bosanma

Yolayrıcında qalan uşaqlar – “HƏR BEŞİNCİ” QORXUSU

Baxış sayı: 1. 395

Psixoloqların fikrincə, boşanma valideynlərin birinin, yaxud hər ikisinin, xüsusilə də uşaqların ruhi tarazlıqlarının pozulması kimi stressiv bir situasiyadır. Boşanma valideynlərinin heç birindən ayrılmağın mümkünlüyünü dərk edə bilməyən uşağın psixoloji sağlamlığına mənfi təsir göstərir. Çünki nə ata, nə də ana onun üçün yad ola bilməz.

Amma bəzən vəziyyət elə bir hal alır ki, qadın boşanmağa, hətta kişini atalıqdan məhrum etməyə belə məcbur olur.

28 yaşlı Bakı sakini Nuridə Qurbanova başına gələnlər barədə Aile.lent.az-a danışır. Deyir ki, yoldaşı onu 22 yaşı olanda qaçırıb: “Gəncədə yaşayırdım. Bir gün işdən gələndə qarşımda köhnə avtomobil dayandı. 2-3 nəfər zorla məni maşına mindirdi. Nə qədər qışqırıb ağlasam da xeyri olmadı. Səhər gözümü açanda tanımadığım birinin yatağında idim. Ağlamaq, sızlamaq, qaçmaq üçün gec idi. Məcbur oldum taleyimlə barışdım. Bir il sonra övladım dünyaya gəldi. Oğlum üçün yaşamağa başlamışdım. Yoldaşıma nifrət edirdim. İçir, gecələri evə gəlmir, gələndə isə fiziki və cinsi zorakılığa məruz qoyurdu məni. Valideynlərimin təkidi ilə rəsmi nikaha girmişdik. Bir gün bıçaq sümüyə dirəndi. Gecə içib evə gələn yoldaşım məni kəmərlə döydü. Üz-gözümə o qədər zərbə endirmişdi ki, ağrıdan nəfəs ala bilmirdim. Səhər açılan kimi atama zəng elədim. Gəlib məni apardılar. Məhkəməyə müraciət edib, tez bir zamanda boşandım. Azyaşlı oğlumu da məhkəmə mənə verdi. İndi o adam məni narahat etməyə başlayıb. Deyir, oğlum böyüyəndə onu başa salacağam ki, əxlaqsız olduğun üçün səndən boşanmışam. Mən övladımı ondan uzaq tutmaq istəyirəm. İçir, aliment ödəmir və tüfeyli həyat sürür. Ondan mənim övladıma ata olmaz”.

Müsahibimiz bildirir ki, keçmiş həyat yoldaşını atalıqdan məhrum etmək istəyir, amma prosesi necə həyata keçirmək lazım olduğunu bilmir, bunun övladına psixoloji və hüquqi baxımdan nə kimi zərər verə biləcəyindən narahatdır.

Mütəxəssislərin fikrinə görə, boşanma halına 5-7 yaşlı oğlan uşaqları xüsusilə ağrılı münasibət göstərirlər. 2-5 yaşlı qız uşaqları isə atalarıyla ayrılığa daha çox həyəcanlanırlar.

Həkimlərin apardığı tədqiqatlara görə isə, nevroz xəstəsi olan hər beşinci nəfər uşaqlıqda atasıyla ayrılıq yaşamış insanlardır.

Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, valideynlərin boşanması uşaqlara bütün həyatları boyu öz mənfi təsirini göstərir. Valideynlərin boşanmaya qədər və boşanmadan sonrakı çəkişmələri isə aşağıdakı hallara gətirib çıxarda bilir:

• 37.7% uşaqlarda dərsə hazırlıq səviyyəsi aşağı düşür,

• 19.6% uşaqlar evdə nizam-intizam məsələsində əziyyət çəkirlər,

• 17.4% uşaqlar xüsusi diqqət tələb edirlər,

• 8.7% uşaqlar evdən qaçmağa cəhd edirlər,

• 6.5% uşaqlarda öz yaşıdları ilə tez-tez münaqişələri olur.

Az hallarda boşanma uşaqların həyat şəraitinə müsbət təsir göstərir. Valideynlər arasında gündəlik mübahisə və davalardan qurtulma uşaqların psixikasına da rahatlıq gətirir. Əksər hallarda isə valideynlərin ayrılması uşaqların psixikasında travma kimi həkk olunur. Ən çox psixoloji travmanı boşanma halı yox, boşanmanın ailəyə göstərdiyi fəsadlar yaradır.

Hətta mütəxəssislərin fikrincə, boşanma halında südəmər uşaqlar da həyəcanlanaraq, ananın keçirdiyi təlaş nəticəsində psixoloji travma alırlar.

Kiçik məktəbyaşlı uşaqlar ailənin dağılması faktını daha ağır keçirirlər. 2.5-3.5 yaşlı uşaqlar ailənin dağılmasına ağlamalar, yuxu pozuntusu, qorxu həddinin çoxalması, dərketmə proseslərinin zəifləməsi, öz şəxsi əşyalarına bağlılıqla münasibət göstərirlər. Himayəsiz qalmış ev heyvanlarına qayğı göstərməyə başlayırlar. 3.5-4.5 yaşlı uşaqlarda yüksək kinlilik, aqressivlik, itirmək qorxusu, həyəcan halları müşahidə olunur.

5-6 yaşlı uşaqlarda da həyəcanlılıq və aqressiv davranışın çoxalması, qəddarlıq, kinlilik halları müşahidə edilir. Onların iştahalarında və yuxularında pozulma olur. Atalarına qarşı darıxma halları olmaqla ailələrinin yenidən birləşməsi istəyi üstünlük təşkil edir.

Müəyyən edilib ki, hansısa səbəbdən birlikdə yaşamaq mümkün olmadığı və bir yerdə yaşamaq istəmədikləri üçün ayrılan valideynlərin uşaqlarında özünəinam hissi aşağı olmaqla, onların psixikasında güclü travmalar yaranır. Ona görə də həmin yaşda uşaqların yeganə istəkləri valideynlərinin yenidən qovuşması və birlikdə yaşamalarıdır.

Uşağa boşanmanın bu qədər təsir etdiyini nəzərə alsaq, atalıqdan məhrumetmənin körpəyə vurduğu zərərləri dilə gətirmək çətindir. Uşağın soyadı anasının soyadı ilə eyni olacaq, uşağın ata adı yerinə XX yazılacaq, uşaq ətrafındakı insanlar tərəfindən aşağılanacaq. Buna görə də atalıqdan məhrumetmə uşağın psixoloji durumuna görə məsləhət görülmür. Psixoloq deyir ki, boşanan zaman qadın adətən ata evinə qayıdır. Nəticədə, nənə-baba yanında tərbiyə olunan uşaqların psixologiyasında yeni travma yaranmağa başlayır: “Yeni ailədə ataya qarşı nifrət və təhqiramiz ifadələr uşaqlarda indiki ailəyə qarşı nifrət yaratmağa başlayır. Belə münasibət xüsusilə oğlan uşaqlarında aqressiv xarakter formalaşdırır. Ailədə atanın – kişinin olmaması uşağın intellekt səviyyəsinin, məntiqi mühakimə yürütmək imkanlarının inkişafdan qalmasına gətirib çıxardır. Qəbul edilmiş haldır ki, uşaq ata himayəsindən nə qədər erkən məhrum olunarsa, onun əqli inkişafı o qədər çox geri qalar. Ən çox da bu hal birinci iki il müddətində müşahidə olunur. Ailədə atanın olmaması oğlan uşağının psixoloji və cinsi xüsusiyyətlərinin, keyfiyyətlərinin formalaşmasına da mənfi təsir göstərir”.

bosanma

Ata himayəsindən məhrum olmuş uşaqlarda aşağıdakı keyfiyyətlər də meydana çıxır:

1. Bu günlə yaşamaq,

2. Nə vaxtsa onların da bəxtlərinin gətirəcəyinə ümid etmək,

3. Həyatlarını necə dəyişmək onları maraqlandırmır,

4. Gələcək həyat planları qurmağa cəhd etmirlər.

Oğlan uşaqlarında ailənin bütün yükünü daşımaq problemi yarandığı üçün onlar özlərini köməksiz hiss etməyə başlayırlar.

Rafiq Allahverdiyev bildirir ki, bəzi hallarda oğlanlar məqsədli olaraq ictimai qaydaları pozur və xuliqanlıq hərəkətləri törətməyə başlayırlar. Onlar hesab edirlər ki, bu hərəkətləri eşidib ataları mütləq meydana çıxacaq və nəzarəti öz üzərlərinə götürəcək. Lakin bu, çox vaxt gözlənilən nəticələri vermədiyi üçün həmin uşaqlar nəzarətdən kənar qalırlar: “Əksər hallarda belə oğlanlar həmişə atalarına bəraət qazandırır və onun qayıtması naminə erkən əmək fəaliyyətinə başlayırlar. Bu isə onların həyata baxışlarını, münasibətlərini dəyişir. Çünki həyatın ağırlıqlarına bələd olmadan özlərini ailənin himayədarı kimi təsdiq etmək istəyən oğlan adi bir çətinliyə düşəndən sonra və onun öhdəsindən gələ bilmədikdə özünün təkliyi və köməksizliyini yenidən dərk etməsi ikinci dəfə ona psixoloji travma yaşamağa məcbur edir. Onlarda özlərinə, ətrafdakılara və gələcəyə inam və ümidin itirilməsinə gətirib çıxardır”.

“Faustus” Hüquqi Xidmətlər Mərkəzinin rəhbəri Vasif Rzayevin sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2. alimenti qəsdən ödəmədikdə;

3. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;

5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır: “Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur”.

V.Rzayevin sözlərinə görə, məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

Ancaq valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.

Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər.

Qeyd edək ki, uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir