8 Noyabr Azərbaycan xalqının tarixində qürur, milli birlik və qəhrəmanlıq rəmzinə çevrilən ən əlamətdar günlərdən biridir. Bu tarix 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin təntənəsidir. İllərlə davam edən torpaq həsrətinin, xalqın sarsılmaz iradəsinin və dövlətin qətiyyətli siyasətinin nəticəsi olan bu Zəfər Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.
İkinci Qarabağ müharibəsi yalnız hərbi əməliyyatların gedişi ilə deyil, həm də xalqın öz dövlətinə, ordusuna və milli ideallarına bağlılığının nümayişi ilə yadda qaldı. Müharibənin ilk günlərindən etibarən ölkədə görünməmiş həmrəylik və birlik mühiti formalaşdı. Cəbhədə döyüşən əsgər və zabitlərin arxasında milyonlarla insanın dəstəyi, inamı və duası dayanırdı. Azərbaycan xalqı bir amal ətrafında birləşərək öz tarixi torpaqlarının azadlığı uğrunda mübarizəyə bütün gücü ilə dəstək verdi.
Bu Qələbənin əldə olunmasında Azərbaycan Ordusunun peşəkarlığı, müasir döyüş qabiliyyəti, hərbçilərin qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi mühüm rol oynadı. Müharibənin gedişində nümayiş etdirilən siyasi iradə, hərbi strategiya və ardıcıl qərarlar Azərbaycanın qarşıya qoyduğu məqsədə çatmasını təmin etdi. Dövlət və xalq birliyinin gücü isə bu mübarizənin ən mühüm dayaqlarından biri oldu.
Vətən müharibəsi Azərbaycan əsgərinin fədakarlığını, cəsarətini və torpaq sevgisini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında göstərilən qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı hərb tariximizin ən yaddaqalan səhifələrindən birinə çevrildi. Mürəkkəb relyefə malik ərazidə aparılan əməliyyat nəticəsində Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas hadisələrdən biri oldu. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərinin elan olunması Azərbaycan xalqına böyük sevinc yaşatdı və Zəfərin müjdəsinə çevrildi.
44 gün ərzində Azərbaycan Ordusu bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad edərək ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi irəliləyişə nail oldu. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Azərbaycan uzun illər davam edən işğala son qoyaraq yeni reallıq yaratdı.

Lakin 8 Noyabrın əhəmiyyəti yalnız hərbi Qələbə ilə məhdudlaşmır. Bu tarix milli özünüdərkin, dövlətçilik düşüncəsinin və xalqın sarsılmaz iradəsinin təntənəsidir. Zəfər göstərdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik bir araya gəldikdə ən çətin tarixi sınaqlardan belə uğurla çıxmaq mümkündür.
Bu Qələbənin arxasında böyük insan taleləri, yarımçıq qalan arzular və Vətən uğrunda canından keçən qəhrəmanların fədakarlığı dayanır. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və müharibə iştirakçılarının göstərdiyi misilsiz igidlik Zəfər tariximizin ən müqəddəs səhifəsidir. Onların xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Zəfər Gününü qeyd edərkən ilk növbədə bu Qələbəni bizə yaşadan qəhrəmanları ehtiramla anmaq hər birimizin mənəvi borcudur.
İşğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq işləri də Zəfərin davam edən tarixi nəticələrindəndir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması, şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm istiqamətidir. Böyük Qayıdış prosesi torpaqların yalnız hərbi yolla deyil, həm də həyatın, quruculuğun və inkişafın geri qaytarılması deməkdir.
Bu gün 8 Noyabr Azərbaycan xalqı üçün həm qürur, həm də böyük məsuliyyət günüdür. Çünki qazanılmış Zəfərin qorunması, dövlətin daha da gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü Azərbaycan miras qoyulması hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdəndir.
Zəfər Gününün hər il qeyd olunması tariximizin qəhrəmanlıq səhifələrini yaşatmaqla yanaşı, gənc nəslə vətənpərvərlik, milli məsuliyyət və dövlətə bağlılıq ruhunun aşılanmasına xidmət edir. Bu gün Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalanması xalqın illərlə bəslədiyi arzunun gerçəyə çevrildiyinin rəmzidir.

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində heç vaxt unudulmayacaq. Bu tarix xalqın birliyinin, ordunun qüdrətinin, lider qətiyyətinin və güclü dövlətçiliyin təntənəsi kimi nəsildən-nəslə ötürüləcək. Çünki bu Zəfər təkcə bir müharibənin nəticəsi deyil, bütöv bir xalqın iradəsinin, inamının və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir.
Tural Məmmədov











































































































































































