Hər il oktyabrın 31-də dünyanın müxtəlif ölkələrində “Halloven” bayramı qeyd olunur. Qorxulu maskalar, qeyri-adi kostyumlar, üzlərə çəkilən vahiməli makiyajlar, balqabaqdan hazırlanan fiqurlar və şirniyyat toplamaq ənənəsi ilə tanınan bu bayram xüsusilə uşaqlar və gənclər arasında populyardır.

Bəzi ölkələrdə küçələr, mağazalar, əyləncə mərkəzləri və evlər xüsusi dekorasiyalarla bəzədilir, insanlar isə ən orijinal və qorxulu obrazı yaratmaq üçün bir-biri ilə yarışırlar. Azərbaycan da bu prosesdən kənarda qalmır.
Tarixi mənbələrə görə, “Halloven”in kökləri təxminən 2000 il əvvəl indiki İrlandiya və Böyük Britaniyanın bəzi ərazilərində yaşamış keltlərin “Samhain” adlı ənənəsinə gedib çıxır. Keltlər oktyabrın sonunu isti fəslin başa çatması, qaranlıq və soyuq dövrün başlanması ilə əlaqələndirirdilər. Həmin vaxt məhsul yığımı başa çatır, qışa hazırlıq görülür və yeni dövrün başlanğıcı qeyd olunurdu.
Qədim inanclara görə, bu gecə canlılarla ölülər arasındakı sərhədin zəiflədiyinə, ruhların insanlar arasında dolaşa bildiyinə inanılırdı. Buna görə də müxtəlif mərasimlər keçirilir, tonqallar qalanır, insanlar fövqəltəbii qüvvələrdən qorunmaq məqsədilə müəyyən ayinlər icra edirdilər. Qorxulu geyimlərin də bu inanclarla əlaqələndirildiyi bildirilir. Son illərdə Azərbaycanda “Halloven”lə bağlı tədbirlərə, tematik məclislərə, kostyum gecələrinə və müxtəlif əyləncə proqramlarına rast gəlinir. Lakin məsələyə fərqli yanaşanlar da az deyil. Onlar Azərbaycanın özünəməxsus milli-mənəvi dəyərləri, zəngin bayram ənənələri və mədəni irsi olduğunu xatırladaraq xarici bayramların təmtəraqlı şəkildə təbliğ edilməsinə ehtiyatla yanaşılmasını vacib sayırlar.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, əvvəllər hər hansı beynəlxalq günün və ya bayramın təsis edilməsi üçün müəyyən tarixi hadisə baş verməli, həmin gün BMT, YUNESKO və ya digər beynəlxalq təşkilatlar tərəfindən elan olunmalı, bu təşkilatlara üzv dövlətlər tərəfindən də rəsmiləşdirilməli idi.

“Ancaq indi vəziyyət fərqlidir. Xüsusilə yeni nəsil sosial şəbəkələr vasitəsilə müxtəlif günlər, bayramlar və əlamətdar tədbirlər kəşf edir, onların geniş yayılmasına səbəb olur. Belə günlər qısa müddətdə virus kimi, bəzən isə spam xarakterli paylaşımlar vasitəsilə müxtəlif cəmiyyətlərdə yayılaraq qeyd olunmağa başlayır. “Halloven” də dünyada gənclər tərəfindən alternativ bayram və əlamətdar gün kimi qəbul edilməyə başlayıb. Diqqət yetirsəniz, klassik bayramlarda rəsmiyyət, ümummilli xarakter və kütləvilik ön planda olduğu halda, “Halloven”də bunun əksini görürük. Bu bayram daha çox lokal xarakter daşıyır”, – Aydın Xan deyib.
Onun sözlərinə görə, insanlar qeyri-adi geyimlər, fərqli obrazlar və ekstravaqant bəzəklər vasitəsilə klassik ənənələrdən kənara çıxmağa, özünəməxsus görünüş yaratmağa çalışırlar: “Yeni nəsil belədir. Biz onların maraqlarını anlamağı bacarmalı, ən azı onlarla bir araya gəlməliyik. Orta və yuxarı nəslin nümayəndələri də gənclərlə birlikdə müxtəlif bayramları qeyd edə bilərlər. Gənclər bizimlə 8 Mart, Yeni il, Novruz və digər beynəlxalq və milli bayramları qeyd etdikləri kimi, biz də “Halloven” və bu tipli tədbirlərdə onlara qoşulmalıyıq. Beləliklə, gənclər bayramın mənfi tərəflərinə deyil, müsbət məqamlarına üstünlük verərlər”.
Onun fikrincə, Novruz bayramında keçəl, kosa, div kimi obrazlardan istifadə olunur: “Bu obrazlar qeyri-adi geyimləri və görünüşləri ilə fərqlənirlər. Bu gün həmin obrazlar nağıllarımızda və əfsanələrimizdə yaşayır. Divlər, cinlər, həcirlər, hal-arvadı kimi qeyri-adi obrazlarımız var. Onda belə çıxır ki, onları da qadağan etməliyik? Halbuki qadağalar heç nəyi həll etmir”.
Aydın Xan vurğulayır ki, istənilən bayram, əgər hansısa mənfi niyyət daşımırsa, milli-mənəvi dəyərlərimizə, dövlətimizin və xalqımızın mənafeyinə zidd deyilsə, qeyd oluna bilər: “Sevgililər Günü, “Halloven” və bu qəbildən olan digər bayramlar artıq qlobal xarakter alıb. Onları görməzdən gəlməklə cəmiyyətimizin müəyyən bir hissəsinin maraqlarına zidd addım atmış oluruq. Belə yanaşma həmin insanları özümüzə yaxınlaşdırmaq əvəzinə, bizdən daha da uzaqlaşdıra bilər. İstənilən bayram və əlamətdar gün insanları sosiallaşmağa, bir-birinə yaxınlaşmağa xidmət edirsə, müsbət enerji verirsə, niyə də onu qeyd etməyək?”
Xalidə Gəray











































































































































































