senedsiz evler

“Bu evlərdən də pul yığılsın!” – Parlamentdə səslən təklifə REAKSİYALAR

Baxış sayı: 533

Milli Məclisdə səsləndirilən bir təklif uzun illərdir həllini gözləyən sənədsiz evlər problemini yenidən gündəmə gətirib.

Deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bildirib ki, ölkədə 300 mindən 500 minə qədər yaşayış sahəsi sənədsizdir və bu səbəbdən həmin əmlaklardan əmlak vergisinin yığılması mümkün deyil. Onun sözlərinə görə, mövcud vəziyyət bələdiyyələrin maliyyə imkanlarına da ciddi təsir göstərir.

Deputat hesab edir ki, problemdən çıxış yolu üçün Vergi Məcəlləsi başda olmaqla, aidiyyəti normativ-hüquqi sənədlərə yenidən baxılmalı və mərhələli şəkildə islahatlar aparılmalıdır.

“Qanunsuz tikililərin rəsmi qeydiyyatı yoxdur. Normalda bu mənzillərin sahibləri hər il bələdiyyəyə əmlak vergisi ödəməlidirlər, lakin bu baş vermir. Nəticədə bələdiyyələr yarım milyona yaxın evdən gəlir əldə edə bilmir”.

Bəs sənədsiz evlərdən vergi toplamaq mümkündürmü? Yoxsa ilk növbədə həmin əmlakların hüquqi statusu müəyyənləşdirilməli və mülkiyyət hüququ tanınmalıdır?
Qanuna dəyişikliklər edilməlidir” – Vüqar Oruc - AQC

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc  bildirir ki, sənədsiz evlərdən birbaşa vergi alınması hüquqi baxımdan ziddiyyətli yanaşmadır. Onun sözlərinə görə, vətəndaşın mülkiyyət hüququ tanınmırsa, həmin əmlakın sahibindən vergi tələb edilməsi suallar doğurur: “Əgər bələdiyyələrin fəaliyyətinin güclənməsini, dövlət büdcəsinə vergi daxilolmalarının artmasını, əlavə yığımların toplanmasını və iqtisadiyyatımızın inkişaf etməsini istəyiriksə, nə üçün 300-400 min, hətta 600 minə yaxın qanunsuz elan olunan, sənədsiz tikililərdən birbaşa vergi almalıyıq?”

Vüqar Oruc hesab edir ki, ilk növbədə sənədsiz evlərin qeydiyyatı və sənədləşdirilməsi məsələsi həllini tapmalıdır: “Vətəndaşın mülkiyyət hüququnu tanımırıqsa, hansı haqla və hansı qanunvericiliyə uyğun olaraq ondan vergi ala bilərik? Mütləq həmin evlərin qeydiyyatı və sənədləşməsi məsələsi həll olunmalıdır. Yalnız sənədləşmə həyata keçirildikdən sonra bu mülklər vergi ödəyicisinə çevrilə bilər”.

Ekspert vurğulayıb ki, evlərin rəsmiləşdirilməsi yalnız vergi daxilolmalarının artmasına deyil, daşınmaz əmlak bazarının digər istiqamətlərinin də canlanmasına səbəb ola bilər: “Bu əmlaklar qiymətləndirmə, sığorta, alqı-satqı və miras obyekti kimi iqtisadiyyatın fəal subyektinə çevrilə bilərlər. Bu evlərin girovu ilə kreditlər alına və həmin vəsait ölkə iqtisadiyyatına töhfə verə bilər”.

Müsahibimiz deyib ki, bunun üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməli, ən azı əmlak amnistiyası məsələsi nəzərdən keçirilməlidir: “Sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanunvericiliyə bir neçə düzəliş etmək o qədərmi çətindir? Biz əsas məsələni həll etmədən, hüquqi qeydiyyatı olmayan evlərdən vergi yığılması haqqında qərar qəbul edirik. Bu, hüquqi baxımdan tamamilə uyğunsuz bir təklifdir”.

Ekspertin sözlərinə görə, sənədsiz evlərin böyük hissəsinin hüquqi statusunun dəyişdirilməsi mümkündür. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş evlərlə bağlı mexanizm hazırlana bilər: “Bir qərarla bu evlərin böyük əksəriyyətini qanuniləşdirmək və mülkiyyət subyektinə çevirmək mümkündür. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində yüz minlərlə ev inşa olunub. Həmin torpaq sahələrinin statusunu yaşayış təyinatlı olaraq dəyişməklə evlərin qanuni qeydiyyatını təmin etmək olar. Heç olmasa əmlak amnistiyası tətbiq edilməlidir”.

Bakıda binaların zəlzələyə dözümlülüyü bu qurğu ilə yoxlanıla bilər? Yeni  Sabah

Əmlak eksperti Elnur Azadov isə sənədsiz daşınmaz əmlakların sayının parlamentdə səsləndirilən rəqəmlərdən daha çox olduğunu bildirir. Onun sözlərinə görə, təkcə Bakı-Abşeron ərazisində ən azı 500 min çıxarışsız daşınmaz əmlak mövcuddur. Ölkə üzrə isə bu rəqəm 700-800 minə çata bilər.

Ekspert məsələnin yalnız əmlak vergisi ilə məhdudlaşmadığını vurğulayır: “Həmin əmlakların mülkiyyət çıxarışı və qeydiyyat şəhadətnaməsi olmadığı üçün vətəndaşların mülkiyyət hüquqları tanınmır. Hüquqların tanınmadığı halda isə həm dövlət büdcəsinə əmlak vergisi ödənilmir, həm də bu əmlakları sığortalamaq mümkün olmur. Yəni məsələ təkcə bir tərəfli deyil”.

E.Azadovun sözlərinə görə, sənədsiz ev problemi vətəndaşların həmin ünvanlarda qeydiyyata düşməsi baxımından da ciddi çətinliklər yaradır: “Vətəndaşların həmin ünvanlarda qeydiyyata düşə bilməməsi müxtəlif problemlərə gətirib çıxarır və onları bir sıra sosial imkanlardan məhrum edir. Məsələn, uşaqların bağçalara və orta məktəblərə qəbulu, eləcə də yaşayış ərazisi üzrə dövlət tibb xidmətlərindən yararlanmaq məsələsində çətinliklər yaranır”.

Ekspert digər mühüm məqam kimi seçki hüququnu da qeyd edir: “Qeydiyyatsız yaşayan vətəndaşlar prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edə bilmirlər. Məsələn, Naxçıvandan və ya uzaq regionlardan gəlib Bakıda və digər şəhərlərdə yaşayan çoxsaylı vətəndaşlar səs vermək üçün öz rəsmi qeydiyyat ünvanlarına gedib-gəlməkdə böyük çətinlik çəkirlər.Ekspert daha bir ciddi məqama diqqət çəkib. Onun sözlərinə görə, sənədsiz tikililərin müəyyən hissəsi tikintisi qadağan olunan ərazilərdə inşa edilib: “Bəzi əmlaklar digər qanunlara zidd olaraq tikintisi qadağan olunan ərazilərdə inşa olunub. Onların bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlardadır və bu torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müəyyən addımlar atılır. Lakin düşünürəm ki, bu kimi əmlakların ən azı 15-20 faizi qadağan olunmuş ərazilərdə inşa olunub. Onların taleyi isə hələlik qaranlıq məsələdir”.

 

Şahanə Rəhimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir