pul

Maaşınız artıbsa, əlavə pulu necə idarə etməlisiniz?

Baxış sayı: 560

Maaş artımı daha çox xərcləmək imkanı yaratsa da, əlavə gəlirin düzgün idarə olunması uzunmüddətli maliyyə vəziyyətinə ciddi təsir göstərə bilər. Mütəxəssislər maaş artımından sonra xərcləri dərhal artırmaq əvəzinə, borcları azaltmağı, ehtiyat fondu yaratmağı və gəlirin müəyyən hissəsini investisiyaya yönəltməyi tövsiyə edirlər.

“JPMorgan Chase”in maliyyə mütəxəssislərinin hazırladığı materialda maaş artımından sonra əlavə gəlirin necə idarə edilə biləcəyi açıqlanıb.

 

Əvvəlcə yüksək faizli borcları azaldın

Mütəxəssislərin fikrincə, əlavə gəlirin istifadə edilə biləcəyi ilk istiqamətlərdən biri yüksək faizli kredit və digər borcların ödənilməsidir. Yüksək faizlər zaman keçdikcə borcun daha da böyüməsinə və şəxsi büdcəyə əlavə yük yaratmasına səbəb ola bilər.

Borcları azaltmaq üçün iki geniş yayılmış yanaşma göstərilir. “Qartopu” üsulunda əvvəlcə məbləği ən az olan borclar bağlanır. “Uçqun” üsulunda isə ən yüksək faizli borcun ödənilməsinə üstünlük verilir. İkinci üsul maliyyə baxımından borcun daha sürətli azaldılmasına imkan verir.

 

Ehtiyat fondu yaradın

Maaş artımından əldə olunan əlavə vəsaitin bir hissəsini gözlənilməz xərclər üçün saxlamaq da tövsiyə olunur. Belə ehtiyat avtomobil və ya evdə qəfil təmir xərcləri, işsiz qalmaq və digər gözlənilməz vəziyyətlərdə yeni borclanmanın qarşısını ala bilər.

Materialda ehtiyat fondunda ən azı 3-6 aylıq zəruri yaşayış xərclərinə bərabər vəsaitin saxlanmasının geniş yayılmış yanaşma olduğu bildirilir. Bununla belə, hətta bir aylıq xərcləri qarşılayacaq ehtiyatın olması belə heç olmamasından daha yaxşı hesab edilir.

 

Maaş artır, xərclər də artır

Maaş artımından sonra qarşıya çıxan əsas risklərdən biri “həyat tərzi inflyasiyası”dır. Gəlir yüksəldikcə insan fərqinə varmadan xərclərini də artırmağa başlayır. Bu, daha bahalı avtomobil almaq kimi böyük qərarlardan tutmuş, daha tez-tez restoranda yemək kimi kiçik xərclərə qədər özünü göstərə bilər. Bunun qarşısını almağın yollarından biri maaş artımı gündəlik xərclərin bir hissəsinə çevrilməzdən əvvəl əlavə gəlirin müəyyən hissəsini avtomatik olaraq yığım və investisiyaya yönəltməkdir.

 

Əlavə gəlirin bir hissəsini investisiyaya yönəltmək olar

Yüksək faizli borclar azaldıldıqdan və 3-6 aylıq ehtiyat fondu yaradıldıqdan sonra diqqəti uzunmüddətli maliyyə məqsədlərinə yönəltmək mümkündür. Səhmlər, istiqrazlar, investisiya fondları və birjada ticarət olunan fondlar (ETF) uzunmüddətli investisiya seçimləri arasında göstərilir. Bununla belə, investisiyaların risk daşıdığı və gəlirin təmin edilmədiyi vurğulanır.

 

Əsas məsələ maaşın nə qədər artması deyil

Mütəxəssislərin yanaşmasına görə, maaş artımından maksimum faydalanmaq üçün əlavə gəliri əvvəlcədən müəyyən edilmiş məqsədlər arasında bölüşdürmək daha məqsədəuyğundur. Yığım və investisiyaların avtomatlaşdırılması isə bu prosesi asanlaşdıra bilər. Beləliklə, maaş artımı yalnız daha çox xərcləmək üçün fürsət deyil. Düzgün planlaşdırıldığı halda əlavə gəlir borcların azalmasına, maliyyə ehtiyatının yaranmasına və uzunmüddətli kapitalın formalaşmasına kömək edə bilər.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir