Günümüzdə azadlıq dedikdə adətən insanın heç bir sərhəd tanımadan hər şeyi etməsi başa düşülür. Lakin insanı düşünməyə sövq edən əsas sual budur: Əgər azad olmaq hər şeyi etmək mənasına gəlirsə, siqaret çəkərək, mənfi vərdişlərə qurşanaraq və ya sağlam olmayan münasibətlər quraraq sağlamlığımızı itirərkən necə azad ola bilərik? Azad olub hər şeyi etməyi nəzərdə tuturuqsa, hər gün az-az ölərək azadlığa qovuşmuşmu oluruq, yoxsa ondan uzaqlaşmışmı?
Bu sual insana azadlığın onu məhv edən yollarda deyil, əksinə, dəyər qatacaq və qoruyacaq seçimlərdə olduğunu göstərir. Seçimlər deyəndə ağlımdan “Zindan adası” filmində səslənən çox gözəl bir fikir keçir. Orada deyilir: “Ağıllılıq bir seçim deyil, ona sahib olmağı seçə bilməzsən.” Bəli, həqiqətən də doğrudur. Hər kəsdə idrak prosesləri fərqli və özünəməxsusdur; məqsədyönlü iradə, ağlın keyfiyyətləri kimi xüsusiyyətlər hər birimizdə fərdidir.
Amma anadangəlmə zəka səviyyəsini seçmək şansımız olmasa da, iradəmizi və iradi keyfiyyətlərimizi inkişaf etdirmək öz seçimimizdir. Bunun üçün hər sabah öz versiyamızın ən yaxşısını yaratmağa səy göstərməliyik ki, daha güclü, iradəli və məqsədyönlü “mən” yarada bilək və seçimlərimizi həqiqi mənada azad ola biləcəyimiz istiqamətlərə yönəldək.
Saxta rahatlıq və həqiqi zəncirləri qırmaq
“Biz hər şeyi edə bilərik” adı altında düşündüyümüz azadlığın saxta rahatlığı bizə necə də cazibədar gəlir, elə deyilmi? Amma həqiqi mənada azad olmaq anlayışını dərk etmək və bunu davranışlarımızda göstərmək bizə bir o qədər uzaq və çətin görünür.
İndi gəlin bərabər düşünək: Əsarətdə olan birinin həqiqətən azadlığa çıxmasının necə böyük bir mübarizə olduğunu xəyal etmək çətin deyil. Deməli, mənəvi olaraq özünə hakim olmaq, nəfsin və zərərli vərdişlərin əsirindən qurtulub həqiqi azadlığı yaşamaq da bir o qədər çətindir. Çünki azadlığın saxta rahatlığı ilə həqiqi zəncirləri qırmağın çətinliyi arasında böyük bir iradə mübarizəsi dayanır. Təbii ki, bu, asan olmayacaq. Amma həqiqi azadlığa qovuşmaq — məhz bir əsirin qollarındakı zəncirləri qırıb, çiyinlərindəki ağır yüklərdən və qaranlıqdan qurtularaq aydınlığa çıxdığı andakı ruh halıdır.

Yeniyetməlik və iradi azadlıq
Bu azadlıq və iradə məsələsi xüsusilə yeniyetmələr üçün həyati əhəmiyyət daşıyır. Çünki yeniyetməlik dövrü insanın “Mən kiməm?” sualına cavab axtardığı, özünü azad bir fərd kimi təsdiqləmək istədiyi ən həssas mərhələdir. Təəssüf ki, bu yaşda azadlıq anlayışı çox vaxt böyüklərin sözünə baxmamaq, qaydaları pozmaq və ya mənfi vərdişlərə qurşanmaqla səhv salınır. Yoldaş təzyiqi altında zərərli vərdişlərə başlamaq və ya “populyar olmaq” naminə öz dəyərlərindən güzəştə getmək azadlıq deyil; əksinə, başqalarının fikirlərinin və asılılıqların əsirinə çevrilməkdir. Yeniyetmələrə aşılanmalı olan ən vacib həqiqət budur: Həqiqi azadlıq kütlənin arxasınca getmək deyil, öz gələcəyinə zərər vuracaq seçimə “yox” deyə bilmək, yəni özünə hakim olmaqdır.
İoanna Kuçuradi: fikrə hörmət, bilik və inanc fərqi
Azadlıq deyəndə hər zaman ilk ağlıma gələn isim filosof İoanna Kuçuradidir. Çünki mənim azadlıq haqqında olan fikirlərimin dəyişməsində məşhur filosof İoanna Kuçuradinin bənzərsiz fikirləri böyük rol oynamışdır.
Biz gündəlik həyatda və xüsusilə yeniyetmələrin öz aralarındakı müzakirələrdə tez-tez bu cümləni eşidirik: “Mən sənin fikrinə hörmətlə yanaşıram.” Lakin Kuçuradi bu anlayışa çox gözəl bir aydınlıq gətirir. O deyir ki, fikirlər hörmət mövzusu deyil, fikirlər qiymətləndirmə mövzusudur. Hörmət ediləsi tək şey isə fikrin sahibidir – yəni insanın özüdür.
(Burada xüsusilə bir mötərizə açmaq istəyirəm: Bizlər – xüsusilə də kimliyini formalaşdıran yeniyetmələr – bəzən, hətta çox zaman qarşılıqlı fərqli fikirlər söyləyəndə, bir-birimizin düşüncəsini qiymətləndirib razılaşmayanda qarşı tərəf bunu “O məni əsəbləşdirdi”, “Mənə hörmətsizlik etdi” kimi qəbul edir. Axı burada sadəcə deyilən fikirlə razılaşmırsan! Fikirlə razılaşmamaq niyə fikrin sahibinə hörmətsizlik kimi görünməlidir? Məhz fikir ayrılığına düzgün yanaşa bilməməyin nəticəsidir ki, bugünkü kiçik toplumdan tutmuş ailədə, sosial çevrəmizdə, hətta siyasi toplumlarda belə doğru tənqidi təfəkkürün inkişaf etməməsi üzündən sadə müzakirələr mübahisələrə, hətta fiziki şiddətə qədər böyüyür. Bu yanlış yanaşma həmin problemlərin ən böyük səbəblərindən biridir.)
Kuçuradi xüsusilə vurğulayır ki, fikirləri qiymətləndirərkən ən böyük səhvimiz onları inanclarla qiymətləndirməkdir. Çünki inanc şəxsidir, subyektivdir və faktlara söykənmək məcburiyyətində deyil. Lakin fikrin qiymətləndirilməsi yalnız və yalnız həqiqi, faktiki biliklə aparılmalıdır. Bütün fikirlərə kor-koranə “hörmət edirik” demək, cəhalətə, yanlışlara və zərərli düşüncələrə göz yummaq deməkdir.
Eynilə, Kuçuradinin demokratiya haqqındakı xəbərdarlığı da buna söykənir: “Dünyanın yumru olması demokratik bir qərarın mövzusu deyildir.” Demokratiya sadəcə çoxluğun istədiyinin olması deyil; fərdlərin faktiki bilik sahibi olması və dəyərləri dərk etməsidir.
Nəticə etibarilə, istər yeniyetməlikdə, istərsə də yetkinlikdə həqiqi azadlıq “hər şeyi edə bilərəm” sərbəstliyi deyil; ağılla, faktiki biliklə və insanın dəyərini qorumaqla qazanılan özünə hakim olma sənətidir.
Aysel Hacızadə
Praktik psixoloq











































































































































































