Uşağı tənbəl böyütməyin fəsadları

Baxış sayı: 1. 276

Övlad insana verilən ən gözəl nemətlərdən biridir. Bir çoxlarımız övladımıza qarşı həddindən artıq qoruyucu yanaşırıq. Onları hər addımlarında idarə etməyə çalışır, ən adi ehtiyaclarını belə özümüz təmin edirik. Bu da uşaqda məsuliyyət hissinin formalaşmasına mənfi təsir edir və öhdəliklərini yerinə yetirməkdə çətinlik törədir.

Əksər valideyn artıq yaşı kifayət qədər böyük olan uşağın suyunu belə özləri gətirir. Ona mətbəxdən su gətirmək əvəzinə, mətbəxin yolunu göstərmək daha öyrədici olar. Yoxsa öz ehtiyaclarını təmin edə bilməyən ibtidai sinif şagirdinin məktəbdə və həyatda müvəffəqiyyətli olmağını necə gözləmək olar? Vəziyyət belə olduqda uşaqlarda məsuliyyət şüurunun inkişaf etməsi sual altındadır. Bu həm də uşağın doğuşdan sahib olduğu potensial bacarıqlarının ortaya çıxmasını əngəlləyir.

Aparılan müşahidələr göstərir ki, hər işi valideyni və ya hər hansı bir böyüyü tərəfindən həyata keçirilən uşaqlar öz ayaqları üstündə durmaqda çətinlik çəkirlər. Bu formada böyüyən uşaqlar ibtidai sinifdə adaptasiya problemi ilə qarşılaşırlar; dərsdə deyilənləri eşitmir, tənəffüslərdə oynamaq istəyir, evə gələndə tapşırıqlarını eləmək üçün masaya əyləşməkdən boyun qaçırırlar. Məktəbdə yoldaşlarının hər dediyini, eynilə evdə ana-atalarının etdiyi kimi etmələrini istəyir və eqoistcəsinə davranırlar. Çünki hər şeyi valideynin məcburiyyəti ilə edirlər. Mütəxəssislər hesab edirlər ki, istədikləri hər şey valideynləri tərəfindən hazır edilən uşaqlar tənbəlliyə öyrəşirlər. Hətta onlar nəyi isə edərkən belə, valideynləri istədikləri üçün edirmiş kimi davranırlar. Sanki məktəbə onlar üçün gedir, tapşırıqlarını valideynləri üçün edir və hətta yeməklərini belə ana-atası üçün yeyirmiş kimi davranırlar. Həyatda qalmaq üçün lazım olan yemək, geyinmək kimi bütün zəruri ehtiyacları onların əvəzinə valideynlərinin etməsini istəyirlər; özləri edərlərsə də məcburiyyətlə, yalvarmaqla edirlər.

Övladınızın hər işini siz etməyin!

Bu səbəblə valideyn olaraq, uşaqlarınızın hər işini onun yerinə özünüz etməyə çalışmayın. Uşaqlarınıza ev içərisində yüngül tapşırıqlar verməkdən çəkinməyin. Uşaqlar evdə öz suyunu özü içməli, yatdığı yeri yığışdırmalı və ev işlərinə kömək etməyi öyrənməlidirlər. Uşaq evdə öhdəsindən gələ bildiyi kiçik işlərdə özünəinamı formalaşır. Məsələn, övladınızdan süfrənin hazırlanmasına və yığışdırılmasına sizə kömək etməsini xahiş edə bilərsiniz. Yaşına uyğun olarsa, yeməyin yanına salat hazırlaya bilər. Bu, övladınızın “Mən yeməkdə salat hazırlaya bildim” düşüncəsilə özünü faydalı bir insan hesab etməsinə şərait yaradacaq. Lakin hər işini onun əvəzinə siz etsəniz, özünü bacarıqsız, əlindən heç bir iş gəlməyən bir fərd kimi hiss edəcək. Ona görə də uşaqlarınızı tənbəlliyə alışdıraraq robotlaşdırmayın. Onlara erkən yaşda yaşına uyğun vəzifə və məsuliyyət verərək böyüdün