Nermine Abbasova

Faringitlə zobu necə fərqləndirək? - HƏKİM DANIŞIR

Baxış sayı: 507

Boğazda ağrı, udqunma zamanı narahatlıq, boyunda sıxılma və ya şişkinlik hissi bir çox insanda eyni sualı yaradır: problem boğazdadır, yoxsa qalxanabənzər vəzidə? Xüsusilə faringitlə zobun bəzi əlamətləri bir-birinə bənzəyə bildiyi üçün insanlar bəzən bu iki vəziyyəti qarışdırırlar.

Mövzu ilə bağlı saytımıza danışan terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, əslində faringit və zob tamamilə fərqli problemlərdir. Onun sözlərinə görə, faringit əsasən udlağın iltihabıdır, zob isə qalxanabənzər vəzinin böyüməsi ilə bağlı vəziyyətdir.

Nərminə xanım qeyd etdi ki, onları fərqləndirmək üçün simptomların necə başladığına, ağrının xarakterinə və yanaşı əlamətlərə diqqət etmək lazımdır:

“Faringit udlağın selikli qişasının iltihabıdır. Buna viruslar, daha az hallarda isə bakteriyalar səbəb ola bilər. Xəstəlik çox vaxt soyuqdəymə və digər respirator infeksiyalarla birlikdə müşahidə edilir. Faringitin ən xarakterik əlaməti boğaz ağrısıdır. Xüsusilə udqunarkən ağrı daha da arta bilər. Bununla yanaşı, boğazda quruluq, qıcıqlanma, qaşınma və yad cisim hissi yarana bilər. Xəstədə burun axması, öskürək, səsdə dəyişiklik, halsızlıq və bəzi hallarda hərarət də müşahidə oluna bilər. Boğaza baxdıqda qızartı, bəzən isə badamcıqlarda iltihabi dəyişikliklər görünə bilər. Faringitdə boyunda hiss edilən narahatlıq adətən boğazdakı iltihabla əlaqəli olur və xəstəliyin gedişi ilə birlikdə azalır”.

Həkim deyir ki, zob qalxanabənzər vəzinin böyüməsidir. Qalxanabənzər vəz boynun ön hissəsində, qırtlaq və nəfəs borusunun qarşısında yerləşir. Vəzin böyüməsi müxtəlif səbəblərlə bağlı ola bilər və hər zob eyni simptomlarla müşayiət olunmur:

“Zobun əsas əlamətlərindən biri boynun ön hissəsində şişkinlik və ya böyümədir. Bəzən insan bunu güzgüdə görür, bəzən isə yalnız əllə toxunduqda hiss edir. Qalxanabənzər vəz böyüdükdə və ya vəzidə düyünlər olduqda boyunda sıxılma, boğazda yad cisim hissi, udqunma zamanı narahatlıq yarana bilər. Vəz çox böyüdükdə nadir hallarda nəfəs almaqda və ya udmaqda çətinlik də yarada bilər. Lakin vacib məqam budur ki, zob həmişə boğaz ağrısı yaratmır. Buna görə boğaz ağrısının olması avtomatik olaraq qalxanabənzər vəzidə problem olduğunu göstərmir.

Faringitlə zobu ayırmaq üçün bir neçə xüsusiyyətə diqqət etmək olar. Faringitdə əsas şikayət adətən boğaz ağrısı və udqunarkən ağrının artmasıdır. Xəstəlik çox vaxt qəfil başlayır və respirator infeksiya əlamətləri ilə müşayiət oluna bilər. Zobda isə daha çox boynun ön hissəsində böyümə, şişkinlik, təzyiq və sıxılma hissi ön plana çıxır. Bu dəyişikliklər bir neçə gün ərzində yaranmaya, uzun müddət davam edə bilər.

Bundan başqa, qalxanabənzər vəzin fəaliyyətində dəyişiklik varsa, xəstədə ürəkdöyünmə, həddindən artıq tərləmə, əllərdə titrəmə, əsəbilik, səbəbsiz çəki dəyişiklikləri, halsızlıq və temperaturaya həssaslıq kimi əlavə əlamətlər də yarana bilər. Lakin bu simptomların olması mütləq zob demək deyil və dəqiq səbəb yalnız tibbi müayinə ilə müəyyənləşdirilməlidir”.

Bir çoxu düşünür ki, boyunda ağrı varsa, bu mütləq faringitdir. Nərminə xanım deyir ki, bu yanlış fikirdir. Onun sözlərinə görə, boyun və boğaz nahiyəsində ağrı müxtəlif səbəblərdən yarana bilər:

“Qalxanabənzər vəzin bəzi xəstəliklərində də boynun ön hissəsində ağrı və həssaslıq müşahidə oluna bilər. Ona görə də uzun müddət davam edən, təkrarlanan və ya səbəbi aydın olmayan boğaz-boyun narahatlığını yalnız evdə müşahidə etməklə qiymətləndirmək düzgün deyil.  Boğaz ağrısı bir neçə gün ərzində yaxşılaşmırsa, tez-tez təkrarlanırsa, boyunda görünən və ya əllə hiss olunan şişkinlik yaranıbsa, udmaq və ya nəfəs almaq çətinləşirsə, həkim müayinəsi vacibdir.

Qalxanabənzər vəzidən şübhələnildikdə həkim boyun nahiyəsini müayinə edə, lazım gəldikdə qalxanabənzər vəzin ultrasəs müayinəsini və hormon analizlərini təyin edə bilər. Faringit ehtimalında isə boğaz və udlaq müayinəsi aparılır və vəziyyətə uyğun müalicə seçilir.

Faringit və zobun bəzi şikayətləri kimi – xüsusilə boğazda narahatlıq, udqunma zamanı çətinlik və yad cisim hissi – oxşar görünə bilər. Lakin bunların yaranma səbəbi fərqlidir”.

Ailə həkimi bildirdi ki, ən vacib məqam özbaşına antibiotik, hormon və ya digər dərman qəbul etməməkdir. Boğaz ağrısını hər dəfə antibiotiklə müalicə etmək düzgün olmadığı kimi, boyundakı hər şişkinliyi də zob hesab etmək olmaz. Onun sözlərinə görə, sağlamlıqla bağlı şikayətin səbəbini dəqiq müəyyənləşdirməyin ən doğru yolu həkim müayinəsidir. Həkim vurğuladı ki, xüsusilə boyunda yeni yaranmış və davamlı şişkinlik müşahidə olunursa, bunu gecikdirmədən mütəxəssisə göstərmək lazımdır.

Pəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir