Güllər nəyi simvolizə edir?

Baxış sayı: 4. 896

Güllər gözəlliyi, ətri, zərifliyi ilə insanları valeh edir. Hələ qədim zamanlardan güllər insanların həyatında vacib rol oynayıb. Sevgi, diqqət və hörmət əlaməti kimi güllər hədiyyə olunur.

Müxtəlif xalqlar güllərə fərqli yanaşır və hər bir gül nəyisə simvolizə edir. Məsələn, bir çox ölkələrdə ən məşhur gül qızılgül sayılır. Bu gül sevgi və gözəlliyi simvolizə edir. Xüsusilə də Bolqarıstanda bu güllər çox məşhurdur. Bolqar rəssamlar adətən öz əsərlərində bu gülləri təsvir edirlər. Bəzi ölkələrin gerbləri isə qızılgüllərlə bəzədilib. Qızılgül həm də ən çox alınan güllərdəndir.

Lotus gülü isə Hindistanın rəmzi hesab olunur. Bu güllər rəssamların əsərlərində, tikililərin sütunlarında və məbədlərdə təsvir olunur. Hindistan xanımları bu çiçəklərlə saçlarını bəzəməyi xoşlayırlar. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Ona görə də hindistanlılar bu güldən çox istifadə edirlər.

Elə ölkələr var ki, orada güllərə xüsusi yanaşırlar. Güllərlə bağlı bir sıra əfsanələr, ədət-ənənələr var. Məsələn, Yaponiyada sakura çiçəyi çox məşhurdur. Yaponiyada bu gülə hər yerdə rast gəlmək olar. Sakura gülünün açması yaponlar üçün vacib bir hadisədir. Yaponlar ailəsi, iş yoldaşları, tanışları və qohumları ilə yığışıb bu güllərin açmasına tamaşa etməyə gedirlər. Xrizantem gülü də Yaponiyada çox sevilən güllərdəndir. Bu gülün rəsmini yaponların pasportunun üzündə də görmək olar. Ən yüksək orden imperator möhürünü simvolizə edən Xrizantem Ordenidir. Amerikada hər ştatın öz rəmzi – gülü var. Texasda valehedici göy rəngli lupin ştatın rəmzi sayılır. Lupin gülləri açanda torpağın üstünü sanki göy xalça örtür. ABŞ-ın özünün isə rəmzi ümid verən və sevinc gətirən qızılgül hesab olunur. Qızılgül həm də İngiltərənin də rəmzi gülü sayılır.

Çinin isə rəmzi pion gülüdür. Bu gül əmin-amanlıq, xoşbəxtlik və sevgi mənasını verir. Hər il Çinə pion gülünün festivalında iştirak etməyə minlərlə adam gəlir. Pion gülü festivalı həm də nikah bağlamaq üçün uğurlu gün sayılır. Çində gənclərin çoxu məhz bu gün nikah bağlamağa üstünlük verirlər.

Rusiyada isə çobanyastığı günü təbiəti simvolizə edir. İspaniya və İtaliyanın isə rəmzi zanbaq gülüdür. Fransada da ağ zanbağa böyük əhəmiyyət verilir.

Lakin elə ölkələrdə var ki, güllər mənfi hadisələri simvolizə edir. Bu səbəbdən də gül hədiyyə etməzdən əvvəl bu haqda ətraflı məlumat öyrənmək lazımdır. Misal üçün, Almaniyada zanbaq gülü ölülərin dünyası ilə assosiasiya olunur. Bizdə də qərənfil güllərini hüzr yerlərinə aparmaq adəti var.

Güllər açdığı mövsümə görə fəsilləri də simvolizə edir. Güllərin yetişdirilməci və satışı ilə məşğul olan Rövşən Əhmədovun sözlərinə görə, balaca, lakin çox ətirli bənövşə gülləri baharı simvolizə edir. Əfsanəyə görə, bu gül təvazökar olmağı öyrədir. Eləcə də hesab olunur ki, bu gülün ətri güclü baş ağrılarını da azaldır. Xüsusilə də uşaqlar tərəfindən sevilən zəncirotu xoşbəxtlik, təbəssüm, sevinc, sadiqlik mənasını verir. Zəncirotunu hədiyyə verməyi xoşlayan adamlar adətən həyatı çox sevir, şən və ünsiyyətcil olurlar. Lakin belə adamlar dəyişkən xarakterli və qeyri-ciddidirlər. “Nərgiz gülünün mənaları isə fərqlidir. Bu gül cəsarət, özünə aludə olmaq, qarşılıqsız sevgini simvolizə edir. Ağ nərgiz gülü diqqət, sarı nərgiz gülləri qarşılıqsız sevgi deməkdir. Lalə gülləri xəyallar aləmini simvolizə edir. Bu gülün mənaları rənglərinə görə fərqlənir. Qırmızı lalə öz istəyinə çatmağı arzulamaq, ağ lalə sakitlik, sarı isə var-dövlət və uğur mənasını verir. Yasəmən gülləri isə cazibədarlıq, gözəllik rəmzidir. Kaktuslar isə aqressiya, məqsədyönlülük, tərslik mənasını verir”.

Orxideyalar kübarlıq, xeyirxahlıq, müdriklik rəmzidir. Bu gözəl çiçəklərin müxtəlif növləri var. Bu gülün əksər növləri sevgi və gözəllik, ailə səadəti mənalarını da daşıyır. Çəharyı rəngdə olan orxideyalar isə saf hisslər və bağlılıq deməkdir.

Bəzi adamlar qrurmuş güllərdən kompozisiyalar hədiyyə etməyi xoşlayır: “Amma qurumuş gülləri hədiyyə vermək isə pis əlamət sayılır. Qurumuş və ya bir qədər solmuş gül dəstəsi qarşılıqsız sevgi, sevgiyə rədd cavabı mənasını verir. Bu cür gül dəstəsini vermək həmin insanı bəyənmədiyinizi və onunla ünsiyyət qurmaq istəmədiyinizi göstərir. Qurumuş güllər münasibətin bitməsinə də işarə edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir