Ulker Zulfuqarova

Boşanma zamanı uşaqların valideynləri manipulyasiya etməsi: Uşağın davranışının arxasında nə dayanır?

Baxış sayı: 163

Boşanma yalnız ər-arvad münasibətinin sona çatması deyil, bütün ailə sisteminin dəyişməsi deməkdir. Bu prosesdən ən çox təsirlənənlər isə çox zaman uşaqlar olur. Valideynlərin ayrılması ilə uşaq özünü iki tərəf arasında qalmış hiss edə, əvvəlki həyat tərzinin dəyişməsindən qorxa və hansı valideynə daha yaxın olmalı olduğunu düşünə bilər.

Belə vəziyyətlərdə uşağın davranışında müxtəlif dəyişikliklər müşahidə olunur. Bəzən uşaq valideynlərdən birinə “Mən atamla qalmaq istəyirəm”, “Anam məni sevmir”, “Sən məni sevirsənsə, bunu mənim üçün etməlisən” kimi ifadələr deyə bilər. Hətta bəzi hallarda uşağın valideynlərdən birini öz istəklərinə uyğun davranmağa məcbur etməyə çalışdığı görünür.

Lakin burada vacib bir məqam var: uşağın hər tələbkar və ya emosional davranışını manipulyasiya kimi qiymətləndirmək düzgün deyil.

 

Uşaq niyə valideynləri bir-birinə qarşı istifadə etməyə çalışa bilər?

Boşanma dövründə uşaq çoxsaylı emosiyalar yaşayır. Qorxu, qəzəb, günahkarlıq, narahatlıq, kədər və itirmək qorxusu onun davranışına təsir göstərə bilər.

Bəzən uşaq valideynlərin arasındakı konfliktin fərqinə varır və özünü qorumaq üçün müəyyən davranış strategiyaları formalaşdırır. Məsələn, hansı valideynin hansı istəyinə daha asan “hə” dediyini öyrənə və bundan istifadə edə bilər.

“Anam icazə vermir, atam deyib ki, olar”, “Atam məni aparmır, sən aparmalısan”, “Sən məni sevirsənsə, mənim dediyimi etməlisən” kimi cümlələr bəzən uşağın valideynlər arasındakı fikir ayrılığından yararlanmasına çevrilə bilər.

Amma bu davranışın altında çox vaxt sadəcə “hiyləgərlik” deyil, nəzarəti itirmiş uşağın vəziyyəti öz xeyrinə idarə etməyə çalışması dayanır.

 

Uşağı valideynlər arasında seçim etməyə məcbur etmək olmaz

Boşanma zamanı ən böyük səhvlərdən biri uşağın tərəf seçməyə məcbur edilməsidir.

“Ananı çox istəyirsən, yoxsa atanı?”, “Atan belə etdi, sən onunla necə görüşmək istəyirsən?”, “Anan haqqında nə düşünürsən?” kimi suallar uşağı böyüklərin konfliktinə cəlb edir.

Uşaq hər iki valideyni sevə bilər. Valideynlərin ayrılması onun da onlardan birindən ayrılmalı olduğu anlamına gəlmir.

Əgər valideynlərdən biri digərini uşağın yanında pisləyirsə, uşaq zamanla həmin valideynin dediklərini öz fikri kimi ifadə etməyə başlaya bilər. Buna görə də uşağın söylədiyi hər fikrin onun müstəqil düşüncəsi olduğunu düşünmək doğru deyil. Eyni zamanda uşağın hər sözünü digər valideynin təsiri ilə izah etmək də düzgün yanaşma deyil.

 

“Mənim tərəfimdə ol” mesajı uşağa ağır yük verir

Bəzən valideynlər bunu açıq şəkildə deməsələr də, davranışları ilə uşağa belə bir mesaj ötürürlər: “Mənim tərəfimdə ol.”

Məsələn, valideyn uşağa digər valideyn haqqında şikayət edir, onun səhvlərini danışır, aliment, məhkəmə, əmlak və digər böyüklərə aid məsələləri uşağın yanında müzakirə edir.

Uşaq isə bu məlumatların içində özünü məsul hiss etməyə başlayır. Hətta bəzən valideynlərdən birini qorumağın öz vəzifəsi olduğunu düşünür.

Bu vəziyyətdə uşaq valideynlər arasında vasitəçi və ya “hakim” roluna keçə bilər. Halbuki bu rol uşağın deyil, böyüklərin məsuliyyətidir.

 

Uşağın istəyi ilə manipulyasiyanı necə ayırd etmək olar?

Əvvəlcə uşağın yaşını, emosional vəziyyətini və konkret şəraitini nəzərə almaq lazımdır.

Uşaq “Mən bu gün atamın yanında qalmaq istəyirəm” deyirsə, bu, avtomatik olaraq manipulyasiya demək deyil. Ola bilər ki, həmin gün atası ilə daha çox vaxt keçirmək istəyir.

Amma uşaq davamlı olaraq valideynlər arasındakı konfliktlərdən öz marağı üçün istifadə edir, bir valideynin sözünü digərinə qarşı qoyur və “sən bunu etməsən, atama deyəcəyəm” kimi ifadələrlə təzyiq göstərirsə, burada sərhədlərin müəyyənləşdirilməsinə ehtiyac yarana bilər.

Valideyn uşağı günahlandırmaq əvəzinə sakit şəkildə sərhəd qoymalıdır:

“Sənin istəyini başa düşürəm. Amma ana və ata ilə bağlı qərarları böyüklər birlikdə həll etməlidir.”

Bu cür yanaşma həm uşağın hisslərini qəbul edir, həm də onun böyüklərin məsuliyyətini üzərinə götürməsinin qarşısını alır.

 

Uşağı məlumat daşıyıcısına çevirməyin

Boşanmış valideynlər arasında ünsiyyət çətinləşdikdə uşağın “xəbərçi” kimi istifadə edilməsi də geniş yayılmış səhvlərdəndir.

“Anana de ki, alimenti vaxtında ödəsin.”

“Atana de ki, sabah səni mən aparacağam.”

“Anandan soruş gör, niyə belə qərar verib.”

Bu cümlələr sadə görünsə də, uşağı valideynlər arasındakı kommunikasiya vasitəsinə çevirir.

Valideynlər arasında mümkün qədər birbaşa və sakit ünsiyyət qurulmalıdır. Əgər münasibət bunu mümkün etmirsə, mediatorun dəstəyi ilə uşağın mənafeyini əsas götürən razılaşmalar hazırlamaq mümkündür.

 

Uşağın qarşısında “yaxşı valideyn” yarışına girməyin

Boşanma zamanı bəzi valideynlər uşağın sevgisini qazanmaq üçün bir-biri ilə rəqabət aparmağa başlayırlar.

Biri bahalı hədiyyə alır, digəri daha çox pul xərcləyir. Biri bütün qaydaları aradan qaldırır, digəri uşağın nizam-intizamını qorumağa çalışır.

Belə vəziyyətdə uşaq zamanla valideynləri müqayisə etməyə başlayır:

“Anam mənə icazə verir, sən niyə vermirsən?”

“Atam mənə istədiyim hər şeyi alır.”

Burada problem uşağın özündə deyil. Uşaq sadəcə böyüklərin yaratdığı fərqli sərhədlərə uyğunlaşır.

Valideynlər bir-birinin eynisi olmaq məcburiyyətində deyillər. Lakin uşağın əsas ehtiyacları, təhlükəsizliyi və tərbiyəsi ilə bağlı fundamental məsələlərdə mümkün qədər ardıcıl mövqe nümayiş etdirmək vacibdir.

 

Uşağa “sən günahkar deyilsən” mesajını verin

Boşanma zamanı uşağın ən böyük qorxularından biri valideynlərinin ayrılmasına özünün səbəb olduğunu düşünməsidir.

Bu səbəbdən uşağa açıq şəkildə bildirilməlidir:

“Bu, böyüklərin qərarıdır. Sənin heç bir günahın yoxdur.”

Eyni zamanda valideynlər uşağın qarşısında digər tərəfi günahlandırmaqdan çəkinməlidirlər. Uşaq üçün “anam haqlıdır, atam günahkardır” və ya əksinə, yanaşması onun daxili konfliktini daha da gücləndirə bilər.

 

Uşağın mənafeyi böyüklərin mübahisəsindən üstün olmalıdır

Boşanma zamanı valideynlər arasında hüquqi və ya şəxsi mübahisələrin olması mümkündür. Lakin uşaq həmin mübahisənin alətinə çevrilməməlidir.

Uşağın “kim haqlıdır?” sualının cavabını tapmaq məcburiyyətində olmadığını böyüklər anlamalıdır.

Əsas məqsəd uşağın hər iki valideynlə münasibətinin mümkün qədər sağlam şəkildə qorunması, onun emosional təhlükəsizliyinin təmin edilməsi və böyüklərin konfliktindən uzaq tutulmasıdır.

Əgər uşağın davranışında kəskin dəyişikliklər, davamlı aqressiya, valideynlərdən birini digərinə qarşı qoyma, görüşlərdən imtina və ya güclü emosional reaksiyalar müşahidə olunursa, məsələni yalnız “uşaq bizi manipulyasiya edir” kimi qiymətləndirmək əvəzinə psixoloq dəstəyi almaq faydalıdır.

Çünki bəzən uşağın “idarə edən” kimi görünən davranışının arxasında əslində qorxan, çaşqın və valideynlərini itirməkdən narahat olan bir uşaq dayanır.

Boşanma münasibətin bitməsidir, amma valideynlik bitmir. Ər-arvad olmaq sona çata bilər, lakin ana və ata olmaq davam edir. Buna görə də böyüklərin əsas sualı “Mən bu mübahisədə necə qalib gələcəyəm?” deyil, “Bu prosesdə uşağımın psixoloji təhlükəsizliyini necə qoruya bilərəm?” olmalıdır.

 

Ülkər Zülfüqarova

Psixoloq və mediator

 

Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.

GENCAILE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir