piti (1)

Xəngəl, xaş, piti – onlar niyə sizə zərər verə bilər?

Baxış sayı: 2. 537
Dəyişən ekoloji mühit, oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması, eləcə də bir çox ərzaq məhsullarının keyfiyyətinin sual altında olması milli mətbəximizin bəzəyi olan bir çox yeməkləri insan səhhəti üçün zərərli hala salıb.
Hətta bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də olur. Bəzi insanlar bu faktlardan çıxış edərək, milli yeməklərimizin insan orqanizmi üçün zərərli olduğunu desələr də, ekspertlər bunun əksini deyir. Həkim-dietoloqlar bunun səbəbini yeməklərdə deyil, insanların passiv həyat tərzində görürlər.
Bəs, görəsən hansı yeməklər səhhətimizə mənfi təsir edə bilər. Yüksək dərəcədə yağlı olan xaş, piti, xəmir xörəkləri olan xəngəl, düşbərə və sair dadlı-ləzzətli olsalar  da, bəzən insana pis təsir edə bilər. Ekspertlər isə bildirirlər ki, bunun səbəbi yeməkdə yox, insandadır.
Tibb elmləri doktoru Adil Qeybulla musavat.com-a açıqlamasında bildirib ki, əgər yeməyin hər hansı toksiki təsiri yoxdursa, o yemək zərərli ola bilməz: “Sadəcə olaraq, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi tez-tez dəyişən adamlarda, şəkərli diabeti olan şəxslərdə həddindən artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara bilər. Əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır. Ümumiyyətlə, insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Bütün bunlar o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə olmur. Bu da həmin maddələrin orqanizmdə toplanmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, oturaq iş rejmində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və kalorili milli yeməklərin qəbulu ziyanlıdır: “Əgər insanlar gün ərzində oturaq vəziyyətdə olurlarsa, axşamlar gəzməyə çıxmalıdırlar. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır. Yəni, bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar, həzm sistemi normal işləmir, qan dövranı normal tənzimlənmir, venoz qan dövranı sistemi normal işləmir. Bu səbəbdən də bədənə daxil olan kalori sərf olunmur. Bu da çəki artımına gətirib çıxarır və bütün xəstəliklərin əsasında dayanır”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da vurğuladı ki, milli mətbəximizin heç bir yeməyi ziyanlı deyil: “Belə bir deyim var ki, “Artıq içiləndə dərd verir, su da…” Yəni ən ziyansız bir qida olan suyu da çox içəndə ziyan verə bilər. Yeməyi norma daxilində yeyəndə o xeyirli olur. Təbii ki, insan xəstədirsə, ona müəyyən yeməkləri olmaz. Hər xəstənin öz yeməyi var. Normal qidalanma normal adam üçündür. Milli yeməklərimiz çox sağlamdır. Tərkibindəki bütün elementlər bir-birinə uyğun gəlir. Əgər yeməyi yaxşı bişirmirlərsə, çiy şəkildə yeyirlərsə, təkibinə düzgün ədviyyatlar vurmurlarsa, israfçılıq edirlərsə, o zaman  ziyan edə bilər.
Əgər insan bir qoyunu bütöv yeyirsə, o təbii ki, ziyanlı olacaq. Koroğlu deyil ki… Və ya bir sini paxlavanı birdəfəyə yeyən adamın təzyiqi, şəkəri əlbəttə ki, qalxacaq. Ancaq milli yeməklərimizin zərərli olması, tərkibinin yaxşı olmaması haqqında fikirlər doğru deyil. Bunu adını mütəxəssis qoyan yalançı dietoloqlar ortaya atırlar”.
Baş kulinar yeməklərin insan səhhətində yaratdığı problemlərin səbəbini passiv həyat tərzində və qida normalarına əməl edilməməsində gördüyünü bildirdi: “Deyirlər ki, səhər tezdən xaş yemək ziyandır. Əvvəllər xaş yeyən insanlar gedib yer şumlayıb, əkin əkirdilər, fiziki işlə məşğul olurdular. Əgər insan idmançıdırsa, fəhlədirsə, futbolçudursa səhər tezdən ürəyi istədiyi qədər xaş yeyə bilər. Ancaq əgər xaşı yeyib gedib kabinetdə oturacaqsınızsa, təbii ki, ağırlaşacaqsınız, vəziyyətiniz pis olacaq. Bu, normal bir haldır. Hansı işdə çalışırsınızsa, gün ərzində nə qədər enerji sərf edirsinizsə o qədər yemək yeyin. Burada yeməyin nə günahı var? Əgər sən gündə bir qoyunun ətini yeyirsənsə, günah qoyundadırmı? Çox zaman Azərbaycan kişiləri milli yeməkləri spirtli içki ilə birlikdə qəbul edirlər. Bu zaman içki doymaq hissini öldürür və insan daha çox yeyir. Əgər yeməkdə bir litr araq içən adam ölürsə, bunun günahı həmin yeməkdə deyil, içkidədir. Bizim  yeməklərimiz kalorilidir. Ancaq kalori bütün yeməklərdə var. Bir kiloqram qoyun ətində olan kalori 1 kiloqram şəkərdə olduğundan daha azdır”.
Tahir Əmiraslanovun sözlərinə görə, milli mətbəximizə məxsus yeməklərin tərkibindəki bütün elementlər bir-birini tamamlayır və qidanın orqanizmdən daha tez sorulmasını təmin edir: “Məsələn, düyü ifrat dərəcədə təmizlənir və demək olar ki, plovun tərkibində heç bir vitamin qalmır. Onun faydalı olması üçün tərkibində betta-karotin maddə olan meyvələr, məsələn yerkökü əlavə edirik. Ancaq əgər yeməkdə yağ yoxdursa, həmin karotin maddəsi bədənə sorulmur, çünki yağda həll olan vitamindir. Ona görə də, mütləq plovun üstünə kərə yağı gəzdiririk. Məsələn, plovun dibinə qazmaq edirik, ona da yumurta vururuq. Yumurtanın tərkibində xolin maddəsi var. Beyin bu maddədən ibarətdir. Əgər marqanis maddəsi yoxdursa, xolin həll olunmur. Marqanis da düyünün tərkibində var. Deməli, plovdakı bütün detallar bir-birini tamamlayır.
Dədə-babalarımız bu yeməklərlə qidalanıblar və uzun illər yaşayıblar. Sadəcə, o yalançı dietoloqlar milli yeməklərimizi gözdən salırlar. Məsələn, qoyun əti çox gözəl, dadlı, faydalı ətdir, ancaq qara ciyəri xəstə olan adam üçün yox… Xəstənin, xəstə yeməyi var. Məsələn, şəkərli diabet xəstələrinə qoyun əti, quyruq yemək olmaz. Əgər ona pis təsir edirsə, bu, o demək deyil ki, qoyun quyruğu pis qidadır.
Heyvan kəsiləndə onun quyruğunun bir tikəsini isti-isti udmaq xeyirdir. Ancaq artıq soyusa, bunu çiy yemək ziyandır. Heyvanın qara ciyərinin bir tikəsini heyvan kəsilən kimi isti-isti udmaq xeyirdir. Ancaq soyuduqdan sonra çiy yemək ziyandır. Sadəcə, bunları bilmək və doğru şəkildə etmək lazımdır. İnsanlara yanlış məlumat verməklə onların düşüncəsini korlayırlar”.
Nərgiz LİFTİYEVA,
Musavat.com



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir