Bir çoxumuz həyatımızda ən azı bir dəfə eyni sualla üz-üzə qalmışıq: “Bu münasibət mənə xoşbəxtlik gətirmir, bunu bilirəm — bəs niyə hələ də davam edirəm?” Cavab, çox vaxt düşündüyümüzdən daha dərində, uşaqlıqda, öz dəyərimizə inamımızda və ən əsası — tək qalmaq qorxusunda gizlənir.
Sevgi ilə vərdiş arasındakı incə xətt.
İnsan bəzən münasibətdə qalır, çünki o insanı sevir. Amma bəzən qalır, çünki tənhalığın hissindən daha çox qorxur. Bu iki vəziyyət kənardan eyni görünə bilər — eyni ev, eyni söhbətlər, eyni gündəlik ritual. Amma daxildə fərq böyükdür: biri bağlılıqdan doğur, digəri boşluqdan qaçışdan.
Tək qalmaq qorxusu yaşayan insan üçün pis münasibət belə, heçlikdən “yaxşı” görünür. Çünki insan beyni qeyri-müəyyənlikdən daha çox qorxur, nəinki tanış olan pisdən. Bilinən ağrı, bilinməyən boşluqdan tez-tez daha “təhlükəsiz” seçim kimi qəbul olunur — halbuki elə deyil.
Erix Frommun yanaşmasına görə, sağlam sevgi insanın təkliyini dolduran sığınacaq deyil. İnsan əvvəlcə tək qala bilən, öz dəyərini hiss edən şəxs olduqda münasibət seçimi qorxudan deyil, azad iradədən doğur. Başqa sözlə, bəzən insan əslində sevgiyə deyil, tərk edilməmək hissinə bağlanır — və bu iki bağlılıq kənardan bir-birinə çox bənzəsə də, kökləri tamam fərqlidir.
Belə insanların daxili dünyasında tez-tez bu cür səslər eşidilir: “Bəlkə bundan yaxşısı olmayacaq”, “ya bir daha heç kim məni sevməsə?”, “mən tək qaldım”, “indi ayrılsam, sonra peşman olaram”, “heç olmasa yanımda biri var”. Bu düşüncələr münasibətdəki real problemləri — hörmətsizliyi, laqeydliyi, davamlı gərginliyi — “normal” kimi qəbul etdirir və insanı öz həqiqi hisslərindən uzaqlaşdırır.
Kök haradan gəlir?
Bu qorxunun çox vaxt kökü uşaqlıq dövrünə gedib çıxır. Uşaqlıqda sevgi şərtsiz deyil, nəticəyə görə verilibsə — “yaxşı davransan sevilirsən”, “gözlədiyim kimi olsan qiymətlisən” — böyüdükdə insan sevgini də eyni məntiqlə qəbul edir: onu almaq üçün özünü YOX saylmalı, hər zaman mütləq şəkildə güzəştə getməli, hətta özünü tamamiylə unutmalıdır.
Digər tərəfdən, uşaqlıqda diqqətsiz qalmış, “mən kiməsə lazımam” hissini yaşamamış insan da böyüdükdə bu boşluğu doldurmaq üçün ilk əlinə keçən münasibətə bağlana bilər — sağlam olub-olmamasından asılı olmayaraq. Çünki tanınmaq, görünmək ehtiyacı bəzən sağlamlıq meyarlarından da güclü olur.
Özünəinam çatışmazlığı və “layiq deyiləm” düşüncəsi
Uyğun olmayan münasibətdə qalmağın başqa bir səbəbi də insanın öz dəyərinə inanmamasıdır. “Bundan yaxşısını tapa bilmərəm”, “bu yaşda, bu şəraitdə kim məni istəyər?” kimi daxili səslər insanı real seçimlərini görməkdən məhrum edir. Bu düşüncələr adətən reallığı əks etdirmir — sadəcə köhnə yaralardan, tənqidlə böyümüş bir uşaqlığın izlərindən qaynaqlanır.
Belə insan üçün münasibətdən ayrılmaq təkcə o insanı itirmək demək deyil — bu, həm də “məni kimsə istəməyəcək” qorxusu ilə üz-üzə qalmaq deməkdir. Ona görə də insan bəzən pis münasibəti “heç olmasa nəyisə” kimi saxlamağa çalışır.

Tək qalmaq və tənhalıq eyni anlayış deyil
Burada vacib bir fərqi qeyd etmək lazımdır: tək olmaqla özünü tənha hiss etmək eyni bir anlayış deyil. İnsan münasibətdə olduğu halda da dərin tənhalıq yaşaya bilər — bəzən yanında olan insanla emosional bağın olmaması, fiziki tənhalıqdan daha ağır olur.
Sağlam münasibət insanın tənhalığını “müalicə etmək” üçün qurulmur; o, iki müstəqil insanın bir-birinə yoldaş olmasıdır. İnsan əvvəlcə öz dəyərinin və həyatının münasibətdən asılı olmadığını hiss etməlidir — tək qala bilmə bacarığı, əslində, sağlam yaxınlığın zəminidir.
Əslində ən dərin tənhalıq tək olmaq deyil — özünü ifadə edə bilmədiyin, olduğun kimi görünə bilmədiyin münasibətdə yaşamaqdır. Tək qalmaqdan qorxan insan çox vaxt qarşısındakı insanı deyil, onu itirmək ehtimalını qoruyur. Belə olduqda münasibət artıq şüurlu bir seçim deyil, psixoloji sığınacağa çevrilir.
Qərarsızlıq yaşayan insan özünə bir neçə sual verə bilər:
1) Mən bu insanın yanındayam, çünki onu istəyirəm, yoxsa tək qalmaqdan qorxduğum üçün?
2) Bu münasibətdə özümü dəyərli və təhlükəsiz hiss edirəmmi?
3) Tək qalmaq qorxum olmasaydı, yenə də bu münasibəti seçərdimmi?
4) Qarşı tərəfin indiki davranışlarını qəbul edirəm, yoxsa dəyişəcəyinə ümid edirəm?
5) Bu münasibət həyatımı zənginləşdirir, yoxsa yalnız boşluğumu doldurur?
Bu sualların səmimi cavabı insana öz həqiqi ehtiyaclarını daha aydın göstərir.
Bəs nə etməli?
İlk addım — fərqinə varmaqdır. Münasibətdə qalmağın həqiqətən sevgidən, yoxsa qorxudan qaynaqlandığını dürüst şəkildə özündən soruşmaq lazımdır. Bu suala cavab vermək asan deyil, çünki insan çox vaxt öz motivlərini özündən də gizlədir.
İkinci addım — özünə dəyər vermək bacarığını inkişaf etdirməkdir. Bu, bir gündə baş verən proses deyil; amma kiçik addımlarla — öz sərhədlərini qoymaq, öz ehtiyaclarını dilə gətirmək, özünü tənqid etmək yerinə özünü anlamaqla — mümkündür.
Üçüncü və bəlkə də ən vacib addım — tənhalıqla barışmaqdır. Tək qalmaq bacarığı olan insanda münasibət ehtiyacdan deyil, istəkdən yaranır. Bu fərq isə bütün münasibətin xarakterini dəyişir: artıq qorxudan yox, seçimdən qurulan bir bağlılıq yaranır.
Və unutmamalıyıq: bəzən bu prosesi tək başımıza aşmaq çətin olur. Belə hallarda psixoloq dəstəyi almaq zəiflik deyil, əksinə, özünə göstərilən ən böyük qayğıdır. Çünki sağlam münasibət qurmağın yolu, ilk növbədə özümüzlə qurduğumuz münasibətdən keçir.
Sağlam sevgi insanı tamamlamır — o, artıq özünü itirməyən iki bütöv insanı bir araya gətirir.
Bəzən insanın həyatında verməli olduğu ən çətin qərar münasibətdən getmək deyil, tək qalmaqdan artıq qorxmamağı öyrənməkdir.
Psixoloq Gültəkin Knyazova
Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.












































































































































































