Terane Terlan

Yeni evlənənlərin ilk ilində ən çox yaşadığı problemlər

Baxış sayı: 214

Evliliyin ilk ili iki insanın bir-birini sevməsindən daha çox, bir-birini real həyatın içində tanımağa başladığı dövrdür. Sevgili olarkən və ya nişanlılıq mərhələsində münasibətin daha çox romantik tərəfləri ön planda ola bilər. Evliliklə birlikdə isə gündəlik həyatın məsuliyyətləri, maddi məsələlər, ev işləri, ailələrlə münasibətlər və şəxsi vərdişlər eyni məkanda üzə çıxmağa başlayır.

Məhz buna görə yeni evlənənlərin ilk ilində müəyyən çətinliklərin yaranması qeyri-adi deyil. Əsas məsələ bu problemlərin mövcudluğu yox, cütlüyün onları necə həll etməsidir.

 

Evlilikdən əvvəl görünməyən fərqlər ortaya çıxır

İki insan bir-birini nə qədər yaxşı tanıdığını düşünsə də, birlikdə yaşamaq tamamilə fərqli təcrübədir. İnsan həyat yoldaşının yuxu rejimini, evdə davranışlarını, pul xərcləmə vərdişlərini, təmizlik anlayışını, stress zamanı reaksiyasını və gündəlik məsuliyyətlərə münasibətini məhz birgə yaşayış zamanı daha yaxından görür.

Bəzən əvvəllər əhəmiyyətsiz görünən fərqlər evlilikdən sonra ciddi narazılıq mənbəyinə çevrilir. Birinin səliqə anlayışı digərinə həddindən artıq tələbkar, birinin qənaətcilliyi digərinə isə xəsislik kimi görünə bilər.

Burada əsas səhv fərqli olmağı problem kimi qəbul etməkdir. Evlilikdə məqsəd iki insanın tamamilə eyni düşünməsi deyil. Əsas məsələ fərqliliklərə baxmayaraq ortaq qaydalar yarada bilməkdir.

 

“Evdə kim nə etməlidir?” sualı

İlk aylarda ən çox qarşılaşılan məsələlərdən biri ev işlərinin bölüşdürülməsidir.

Bəzən tərəflər evlilikdən əvvəl bu barədə heç danışmırlar. Hər ikisi digərinin müəyyən işləri avtomatik şəkildə görəcəyini düşünür. Nəticədə görülən və görülməyən işlər üzərindən narazılıqlar başlayır.

Burada yalnız yemək bişirmək, təmizlik etmək və alış-verişə getmək kimi görünən işlərdən söhbət getmir. Evdə hansı məhsulun bitdiyini yadda saxlamaq, hesabları ödəmək, qonaqlığı təşkil etmək, ailə ilə bağlı planları düşünmək kimi görünməyən məsuliyyətlər də insanda yorğunluq yarad bilər.

Bu səbəbdən “Mən səndən daha çox iş görürəm” mübahisəsindən əvvəl bütün məsuliyyətlərin açıq şəkildə danışılması daha sağlam yanaşmadır.

 

Maddi məsələlər münasibəti sınağa çəkir

Sevgi ilə yanaşı, pul məsələsi də evliliyin ilk ilində ən çox müzakirə olunan mövzulardan biridir.

Tərəflərdən biri qənaət etməyə, digəri isə daha rahat xərcləməyə meyilli ola bilər. Kimin nə qədər qazandığı, ümumi büdcənin necə idarə olunacağı, şəxsi xərclərin sərhədi, borclar və gələcək üçün yığım kimi məsələlər əvvəlcədən danışılmadıqda konflikt yarada bilər.

Əslində pul haqqında danışmaq romantikanı azaltmır. Əksinə, maliyyə məsələlərində aydınlıq münasibətdə güvəni artırır.

 

Valideynlərin müdaxiləsi

İlk ildə gənc cütlüklərin qarşılaşdığı başqa bir problem də hər iki tərəfin ailəsi ilə münasibətlərin yeni formada qurulmasıdır.

Valideynlərin məsləhət verməsi normaldır. Ancaq məsləhət qərara çevriləndə problem başlayır. “Bizim ailədə həmişə belə olub”, “Anam belə məsləhət gördü” və ya “Atam deyir ki…” kimi ifadələr həyat yoldaşları arasında gərginlik yarada bilər.

Evlənən iki insan tədricən öz ailə sistemini qurmalıdır. Bu, valideynlərdən uzaqlaşmaq deyil. Sadəcə, ailə ilə bağlı əsas qərarların ər-arvad arasında verilməsi deməkdir.

 

Romantik gözləntilər və real həyat

Bəzən insanlar evlilikdən sonra münasibətin əvvəlkindən daha romantik olacağını düşünürlər. Halbuki gündəlik həyat romantik anlarla yanaşı, yorğunluq, iş, məişət problemləri və məsuliyyətlər də gətirir.

Bir müddət sonra tərəflərdən biri “əvvəl mənə daha çox diqqət göstərirdi” deyə bilər. Digəri isə “artıq əvvəlki kimi vaxtım yoxdur” düşüncəsinə qapıla bilər.

Burada münasibətin bitdiyini düşünmək əvəzinə, romantikanın artıq planlı şəkildə qorunmasına ehtiyac olduğunu qəbul etmək lazımdır. Birlikdə yemək yemək, söhbət etmək, telefondan uzaq vaxt keçirmək və sadəcə ikinizə aid kiçik ənənələr yaratmaq münasibətin emosional tərəfini canlı saxlaya bilər.

 

Mübahisələrdən qaçmaq həmişə yaxşı deyil

Bəzi yeni evlənənlər münasibətlərini qorumaq üçün heç mübahisə etməməyə çalışırlar. Narazılıqlarını içlərində saxlayır, qarşı tərəfi incitməmək üçün susurlar.

Lakin yığılan narazılıqlar zamanla daha böyük partlayışa səbəb ola bilər.

Sağlam münasibətdə fikir ayrılığının olması normaldır. Əsas məsələ mübahisə zamanı qarşı tərəfin şəxsiyyətini alçaltmamaq, keçmişdəki bütün problemləri ortaya tökməmək və “sən həmişə”, “sən heç vaxt” kimi ümumiləşdirici ifadələrdən mümkün qədər uzaq durmaqdır.

Problemi insanın özündən ayırmaq lazımdır. “Sən məsuliyyətsizsən” demək əvəzinə, “Bu məsuliyyətin mənim üzərimdə qalması məni yorur” demək qarşı tərəfin müdafiəyə keçməsinin qarşısını ala bilər.

 

Şəxsi məkan ehtiyacı

Evlilik iki insanın bütün vaxtını birlikdə keçirməsi demək deyil.

Bəzən tərəflərdən biri dostları ilə görüşmək, tək qalmaq, hobbiləri ilə məşğul olmaq və ya sadəcə sakit vaxt keçirmək istəyir. Digər tərəf bunu sevgisizlik kimi qəbul edə bilər.

Halbuki sağlam münasibətdə yaxınlıqla yanaşı fərdilik də qorunmalıdır. İnsan özünü münasibətin içində itirməməlidir. Hər iki tərəfin şəxsi maraqlarına və müəyyən qədər şəxsi məkanına hörmət edilməsi münasibəti zəiflətmir, əksinə, daha sağlam edir.

 

İlk il “mükəmməl ailə” yaratmaq dövrü deyil

Yeni evlənən cütlüklərin ən böyük səhvlərindən biri qısa müddətdə hər şeyi ideal vəziyyətə gətirməyə çalışmaqdır. Halbuki ailə modeli bir gündə formalaşmır.

İlk il bir-birinin vərdişlərini öyrənmək, sərhədləri müəyyənləşdirmək, məsuliyyətləri bölüşmək və “biz” anlayışını yaratmaq mərhələsidir.

Bu müddətdə müəyyən narazılıqların olması münasibətin uğursuz olduğunu göstərmir. Əsas təhlükə problemlərin özündən çox, onların danışılmaması, tərəflərin bir-birini cəzalandırması, təhqir etməsi və ya bütün məsuliyyəti qarşı tərəfin üzərinə atmasıdır.

Evlilikdə ən vacib bacarıqlardan biri “mən haqlıyam” deməkdən çox, “biz bu problemi necə həll edə bilərik?” sualını verə bilməkdir.

İlk il ərzində yaranan çətinliklər əslində cütlüyə bir-birini daha dərindən tanımaq və öz ailə qaydalarını formalaşdırmaq üçün imkan yarada bilər. Çünki sağlam ailə problemsiz ailə deyil; problemləri danışa, bir-birini eşidə və birlikdə həll edə bilən ailədir.

 

Psixoloq Təranə Tərlan

International Association of Applied Psychology (IAAP) üzvü

 

Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.

GENCAILE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir