hekim

Sığorta var, bəs məmnunluq?

Baxış sayı: 550

Bu günlərdə səhiyyə sistemində yeni mərhələnin başlanğıcını qoyan mühüm qərar qəbul edilib. Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli fərmanı ilə TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu qərar səhiyyə sahəsində idarəetmənin yenidən təşkili baxımından əhəmiyyətli hadisədir. İndi əsas məsələ bu dəyişikliyin həkimin işinə, pasiyentin hüquqlarına və tibbi xidmətin keyfiyyətinə nə verəcəyidir.

İcbari tibbi sığorta səhiyyəyə əlçatanlığı artırmaq, pasiyentin müalicə xərclərini azaltmaq və tibbi xidmətin maliyyələşdirilməsini daha sistemli qurmaq məqsədi daşıyır. Sistem işlədikcə belə bir sual daha çox səslənməyə başlayır: bu mexanizmdə pasiyent və həkim özünü nə dərəcədə rahat və güvənli hiss edir?

Bir tərəfdə “Sığortam var, niyə əlavə pul ödəməliyəm?” deyən pasiyent dayanır. Digər tərəfdə isə ağır əməliyyatın məsuliyyətini daşıyan, lakin göstərdiyi xidmətə görə aldığı ödənişin əməyinə və riskinə uyğun olmadığından şikayətlənən həkim var. Nəticədə eyni sistemin daxilində iki narazılıq toqquşur: pasiyent daha geniş və əlçatan xidmət gözləyir, həkim isə əməyinin daha ədalətli qiymətləndirilməsini istəyir. Beləliklə, istər-istəməz həkimlə pasiyenti qarşı-qarşıya qoyan vəziyyət yaranır. Özəl klinikalar isə müəyyən tibbi xidmətlər üzrə tətbiq edilən tariflərin xərcləri qarşılamadığını əsas gətirərək icbari tibbi sığorta çərçivəsində xəstə qəbul etməkdə maraqlı olmadıqlarını bildirirlər.

Bəs birləşmədən sonra Səhiyyə Nazirliyinin tabeliyində formalaşacaq yeni idarəetmə modeli həkim, pasiyent və tibb müəssisəsi arasında pozulmuş maraq balansını bərpa edə biləcəkmi?

Tanınmış kardioloq Üzeyir Rəhimov özünün sosial media hesabında yaranmış vəziyyətlə bağlı narazılığını ifadə edib: “Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə, orada ən böyük problem alqı-satqı, ləvazimat əskikliyidir, bu da çox ciddi defektdir. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər…”

 

Bəs necə etmək olar ki, model həm xəstənin hüququnu, həm də həkimin əməyini qorusun? 

Vahid yanaşma formalaşdırmalıdır

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli hesab edir ki, yaranan problemlərdə həm həkimlərin, həm də pasiyentlərin haqlı olduğu məqamlar var: “İşçinin əməkhaqqından hər ay icbari tibbi sığorta üçün tutulmalar edilir. Elə pasiyent var ki, beş ildir sığorta haqqı ödəyir, amma bir dəfə də olsun tibbi xidmətdən istifadə etməyib. Ehtiyacı yarananda isə yüksək səviyyəli xidmət almaq istəyir. Məsələn, Yeni Klinika ölkəmizdə nümunəvi, yüksək standartlara cavab verən tibb müəssisəsi kimi təqdim olunur. Pasiyent icbari tibbi sığorta çərçivəsində kontrastlı kompüter tomoqrafiyasından keçməlidir, lakin klinikada kontrast maddə tapılmır. Pasiyentə bildirilir ki, preparat olmadığı üçün xidmət qeyri-müəyyən müddətə təxirə salınır. Vətəndaş öz hesabına kontrast maddə almağı təklif etsə də, buna da icazə verilmir. Halbuki özəl sektorda həm kontrast maddə, həm də müvafiq xidmət mövcuddur, sadəcə qiymətlər kifayət qədər yüksəkdir”. İ.Hüseynli hesab edir ki, problemlərdən biri də Agentliyin bütün özəl klinikalarla müqaviləsinin olmamasıdır: “Bütün özəl klinikalarla icbari tibbi sığorta üzrə müqavilələr bağlanmalıdır. Hansı klinikada müvafiq xidmət varsa, həmin xidmət göstərilməlidir. Özəl tibb müəssisələri də bildirirlər ki, göstərdikləri xidmətlərin haqqını vaxtında ala bilmirlər. Beləliklə, pasiyent üçtərəfli bir labirintdə qalır: özəl klinika ödənişini vaxtında ala bilmədiyini deyir, sığorta şirkəti dövlət klinikalarına yönləndirir, dövlət klinikasında isə lazımi avadanlıq və ya preparat tapılmır. Hesab edirəm ki, özəl tibb müəssisələri ilə dövlət klinikaları arasında razılaşma memorandumu imzalanmalı, tərəflərin mövqeyi və məsuliyyəti dəqiq müəyyənləşdirilməlidir. Xüsusilə təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan pasiyentlərə xidmət göstərilməsi məsələsində dövlət və özəl müəssisələr arasında fərq qoyulmamalıdır”.

Həkimlərin əməyinin qiymətləndirilməsidə problemlər var 

İ.Hüseynlinin sözlərinə görə, digər mühüm məsələ həkimlərin əməyinin qiymətləndirilməsidir: “Həkim özəl klinikada daha yüksək gəlir əldə etdiyi halda, icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanasında həyata keçirdiyi əməliyyata görə xeyli aşağı məbləğ alırsa, bu, maraqların toqquşmasına səbəb ola bilər. Nəticədə həkim pasiyenti özəl klinikaya yönləndirməyə üstünlük verə bilər. Dövlət və özəl sektorda həkim əməyinin ödənilməsi arasında bu qədər böyük fərq olmamalıdır”. Ekspert hesab edir ki, bütün bu problemlərin həlli üçün Səhiyyə Nazirliyi və özəl tibb sektoru bir araya gələrək vahid yanaşma formalaşdırmalıdır.

Məqsəd keyfiyyətli və əlçatan tibbi xidmət göstərmək olmalıdır 

Endokrinoloq Fərhad Burzunun fikrincə, tibbi sığortanın əsas məqsədi vətəndaşa keyfiyyətli və əlçatan tibbi xidmət göstərmək olmalıdır: “Bunun üçün tibbi xidmət tarifləri, həkimlərin əməyinin qiymətləndirilməsi, kadr təminatı, dərman əlçatanlığı, ambulator xidmət və dövlət-özəl tibb müəssisələri arasında göndəriş mexanizmi kompleks şəkildə yenidən nəzərdən keçirilməlidir”. Həkimin əsas iradlarından biri İTS çərçivəsində tibbi xidmətlərə müəyyən edilən tariflərin aşağı olması ilə bağlıdır: “Pasiyentə xidmət üçün 24 manat ödənildiyi göstərilən qəbz təqdim olunur və bu, xəstədə həmin məbləğin həkimə çatdığı barədə yanlış təsəvvür yaradır. Ancaq 24 manatlıq ödənişin cəmi 1.20-1.80 manatı həkimə çatır. Xidmətin qiymətinin pasiyentə bu formada təqdim olunması həkimlə xəstə arasında narazılıq yaradır və pasiyent qarşısında etimadı zəiflədir”. Endokrinoloqun fikrincə, aşağı tariflər və yüksək iş yükü daha ağır xəstələrin müalicəsinə də təsir göstərir: “Bir həkimin gün ərzində çox sayda pasiyent qəbul etməsi həm iş yükünü artırır, həm də hər xəstəyə ayrılan vaxtı azaldır. Bunun nəticəsində bəzi həkimlər daha ciddi və mürəkkəb xəstələri müalicə etməkdən çəkinirlər”.

F.Burzu səhiyyədə ən ciddi problemlərdən birinin ixtisaslı həkim çatışmazlığı olduğunu vurğulayır: “Bəzi tibbi ixtisaslar üzrə ölkədə çox az sayda mütəxəssis qalıb. Bu, gələcəkdə ciddi kadr böhranına səbəb olacaq”. F.Burzunin fikrincə, ölkədə müasir müalicə imkanlarının əlçatan olması üçün dərman təminatı sistemi daha effektiv qurulmalıdır: “Dünyanın digər ölkələrində uzun müddətdir istifadə olunan bəzi preparatlar Azərbaycanda əlçatan deyil. Biz onları təyin etdikdə xəstələr onları şəxsi əlaqələri ilə xüsusi olaraq gətirdə bilirlər”. Endokrinoloq hesab edir ki, Azərbaycanda ambulator tibbi xidmətin normal işləməsi üçün ayrıca və düzgün qurulmuş səhiyyə strukturu formalaşdırılmalıdır: “Agentliklə yanaşı, Səhiyyə Nazirliyinin də bu istiqamətdə böyük məsuliyyəti var. Vətəndaşın xəstəxanaya yalnız xəstəliyi ağırlaşdıqdan sonra müraciət etməsinin qarşısını almaq üçün ambulator xidmət gücləndirilməlidir”. F.Burzunun digər iradı İTS-in özəl tibb müəssisələri ilə münasibətləri ilə bağlıdır: “Vətəndaş yaşadığı ərazidə lazımi tibbi xidməti dövlət xəstəxanasında ala bilmirsə, ərazi üzrə digər tibb müəssisələrinə, o cümlədən özəl xəstəxanalara yönləndirilməlidir. Bir çox hallarda vətəndaş öz yaşadığı ərazidəki özəl xəstəxanada müalicə almaq üçün İTS-dən göndəriş əldə edə bilmir. Nəticədə xəstə vəziyyəti ağırlaşdıqdan sonra Bakıya üz tutur. Bu yanaşma həm xəstənin vəziyyətinin ağırlaşmasına, həm də əlavə maddi xərclərlə üzləşməsinə səbəb olur”.

 

Özəl klinikalara göndərişlər minimuma endirilib 

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov da hazırda ölkədə icbari tibbi sığorta ilə bağlı bir sıra problemlərin mövcud olduğunu bildirir: “Əsas problemlərdən biri odur ki, özəl klinikalara göndərişlər minimuma endirilib, pasiyentlər yalnız dövlət xəstəxanalarına yönləndirilir. Bu da təbii olaraq dövlət tibb müəssisələrində böyük sıxlığın yaranmasına gətirib çıxarır. Ən vacib məsələ isə pasiyentin həkim və tibb müəssisəsi seçimi hüququnun olmamasıdır. İstər planlı, istərsə də təcili əməliyyat və ya müalicə zamanı pasiyentə onu hansı həkimin əməliyyat edəcəyini və ya müalicə edəcəyini seçmək imkanı mütləq verilməlidir”.

A.Hüseynov hesab edir ki, problemin həlli üçün icbari tibbi sığorta çərçivəsində tətbiq olunan standartlara yenidən baxılmalı, pasiyentlərin seçim imkanlarını genişləndirən mexanizmlər yaradılmalıdır: “Məsələn, sığorta qurumu xidmətin dövlət tarifinə uyğun hissəsini qarşılaya bilər, aradakı qiymət fərqini isə pasiyent öz istəyi ilə ödəyərək istədiyi özəl klinikaya və həkimə müraciət edə bilər. Ümumiyyətlə, bütün səhiyyə sisteminin əsas məqsədi pasiyent məmnunluğunun təmin olunmasına yönəlməlidir. Seçim sərbəstliyi təkcə özəl klinikalarla məhdudlaşmamalıdır. Vətəndaş ölkə üzrə dövlət xəstəxanalarına müraciət etdikdə də həmin müəssisədə istədiyi həkimi seçmək hüququna malik olmalıdır”.

Professor Adil Qeybullanın fikrincə, hazırda səhiyyə sisteminin idarəetməsinin təkmilləşdirilməsinə ehtiyac var: “Dünyanın heç bir yerində, “faiz”, “bonus” kimi biabırçılıqlar yoxdur. Həkimlərin sabit maaşı olmalıdır. Səhiyyəyə ayrılan vəsaiti, həkimlərin sayını və dərəcəsini hesablamaq lazımdır”.

Texniki məsələ?

İcbari tibbi sığorta ilə bağlı səslənən narazılıqlara münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədov məsələnin sırf texniki xarakter daşıdığını söyləyir: “Bu suallara icraçı orqanlar – Səhiyyə Nazirliyi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin verəcəyi cavablar olmalıdır. Bu sualları mənim cavablandırmağım məsələnin məğzini açmır”.

Agentlik iradları qəbul etmir 

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov isə sentyabr ayında tibb müəssisələrində çalışan 72 mindən artıq səhiyyə işçisinin əməkhaqlarında artımlara diqqət çəkir: “Səhiyyə işçilərinin əməkhaqqına vəzifə maaşı, əmək şəraitinə görə əlavələr, aylıq sabit ödənişlər, həvəsləndirici əlavələr (bonuslar) və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər daxildir. Həvəsləndirici əlavələr iş nəticələrinə uyğun olaraq hesablanır. Bonusların məbləği təsdiq edilmiş tibbi xidmət tariflərinin müəyyən faizi və göstərilən xidmətlərin sayı nəzərə alınmaqla müəyyən edilir. Bu səbəbdən yüksək tarifli tibbi xidmətlərə görə bonuslar daha çox, aşağı tarifli xidmətlərə görə isə daha az olur”. Agentlik rəsmisi qeyd edir ki, icbari tibbi sığorta sistemində tibbi xidmətlərin tarifləri qanunvericiliyə uyğun müəyyən edilir: “Həmin tariflər üzrə əldə olunan vəsait yalnız səhiyyə işçilərinin əməkhaqlarının ödənilməsinə deyil, həmçinin tibbi sərf materiallarının, dərmanların, qidalanma və kommunal xərclərin qarşılanmasına, eləcə də əməliyyatlarda iştirak edən digər personalın əməyinin ödənilməsinə yönəldilir”. T.Qurbanov bəzən icbari tibbi sığorta çərçivəsində müalicə alan vətəndaşlardan əlavə ödənişlərin tələb olunmasının da qnunsuz olduğunu deyir: “Müştərək maliyyələşmə çərçivəsində göstərilən radioloji xidmətlər istisna olmaqla, icbari tibbi sığorta çərçivəsində təqdim edilən tibbi xidmətlərə görə müəyyən edilmiş tariflərdən əlavə ödəniş alınması qanunvericiliyə ziddir”. T.Qurbanov özəl klinikaların xidmətindən istifadənin məhdudkaşdırılmasının doğru məlumat olmadığını deyir. Bildirir ki, hazırda Agentlik 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir: “Həmin müəssisələrdə xəstə qəbulunun hər hansı formada məhdudlaşdırılması ilə bağlı narahatlıq mövcud deyil”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir