İllərə meydan oxuyan məhəbbət tarixçələri

Baxış sayı: 1. 482

Ulduzlar arasında möhkəm və uzunömürlü nikah nadir rast gəlinən haldır. Bu gün tanınmış simalar bir yana, adi insanlar arasında belə, boşanma halları getdikcə artır. Buna baxmayaraq, dünya ulduzları arasında bütün çətinliklərə qalib gələn cütlüklər az deyil…

“Publika.az” “Te Amo” layihəsi çərçivəsində ulduz ailələrinin əbədi davam edən məhəbbətindən bəhs edib. Onlar uzun illərdir ki, bir-birinə bəslədikləri sevgi ilə hər kəsə nümunə olmağa çalışırlar.

Adriano Çelentano və Klaudiya Mori, 51 il birlikdə

Bu cütlüyün bir-birinə olan ehtiraslı sevgisi yarım əsrdir davam edir. Onların dostları cütlük haqqında fikirlərini  heyranlıqla ifadə edir və bildirirlər ki, Adriano Çelentano ilə Klaudiya Mori uzun müddət bir yerdə yaşayır və hələ də bir-birini dəlicəsinə  sevirlər!

Kit Riçards və Patti Hansen, 37 il birlikdə

Patti və Kit 37 ildir canbir qəlbdə yaşayırlar. Onlar birlikdə bir çox maneələri aşaraq ülvi hisslərini qoruyub saxlaya biliblər. Bu cütlük təsəllini və əsl dost dəstəyini yalnız bir-birində tapır. Patti Hansen açıqlamalarının birində həyat yoldaşı haqqında bunları deyib:

“Kit məni xilas etdi. Onun məhəbbət və qayğısı məni müsbət enerji və ümidlə əhatə edərək, depressiyadan çıxmağa kömək etdi”.

Ozzi Osborn və Şeron Osborn, 37 il birlikdə

Ozzi qrupdan qovularkən Şeron ona öz yardım əlini və ürəyini təklif etdi. Onlar üç ildən sonra evləndilər. Cütlüyün bu nikahdan üç uşağı dünyaya gəlib. Bütün çətinliklərə rəğmən, onlar indiyə qədər bir-birinin əlini buraxmır. Ozzi etiraf edir ki, ömür-gün yoldaşını həyatından daha çox sevir və dəyər verir.

Semuel L. Cekson və LaTanya Riçardson, 36 il birlikdə

Onlar birgə olduqları müddətdə müxtəlif sınaqlara sinə gərərək, bütün çətinliklərə qalib gəldilər. Semuel deyir ki, 30 illik nikahdan sonra başa düşürsən ki, sevgin zəfər çalıb və sənin ailə dəyərləri haqqında danışmağa tam haqqın var.

Stinq və Trudi Stayler, 34 il birlikdə

Onlar 1982-ci ildə tanış olub. Cütlük o vaxtdan bu günə qədər ayrılmayıb. Stinq:

“Ehtirasımı ancaq bir adamla öldürə biləcəyim heç vaxt ağlıma gəlməzdi. Sevdiyin və səni sevən insanla birlikdə yaşamaq möhtəşəm duyğudur!”

Ceymi Li Kertis və Kristofer Qest, 32 il birlikdə

Bu cütlük ilk baxışdan bir-birinə dəlicəsinə aşiq olub. Ceymi Li Kertis Kristoferin şəklini bir jurnalda görüb və bəyənib.

Kristoferi ilk baxışda bəyənən Ceymi rəfiqəsinə bu sözləri demişdi:

“Mən bu oğlana ərə gedəcəm!”

Maraqlıdır ki, cütlük tez bir zamanda tanış olur  və onların münasibətləri nikahla nəticələnir.

Kevin Beykon və Kira Sedjvik, 28 il birlikdə

Kevin Kiranın məhəbbətini qazanmaq üçün uzun müddət onun nazını çəkib. İlk vaxtlarda Kira Kevinə qarşı biganə olsa da, nəticədə aktrisa ona şans vermək qərarına gəlib. Kira bu qərarından qətiyyən peşman deyil. Cütlük 28 ildir evlidir.

Hyu Lori və Co Qrin, 27 il birlikdə

Hyu Lori və Co Qrinin gərgin iş qrafiki olsa da, bir an bir-birilərini tərk etmirlər.  Hyu Lori özü də etiraf edir ki, Co ilə bir-birini gözəl tamamlayırlar:

“Hiss edirəm ki, illər keçdikcə biz bir-birimizə daha yaxın oluruq”.

Liza Kudroy və Mişel Stern, 21 il birlikdə

Onlar 1987-ci ildə tanış olub. Lakin o vaxt Liza Mişeli ciddi qəbul etmirdi. Bir neçə il sonra onlar “Dostlar” serialının çəkilişləri vaxtı yenidən qarşılaşdılar. Serial zamanı cütlük arasındakı münasibətlər sıxlaşdı və bu əlaqə tezliklə toyla nəticələndi. Onların bir oğlu və 21 ildir davam xoşbəxt ailə həyatı var.

Sindi Krouford və Rendi Herber, 21 il birlikdə

Onlar 1995-ci ildə tanış olub. Təəccüblüsü odur ki, Herber Sindiyə dəli kimi aşiq olsa da, ona evlilik təklif etməyə cəsarət etmirdi. Bu işi Sindi öz öhdəsinə götürərək, tanışlıqdan 3 il sonra Herberə evlilik təklif etdi.

Ayrılmaz cütlüyün bu nikahdan 2 övladı var. Sindi müsahibələrinin birində ailə həyatı barədə bunları etiraf edib: “Bu, həyatımda dostluqla başlayan ilk münasibətdir. Bütün qadınlara bu üsulu sınamağı tövsiyə edirəm. Onda nikahın təməli də möhkəm olur”.

Ceyms Beluşi və Cennifer Sloun, 18 il birlikdə

Beluşi gələcək ömür-gün yoldaşı, həyatının mənası ilə 1998-ci ildə tanış olub. O, Cennifer Slounla elə həmin il evlənib və bu nikahdan onların iki uşağı dünyaya gəlib.

Ceyms Beluşi hər fürsətdə həyat yoldaşına olan duyğularını dilə gətirir:

“Mənə sevməyi həyat yoldaşım öyrədib!”

Ben Stiller  və Kristin Teylor, 17 il birlikdə

Onlar gecə tədbirlərinin birində tanış olublar. Ben Stillerlə Kristin Teylor da ilk baxışdan aşiq olan cütlüklər siyahısına daxildir. Onların ilk tanışlığından 17 il keçir. Bu illər ərzində cütlüyün sevgisi solmayıb. Onların bu xoşbəxt nikahdan 2 övladı var.

Ben Stiller müsahibələrinin birində həyat yoldaşına olan sevgisini bu sözlərlə ifadə edib: “Məsələ ondadır ki, mən inadkar romantikəm. Həmişə xəyallarımdakı ağ atlı şahzadə xanımla qarşılaşacağım günü gözləmişəm. Onun nə vaxtsa rastıma çıxacağına əmin idim”.

Beyons və Cey-Zi, 14 il birlikdə

Onlar 2002-ci ildə tanış olub və münasibətlərini uzun müddət ictimaiyyətdən gizli saxlayıblar. Cütlük şəxsi həyatı barədə danışmağı xoşlamır. Bu məsələdə hər ikisi çox inadkardır. Yəqin, uzun və xoşbəxt münasibətlərin bir sirri də onu kənar şəxslərdən uzaq tutmaqdır.

Robert Dauni və Syuzan Levin, 13 il birlikdə

Onlar xoşbəxt olmaq üçün uzun yol qət ediblər… Hər halda, bir-birini tapa biliblər. Syuzanla tanışlıq Robert üçün əsl möcüzə olub. Belə ki, sevdiyi qadına olan məhəbbəti onu bütün asılılıqlardan, pis vərdişlərdən birdəfəlik xilas edib.

Dauni həyat yoldaşından bir gün belə, ayrı qalmaq istəmir:

“Həyat yoldaşımı iki həftə görməsəm, dayana bilmərəm!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir