Azərbaycanlı məşhurları əməliyyat edən türk uzman: “Daha incədirlər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 585

İstanbulun Superplast Estetik Cərrahiyyə Mərkəzinin estetik-plastik cərrahı, uzman Coşkun Taşçın Aile.lent.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Son illər plastik cərrahiyyədə lazer üsulu üstünlük təşkil edir. Lazer üsulu ilə bədəndən yağ alma prosesi haqqında məlumat vermənizi istərdik.

– Dünyada yayılan son estetik proseslərdən biri də insan bədəninin hər hansı hissəsindən yağ almaqdır. Döşlər, burun və üzün başqa hissələrində də müxtəlif əməliyyatlar keçirilir. Lakin dünyanın harasına getsəniz, ən çox yağ alma əməliyyatının keçirildiyinin şahidi olacaqsınız. Elə bir qadın və ya kişi tapılmaz ki, bədənin hər hansı yerindəki yağdan narahat olmasın.

– İnsan bədənində artıq yağ nə zaman yaranır?

– Bəzən insanlara elə gəlir ki, qoçaq olmayan, tənbəl, idmanla məşğul olmayan insanlarda yağ yaranır. Bəzən deyirlər ki, bir az boğazlarından kəssələr, yağlanmazlar. Lakin sizə bir misal çəkim. 58 kilo çəkisi olan xanımlar da bədəninin hər hansı yerində yağ olmasından şikayət edir. Arıq və ya kilolu olmasına baxmayaraq, hər bir insanın bədənində müəyyən yağ deposu var. Bir az kökəldikdə depolar özünü göstərir. Arıqlayan zaman insan bədəninin hər yeri arıqlayır. Lakin elə insan var ki, hər hansı hissəsinin arıqlamasını istəmir. Biz insanın artıq yağ olan hissəsinə müdaxilə edirik.

– Yağların yenidən qayıtması ehtimalı varmı?

– Xeyr! Sonra həmin insan kökəlsə də, o hissədə heç bir dəyişiklik olmur. Yəni yağ yenidən qayıtmır. Lap ana olduqdan sonra da bədən quruluşu dəyişmir. Çox ağrısız əməliyyatdır. Bu əməliyyatın adı liposaksiya deyil, lazerlə yağ almadır. Önəmli olan yağın çıxarılmasıdır. Bəzən insanların yağlarının əriməsi üçün müxtəlif bitki çayları, dərmanlar məsləhət görürlər və deyirlər ki, bunları etsələr, yağ sidiklə bərabər bədəndən ifraz olunacaq. Lakin insan sidiklə yağ, protein, karbohidrat atmır.

– Lazerlə yağ alma əməliyyatı necə həyata keçirilir?

– Yağ alma əməliyyatı 1 saata aparılır. Əməliyyat zamanı xəstə tam yatmış vəziyyətdə olmur, hətta bizimlə söhbət belə, edə bilər. Əməliyyatda heç bir kəsik olmur. 2-3 mm-lə yağ olan hissəyə daxil olan alət var. Onu dəri altına daxil edirik, lazer işıqları vasitəsilə  yağlar əridilir və anında bədəndən xaric edilir. Elə həmin anda da yağ alınan hissədə dəri yığılır. Əməliyyatdan nə qədər zaman keçsə də, dəridə boşalmaq, sallanmaq mümkün deyil. Bu lazer aləti özü dərini birdəfəlik toplayır. Əməliyyatdan yarım saat sonra  bandajla (korset) evlərinə gedirlər. Xəstələr 3 gün sonra idmana başlaya bilərlər. Hətta qadınlar doğuş da edə bilərlər. Lakin yenə doğuş olarsa, qarın qatı yenə açılır və yağlar yenidən toplanır. O zaman oranı yenidən bərpa etmək lazım gəlir. Bizə müraciət edənlər gombul insanlar deyil. Onlar arıqlayan, lakin müəyyən yerlərində yağ qalan insanlardır.

– Azərbaycanlı xəstələriniz varmı?

– Azərbaycandan çox sayda pasientlərimiz olub. Hətta səhər gəlib əməliyyata girirlər, axşam təyyarə ilə geri qayıdırlar. Artıq onlar korseti necə çıxarmağı da bilirlər. Çünki əsasən dostlarının məsləhəti ilə gəlirlər və onlardan öyrənirlər ki, korseti necə çıxarmaq lazımdır. Sizə deyim ki, mənim yanıma çox sayda Azərbaycan xanımları gəlir. Etiraf edim ki, azəri xanımları türk xanımlardan daha incədirlər. Hətta onlar arasında məşhurlar da var. Azərbaycandan gələn xəstələrlə işləmək çox asandır. Çünki ilk növbədə kaprizləri yoxdur, üstəlik durumları da pis olmur. Bədən quruluşları onsuz da yaxşı olduğu üçün bir az əl gəzdirdikdən sonra lap yaxşı formada olurlar.

– Müraciət edənlər daha çox bədənlərinin hansı hissələrindən şikayət edirlər?

– Çox zaman bədəndə artıq yağ omba ilə bel arasında elə əmələ gəlir ki, ombaya bitişir, yəni omba kimi görünür. Əsasən qarın, bel, omba və ayaqlardan yağ çıxarılır. Amma başqa və daha vacib bir orqan da var – üz. Yağ əsasən, çənənin alt hissəsində, buxaqda yığılır. 2-3 nöqtədən 3 mm lazer ucluğu yağ olan yerə daxil edilir. Yağları əridir, xaric edir və dərini toplayır. Bəzi qadınlar döşlərinin quruluşu deyil, həcmindən narazıdır və  bir az kiçildilməsini istəyirlər. Bizim istifadə etdiyimiz lazer aparatı döşləri olduğu kimi balacalaşdıra bilir. Yəni, döşlər kəsilmədən kiçildilir.

– Qarın hissədə kökəlmə daha çox kişilərdə müşahidə edilir. Bəs sizə daha çox kişilər müraciət edir, yoxsa qadınlar?

– Əlbəttə ki, qadınlar. İlk növbədə, kişi qarnı ilə qadın qarnı bir-birindən fərqlənir. Kişi qarnında işlər çətindir. Çünki kişilərdə yağlar dərinin altında deyil, əzələlərin ortasında, orqanların içindədir. Kişilərdə yağ olan yerlər daş kimi olur. Ona görə də kişilər kökələndə daha tez ölürlər. Çünki yağ damarların, ürəyin içində olur. Bu səbəbdən kişilər üzərindəki əməliyyatlarda çox da müvəffəqiyyət qazana bilmirik. Çünki bu lazer dərinin altındakı yağları əridir, içəri girib orqanlar və ürəyin içindəki yağları əridə bilmir. Amma bizə çox sayda kişilər müraciət edir. Nisbətən öhdəsindən gələ bilirik, amma müvəffəqiyyətlə yox. Lakin istisnalar da var. Əllə toxunan zaman içəri girən yağı ala bilirik, amma əllə toxunan zaman bərk olan yağı yox. Əgər qarın əzələləri sağlamdırsa, əməliyyat asan olur. Yəqin ki, çox insanlar müşahidə edib, yemək yeyən zaman qarın şişir, ac olan zaman isə düz və gözəl qarın olur. Belə qarınlar əsasən doğan qadınlarda olur. Bu, idmanla da düzəlmir. Biz isə bunun öhdəsindən gələ bilirik. Belə qarınlarda olan az miqdarda yağı çəkirik və qarın birdəfəlik içəri girir.

– Bu əməliyyatın təhlükəli tərəfi nədir?

– Əvvəlcə onu qeyd edim ki, ölüm təhlükəsi yoxdur. Təhlükəli tərəfi başqadır. Mənim əlimdə sehrli çubuq yoxdur. Mən yalnız insanı olduğundan daha yaxşı vəziyyətə sala bilərəm. Məsələn, bir insan uzun müddətdir pəhriz saxlayıb, idmanla məşğul olub. Lakin istədiyi nəticəni əldə edə bilməyib. Bu zaman onu istədiyi bədən formasına salırıq. Bəzən bir insanı əməliyyat edirik, bir müddət sonra geri dönüb əməliyyatdan razı olmadığını bildirir. Qeyd edir ki, rəfiqəsinin bədəni əməliyyatdan sonra daha gözəl olub. Biz onu başa salırıq ki, rəfiqəsi gəldiyi zaman onsuz da pis durumda deyildi. Mən bütün pasientləri eyni bədən quruluşuna yox, sadəcə olduğundan daha yaxşı vəziyyətə salıram. İstənilən nəticə çox zaman 1-ci cəhddən əldə edilmir, 2-ci, 3-cü cəhddə olar. İlk əməliyyatdan sonra ikinci əməliyyatı etmək üçün aradan 3 ay vaxt keçməlidir. Əvvəllər bu əməliyyatlar 10-12 saat çəkirdi, insanın bədəni kəsilirdi, tikilirdi. İndi texnika elə inkişaf edib ki, gündə 5 əməliyyat edirəm. Çünki bir əməliyyat 1 saat, ən çoxu 1 saat 15 dəqiqə vaxt aparır.

– Lazerlə yağ alma əməliyyatı neçəyə başa gəlir?

– Ən aşağısı 4-5 min dollara başa gəlir. Ən çətin əməliyyat isə 7-8 min dollardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir