Təsəvvür edin: Ana uşağına dəfələrlə deyir: «Dərsini hazırla». Uşaq anasına baxır, hətta «yaxşı» deyir. Amma bir neçə dəqiqə sonra özünü tamam başqa bir işlə məşğul edərkən tapır. Ana əsəbiləşir: «Sən məni eşitmirsən? Niyə bu qədər məsuliyyətsizsən?»
Müəllim isə başqa bir mənzərə ilə qarşılaşır. Uşaq dərsin ortasında ayağa qalxır, yoldaşının sözünü kəsir, sualın cavabını gözləmədən danışmağa başlayır. Günün sonunda onun haqqında eyni fikir səslənir: «Ağıllı uşaqdır, amma özünü idarə edə bilmir».
Bəs həqiqətən belədir?
Bəlkə də qarşımızdakı uşaq istəmədiyi üçün deyil, istədiyi davranışı həyata keçirməkdə çətinlik çəkdiyi üçün belə görünür.
Bu, diqqət əskikliyi və hiperaktivlik pozuntusunun (DEHB) ən çox yanlış anlaşılan tərəflərindən biridir.
«Bir az diqqətli ol!» deməklə diqqət yaranmır
DEHB-li uşağa ən çox deyilən cümlələrdən biri budur: «Diqqətini topla!»
Amma diqqətini toplamaqda çətinlik çəkən uşağa bunu təkrar-təkrar söyləmək, görmə problemi olan insana «daha yaxşı gör» deməyə bənzəyir.
DEHB zamanı problem yalnız diqqətin olmaması deyil, diqqətin idarə edilməsidir. Bəzən uşaq saatlarla maraqlandığı fəaliyyətlə məşğul ola bilir, amma sadə bir məktəb tapşırığını tamamlamaqda çətinlik çəkir.
Bu vəziyyət valideynlərdə belə bir sual yaradır: «Planşetə saatlarla baxa bilir, bəs niyə 10 dəqiqə dərs oxuya bilmir?»
Çünki maraq, motivasiya, mükafat gözləntisi və tapşırığın strukturu diqqətin davamlılığına təsir göstərir. DEHB-də diqqətin tənzimlənməsi çətinləşə bilər. Bu, uşağın hər zaman diqqətsiz olduğu anlamına gəlmir.
Bəzən hiperaktivlik qaçmaq deyil, daxildə dayana bilməməkdir
Hiperaktivliyi yalnız qaçan, tullanan, yerində oturmayan uşaq obrazı ilə əlaqələndirmək düzgün deyil.
Bəzi uşaqlarda hiperaktivlik daha fərqli görünür: ayağını davamlı tərpətmək, qələmlə oynamaq, danışmaq, tez-tez mövzu dəyişmək, daxili narahatlıq hissi.
Xüsusilə yeniyetməlik dövründə hiperaktivlik xarici hərəkətlərdən daha çox daxili hərəkətlilik kimi təzahür edə bilər.
Ona görə də sakit görünən hər uşaqda DEHB yoxdur demək olmaz.
Ən təhlükəli nəticə: Uşağın özünə inanmağı dayandırması
Təsəvvür edin, bir uşaq hər gün bu cümlələri eşidir:
«Yenə səhv etdin!»
«Niyə bacarmırsan?»
«Bax, digər uşaqlar necə sakit oturur!»
«Səndən heç nə alınmır!»
Zaman keçdikcə uşaq bu ifadələri sadəcə eşitmir, onları öz şəxsiyyətinin bir hissəsi kimi qəbul etməyə başlayır.
«Mən bacarıqsızam».
«Mən həmişə səhv edirəm».
«Məndə nəsə problem var».
Beləliklə, ilkin çətinliklərə əlavə olaraq özünəinamın zəifləməsi, narahatlıq, sosial münasibətlərdə problemlər və emosional çətinliklər yarana bilər.
DEHB-li uşağın ehtiyacı yalnız davranışına nəzarət edilməsi deyil, özünü uğurlu hiss edə biləcəyi şəraitin yaradılmasıdır.

Bəs biz nəyi dəyişməliyik: uşağı, yoxsa ona yanaşmağımızı?
DEHB-li uşağa uzun və mürəkkəb tapşırıqlar vermək əvəzinə onları kiçik mərhələlərə bölmək daha faydalı ola bilər.
«Otağını yığışdır» əvəzinə «Əvvəlcə oyuncaqları qutuya yığaq» demək uşağın işi başlatmasını asanlaşdıra bilər.
«Sakit otur!» əvəzinə qısa hərəkət fasilələri yaratmaq, «Yenə səhv etdin!» əvəzinə düzgün etdiyi davranışı vurğulamaq daha dəstəkləyici yanaşmadır.
Valideyn təlimləri, davranış müdaxilələri, məktəb dəstəyi, yaşa və ehtiyaca uyğun psixoterapiya, zəruri hallarda isə həkim tərəfindən təyin olunan dərman müalicəsi kompleks yanaşmanın əsas hissələridir.
Bir sual: Biz uşağın davranışını görürük, bəs onun yaşadığı çətinliyi görə bilirikmi?
DEHB-li uşaq həmişə qayda pozmaq istəmir. Bəzən o, qaydalara əməl etmək üçün digər uşaqlardan daha çox səy göstərir.
Onu yalnız davranışına görə qiymətləndirdikdə potensialını, emosional ehtiyaclarını və yaşadığı çətinlikləri gözdən qaçıra bilərik.
Psixoloq olaraq düşünürəm ki, uşağın davranışını dəyişdirməyə çalışmazdan əvvəl həmin davranışın səbəbini anlamaq lazımdır.
Çünki bəzən uşağın eşitməyə ən çox ehtiyacı olduğu cümlə «Özünü düzəlt!» deyil, «Səni anlamağa çalışıram» olur.
Gülnarə İmanova
Klinik psixoloq
Bu məqalə Çinar Psixologiya Reablitasiya və İnkişaf Mərkəzinin maliyyə dəstəyi ilə çap olunur.

Çinar Psixologiya, İnkişaf və Reabilitasiya Mərkəzi
📍 Ünvan: Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi 41
📞 WhatsApp: +994 99 850 80 17












































































































































































