Saytımızın “Bizim qonaq” rubrikasının qonağı “Gencaile.az” saytının psixoloqlar arasında təşkil etdiyi və sayca üçüncü olan psixoloji məqalə müsabiqəsinin qalibi, “Çinar” Psixologiya Reablitasiya və İnkişaf Mərkəzinin rəhbəri, kliniki psixoloq Gülnarə İmanovadır.
– Gencaile.az saytının psixoloqlar arasında təşkil etdiyi, sayca üçüncü psixoloji məqalə müsabiqəsinin qalibi oldunuz. Bu qələbə sizin üçün nə ifadə edir və müsabiqədə iştirak sizə nə qazandırdı?
– Bu müsabiqədə qalib olmaq mənim üçün xoş və dəyərli bir nəticə oldu. Çünki psixoloq olaraq yalnız insanlarla işləmək deyil, cəmiyyətdə psixoloji maarifləndirməyə də töhfə vermək mənim üçün vacibdir. Yazdığım məqalənin bu şəkildə qiymətləndirilməsi mənə göstərdi ki, psixoloji mövzulara insanların marağı böyükdür. Müsabiqə mənə fikirlərimi daha geniş şəkildə çatdırmaq imkanı verdi.
– Klinik psixoloq olaraq uşaqlar və böyüklərlə işləyərkən ən çox hansı psixoloji problemlərlə qarşılaşırsınız? Son illərdə müraciətlərin xarakterində dəyişiklik hiss olunurmu?
– Həm uşaqlarda, həm də böyüklərdə müxtəlif problemlərlə qarşılaşırıq. Uşaqlarda davranış, qorxu, tiklər, təşviş, diqqət, ünsiyyət və məktəbə uyğunlaşma problemləri daha çox olur. Böyüklərdə isə stress, narahatlıq, münasibətlərdə yaranan çətinliklər və emosional gərginliklərlə bağlı müraciətlər üstünlük təşkil edir.
Son illərdə uşaqlarda ekran istifadəsi ilə bağlı problemləri daha çox görürük. Valideynlər uşağın telefonla çox vaxt keçirməsindən, sosiallaşmasından və davranışındakı dəyişikliklərdən narahat olurlar.

– İnsanlar hansı hallarda problemin öz-özünə keçəcəyini gözləmək əvəzinə klinik psixoloqa müraciət etməlidirlər? Hansı əlamətlər artıq peşəkar dəstəyə ehtiyac olduğunu göstərir?
– Məncə, insan “bu da keçər” deyə problemi uzun müddət gözlətməməlidir. Əgər bir vəziyyət insanı narahat edirsə, gündəlik həyatına təsir edirsə və özü bunun öhdəsindən gəlməkdə çətinlik çəkirsə, psixoloqla danışmaq olar.
Xüsusilə uzun müddət davam edən narahatlıq, yuxu problemləri, əhval dəyişiklikləri, insanlardan uzaqlaşma, davamlı qorxu və gündəlik fəaliyyətlərə marağın azalması diqqət tələb edir.
– “Psixoloqa müraciət etmək zəiflikdir” düşüncəsi hələ də cəmiyyətdə mövcuddur. Bu stereotip insanların psixoloji yardım almasına necə təsir edir?
– Bu fikir insanları psixoloji yardım almaqdan uzaqlaşdıra bilir. İnsan bəzən problemini etiraf etməkdən belə çəkinir ki, “görəsən, mənim haqqımda nə düşünərlər?” Halbuki psixoloqa müraciət etmək adi bir məsələ kimi qəbul edilməlidir. İnsan fiziki problemi olanda həkimə müraciət etdiyi kimi, emosional və psixoloji çətinlik yaşadıqda da mütəxəssisə müraciət edə bilər.
– Uşağın davranışındakı hansı dəyişikliklər valideyn üçün ciddi siqnal olmalıdır? Valideynlər hansı məqamda bunu sadəcə “uşağın xarakteridir” kimi qiymətləndirməməlidirlər?
– Valideyn uşağını ən yaxşı tanıyan insandır. Ona görə də uşaqda əvvəlkindən fərqli, davamlı bir dəyişiklik görürsə, buna diqqət etməlidir.
Uşaq birdən-birə qapanırsa, əvvəl sevdiyi fəaliyyətlərə marağını itirirsə, aqressivləşirsə, çox qorxursa, yuxusu və ya iştahı dəyişirsə, bunu sadəcə “xasiyyətidir” deyib keçmək olmaz.
Bəzən uşağın davranışı onun sözlə deyə bilmədiyi problemin göstəricisi olur.

– Klinik psixoloqu digər psixoloqlardan fərqləndirən əsas xüsusiyyətlər hansılardır? İnsanlar mütəxəssis seçərkən nələrə diqqət etməlidirlər?
– Klinik psixoloqun əsas fərqi psixoloji problemlərin qiymətləndirilməsi və müxtəlif psixoloji vəziyyətlərlə işləmək üzrə xüsusi hazırlığının olmasıdır.
İnsan mütəxəssis seçərkən onun təhsilinə, ixtisasına, təcrübəsinə və işlədiyi sahəyə diqqət etməlidir. Sosial şəbəkədə çox tanınmaq mütəxəssis seçmək üçün əsas meyar olmamalıdır.
– “Çinar” Psixologiya, Reabilitasiya və İnkişaf Mərkəzində uşaqların psixoloji və inkişaf ehtiyacları ilə bağlı hansı istiqamətlər üzrə iş aparılır? Reabilitasiya prosesində ailənin rolu nə qədər vacibdir?
– “Çinar” Psixologiya, Reabilitasiya və İnkişaf Mərkəzində uşaqların müxtəlif psixoloji və inkişaf ehtiyacları ilə işləyirik. Hər uşağın ehtiyacı eyni olmadığı üçün ona fərdi yanaşmağa çalışırıq.
Ailə bu prosesin çox vacib hissəsidir. Uşağın inkişafında yalnız mütəxəssisin deyil, valideynin gündəlik münasibətinin də böyük rolu var. Ona görə valideynlə əməkdaşlığa xüsusi əhəmiyyət veririk.
– Valideynlərin uşağın psixoloji vəziyyəti ilə bağlı ən çox yol verdiyi səhvlər hansılardır?
– Ən çox gördüyümüz səhvlərdən biri uşağın davranışını səbəbini araşdırmadan qiymətləndirməkdir. Məsələn, uşaq bir şeyi etmək istəməyəndə dərhal “tənbəldir”, “ərköyündür” demək.
Digər səhv uşağı başqaları ilə müqayisə etməkdir. Hər uşağın inkişaf tempi və xüsusiyyətləri fərqlidir.
Valideyn bəzən davranışı dəyişdirməyə çalışmazdan əvvəl onun səbəbini anlamağa çalışmalıdır.
– Sosial şəbəkələr, ekran qarşısında uzun müddət qalmaq və müasir həyatın sürətli tempi uşaqların psixologiyasına necə təsir edir? Bu təsirləri azaltmaq üçün valideynlər nə edə bilər?
– Uşağın bütün boş vaxtını telefon və planşet qarşısında keçirməsi təbii ki, onun gündəlik həyatına təsir edir. Çünki uşaq üçün canlı ünsiyyət, oyun, hərəkət və real münasibətlər də çox vacibdir.
Valideynlər ekran vaxtına qayda qoymalı, uşağın başqa fəaliyyətlərə də vaxt ayırmasına şərait yaratmalıdırlar. Ən əsası isə bunu yalnız uşaqdan tələb etməməkdir. Valideyn özü də telefon istifadəsində uşağa nümunə olmalıdır.

– Sizcə, psixoloji sağlamlığın qorunması üçün cəmiyyət olaraq hansı vərdişləri uşaqlıqdan formalaşdırmalıyıq?
– Uşaqlara hisslərini gizlətməyi yox, onları tanımağı və ifadə etməyi öyrətməliyik. Uşaq kədərlənəndə “ağlama”, qorxanda “qorxma” demək əvəzinə, onun nə hiss etdiyini dinləmək lazımdır.
Uşağa həm özünə hörmət etməyi, həm də başqalarının sərhədlərinə hörmət etməyi öyrətmək vacibdir. Bir də uşaqlar bilməlidirlər ki, çətinlik çəkəndə kömək istəmək ayıb deyil.
Məncə, sağlam psixologiyanın təməli məhz uşaqlıqda, ailədə qoyulur.
Söhbətləşdi: Tural Məmmədov












































































































































































