçüncü nəsil ailəyə məxsus media şirkətinin nümunəsini göstərirlər. Şirkəti ölkənin ən böyük özəl qəzet bizneslərindən birinə çevirən ailə başçısının qəfil ölümündən sonra onun beş övladı idarə heyətinə daxil olur. Şirkətin gəlirləri güclü idi və biznesin dəyərinin 1 milyard dollara çatacağı gözlənilirdi. Buna baxmayaraq, cəmi üç il sonra ailə şirkəti əvvəlki dəyərinin yalnız bir hissəsinə satmaq məcburiyyətində qalır.
İlk baxışdan satışın səbəbi media sektorundakı dəyişikliklər və ənənəvi çap mediasından rəqəmsal platformalara keçidin yaratdığı çətinliklər idi. Lakin müəlliflərin qənaətinə görə, əsas problem daha əvvəl başlamışdı. Şirkətin əvvəlki rəhbəri növbəti nəsli biznesin idarə edilməsinə yetərincə cəlb etməmiş və real varislik planı yaratmayıb. Nəticədə övladlar şirkətin hüquqi sahiblərinə çevrilsələr də, qərarverməni peşəkar menecerlərə həvalə etmişdilər.
Varis var, amma səlahiyyət yoxdur
Məqalədə ailə bizneslərində nəzarətin zəifləməsinə səbəb olan üç əsas problem göstərilir.
Bunlardan birincisi yeni nəslin formal sahibə çevrilməsidir. Ailə üzvlərinə şirkətdə vəzifə və titul verilə bilər, lakin onların real qərarlara təsir imkanları məhdud qalır. Belə vəziyyətdə yeni nəsil zamanla həm öz bacarıqlarına, həm də biznesdəki roluna şübhə etməyə başlayır.
İkinci problem ailə üzvləri arasında rəqabətin təşviq edilməsidir. Gələcək rəhbəri müəyyənləşdirmək üçün bacı-qardaş və ya digər ailə üzvlərinin uzun müddət bir-biri ilə rəqabət aparması sonradan ciddi idarəetmə problemi yarada bilər. Çünki bir vaxtlar CEO vəzifəsi uğrunda rəqib olan şəxslər gələcəkdə eyni biznesin ortaq sahibləri kimi birlikdə qərar verməli olurlar.
Üçüncü risk isə yeni nəslin biznesdən uzaq saxlanılmasıdır. Nepotizm narahatlığı, gənc ailə üzvlərinin bacarıqlarına şübhə və mövcud rəhbərliyin ehtiyatlı davranması onların şirkətə qoşulmasını gecikdirə bilər. Nəticədə biznesə marağını itirən yeni nəsil təkcə şirkətdə işləməkdən deyil, onun idarə olunmasında iştirak etməkdən də uzaqlaşa bilər.
Ailə biznesi nə etməlidir?
Uğurlu nəsil dəyişikliyi üçün gələcək sahiblərin yalnız rəhbər kimi deyil, məhz sahib kimi hazırlanması vacibdir.
Yeni nəsil sahib kimi hüquq və vəzifələrini, biznes qarşısında hansı məqsədləri qoymalı olduğunu və rəhbərlikdən hansı nəticələri tələb edə biləcəyini bilməlidir. Eyni zamanda, ailədaxili münasibətlərin qorunması və gələcək sahiblərin şirkətlə əlaqəsinin kəsilməməsi vacib hesab olunur.
Ailə həmçinin vaxtaşırı daha fundamental bir suala cavab verməlidir: Biz hələ də bu biznes üçün doğru sahiblərikmi? Bunun üçün şirkətin uzunmüddətli inkişaf imkanları, rəqabət üstünlükləri və sahiblərin verdiyi qərarların keyfiyyəti qiymətləndirilməlidir.
Məqalənin əsas nəticəsi isə budur ki, ailə biznesləri çox vaxt bir yanlış qərara görə nəzarəti itirmir. Problem illər ərzində yığılan səhvlərdən, yeni nəslin sahiblik roluna hazırlanmamasından və qərarvermədən uzaqlaşdırılmasından yaranır. Nəticələr görünəndə isə problemin kökləri artıq onilliklər əvvələ gedib çıxa bilər.
Sərvanə Rəmixanova












































































































































































