“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Türkiyə futbolunun tanınmış siması, “Fənərbaxça” və Türkiyə yığmasının sabiq üzvü, əsas yığmada məşqçi, “Fənərbaxça”da isə baş məşqçi postunu tutmuş, çalışdırıcı kimi son iş yeri isə “Xəzər Lənkəran” olan Oğuz Çətindir.
– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?
– Atam da tanınmış bir futbolçu olmuşdu. Özü bu idmanla məşğul olan bir adam olduğundan mənə də dəstək vermişdi.
– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– İnşaat Mühəndisliyi üzrə ali təhsil almışam. Yəni eyni zamanda inşaat mühəndisiyəm.
– Futbol adamları adətən gündəmdə olur ki, bu da ailədə müyyən qısqanclığa zəmin yaradır. Siz necə, həyat yoldaşınızdan qısqanclıq hiss etmisiniz?
– Mən özümü çox şanslı bir adam hesab edirəm, çünki həyatımın istənilən dövründə həyat yoldaşım mənə dəstək olurdu və indinin özündə də belədir.
– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?
– Təbii ki, yox. Düzdür, həmin dövrdə futbolçuların yaşam tərzindən dolayı ailələr qızlarının futbolçu ilə ailə qurmasını istəmirdi, ancaq mən futbolun bir peşə olduğunu ortaya qoyan, futbol ictimaiyyətinə örnək olan bir adam olduğumdan problemlə qarşılaşmadım.
– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət tərəfləri hansılardır?
– Futbolu bir peşə kimi qəbul etdikdə, böyük hədəflər üçün çalışdıqda, ailəni dolandıra biləcək qədər pul qazandıqda heç bir problemlə üzləşmək mümkün deyil. Əgər futbolçu həyatını nizamlı şəkildə yaşayırsa, ailə qurmaq ancaq müsbət effekt verə bilər.
– Futbol elə bir peşədir ki, bu məslək sahibləri adətən evdən kənarda olur. Siz hətta ölkəmizdə də məşqçi kimi çalışdınız. Ailənizdən uzaqda olanda ən çox hansı problemlə üzləşirdiniz?
– Təbii ki, ailəmdən, xüsusən də övladlarımdan uzaqda olmaq çox çətin idi. Ancaq ailənin bütövlüyünü qorumaq mümkün olanda bu kimi çətinliklərin öhdəsindən də gəlmək olur.
– Ölkəmizdə yaşadığınız dönəmdə azərbaycanlı ailələr ilə türkiyəli ailələr arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etmisiniz?
– İki dövlət bir millət olan ölkələrimizin adət-ənənələri çox bənzərdir.
– Qızınız azərbaycanlı oğlanla ailə qurmaq istəsəydi, buna münasibətiniz necə olardı?
– Mənim üçün dəyişən bir şey olmazdı. Qızımla evlənmək istəyən bir türkiyəli gəncdən vicdanlı olmasını, qızımı xoşbəxt edə biləcək xarakterdə və təhsilli olmasını istədiyim kimi, azərbaycanlı oğlandan da gözləntim bunlardır. Bu özəlliklərə sahib olduqdan sonra azərbaycanlı olması problem deyil.
– Tanınmış bir adam olmaq sizin gündəlik həyatınıza necə təsir edir?
– Məşhur adam olmaq, insanlar tərəfindən sevilmək, hörmətlə qarşılanmaq məni xoşbəxt edir, ancaq bu sevgi və sayğı qarşılıqlı olanda daha da böyüyür.
– Hansı tanınmış futbol adamları ilə ailəvi dostluq münasibətləriniz var?
– Bir çox tanınmış futbol adamı ilə ailəvi münasibətlərimiz var.
– Əlinizdə imkan olsaydı, hansı xarakterinizi dəyişərdiniz?
– Həddini bilməyənlərə layiq olduğu kimi davranmaq istərdim.
Söhbətləşdi: Tural Məmmədov
Xüsusi olaraq “Gencaile.az” üçün
Antalya, Türkiyə