abort

Abort çıxış yolu deyil, həm də təhlükədir

Baxış sayı: 369

Azərbaycanda abortların sayı ilə bağlı statistika son 10 ildir ki, həyəcanlandırır. 2021-ci ildə bu say rekord həddə çatmışdı. 2022-ci ildəki rəqəmlər də ürəkaçan olmadı. 2021-ci ildə ümumi abortların sayı 46877, 2022-ci ildə isə 31747 idi. Mütəxəssislər real rəqəmlərin statistikadan dəfələrlə çox olduğu qənaətindədirlər.

Ötən günlərdə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev də ölkədə abortların sayının hazırda yüksək olduğunu dilə gətirib. BMT nümayəndəsi həmçinin Azərbaycanın selektiv abortlara görə də dünya ölkələri arasında lider olduğunu bildirib. Bəs Azərbaycanda bu artımın səbəbi nədir? Nə üçün abort çıxış yolu hesab olunur? Ümumiyyətlə, abortların hansı təhlükələri var?

 

18-35 yaş arası qadınlar aborta müraciət edirlər

Məlumat üçün bildirək ki, Azərbaycanda abort hamiləliyin 12-ci həftəsinə qədər qanunidir. Həmçinin Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı maddə mövcuddur. Heç bir tibbi göstəriş olmadan hamiləliyin süni surətdə pozulması üçün xüsusi məsuliyyət növü müəyyən edilib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, həkim mama-ginekoloq Aynurə Əmirova deyir ki, abortların əsas səbəblərindən biri kontraseptiv vasitələrdən istifadə olunmaması və qadınların hamiləliyin planlaması ilə bağlı məlumatlarının az olmasıdır: “Təbii ki, bu da arzuolunmaz hamiləliklərə gətirib çıxarır və nəticədə abortların sayı artır. Aborta müraciət edənlər arasında daha çox 18-35 yaş arası qadınlar üstünlük təşkil edir”.

Abort ölümlə də sonlana bilər

Abortun təhlükəsinə gəldikdə isə, mama-ginekoloq vurğulayır ki, abort ümumiyyətlə qadının həm hormonal, həm də psixoloji durumuna mənfi təsir göstərir: “Abort, qaydalara riayət olunmadıqda, ciddi fəsadla, hətta ölümlə nəticələnə bilər. Xəstəxana şəraitindən kənar vəziyyətdə və uyğun olmayan şəraitdə həyata keçirilən abortlar infeksion ağırlaşmalara səbəb olur. Bəzi qadınlar ev şəraitində xüsusi dərmanlardan istifadə edərək hamiləliyi sonlandırmağa çalışırlar. Hamilə qadın həkim nəzarətində olmalıdır”.

 

Abort sonsuzluqla da nəticələnir

Həkim vurğulayır ki, ilk hamiləliyin abortu bəzən gələcəkdə sonsuzluqla nəticələnə bilər: “Bu problem bir neçə abort keçirtmiş qadınlarda da yaranır. Abort zamanı uşaqlığın daxili divarı zədələnir, aşerman sindromu yaranır, qadın hamilə qala bilmir. Erkən həftələrdə baş tutan abort 12-ci həftədən sonra icra olunan abortdan daha az fəsad yaradır”.

Bəzi qadınlar ailə planlaşdırmalarında növbəti uşağın dünyaya gəlməsini nəzərdə tutmur, aborta müraciət edirlər. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri göstərirlər. Bəziləri isə şüurlu şəkildə hamilə qalır, dölün cinsiyyətini öyrəndikdən sonra aborta müraciət edirlər. Mütəxəssislər bildirirlər ki, abortlar əsasən cins seçiminə görə baş verir. Təsadüfi deyil ki, biz, dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında zirvədəyik.

 

Acınacaqlısı odur ki…

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova deyir ki, qanunvericilikdə ananın həyatına təhlükə varsa, abort edilməsi halları mövcuddur. Amma məhz buna görə aborta müraciət edənlərin sayının çox az olduğunu düşünür: “Ümumi abort sayının neçə faizinin ananın həyatına təhlükə olduğu halda həyata keçirildiyi müəyyələşdirilməlidir. Təəssüflər olsun ki, bizdə əsas səbəb bu deyil. Hamımız bilirik ki, bizim ailələrdə hələ də qız uşağına yanaşma ürəkaçan deyil. Hətta ailədə üç qız, bir oğul varsa, ailə oğlanı evin tək uşağı kimi göstərir. Acınacaqlısı odur ki, biz 2023-cü ildə bunu müzakirə edirik”.

Selektiv abortları edənlər cəzalandırılsa…

QHT sədri düşünür ki, abortların sayını azaltmaq üçün maarifləndirmə ilə yanaşı, qanunların işləkliyini artırmalıyıq: “Əminəm ki, bu gün abort qanunla qadağan edilsə belə, yenə də cinsiyyət bilindikdən sonra abort halları baş verir və gələcəkdə də verəcək. Çünki cəza mexanizmləri yoxdur. Selektiv abortları edənlər cəzalandırılsa, inanıram ki, ümumi abort sayında da azalmanı müşahidə edəcəyik”.

 

Köçəri quş, maddi yük

Klinik psixoloq Rövşən Nəcəfov deyir ki, selektiv abortların sayının artmasında patriarxal düşüncənin psixoloji basqısı və müasir tibbi texnoloji vasitələrdən sui-istifadə əsas rol oynayır: “Dölün cinsiyyətini müəyyən etməyə imkan verən ultrasəs müayinə cihazlarının əlçatanlığı selektiv abortların artmasına şərait yaradır. Həmçinin patriarxal düşüncənin psixoloji basqısı da stereotip yanaşmalar yaradır. İnsanlar psixoloji olaraq, daha çox sağlamlığı yox, inancları qoruyurlar. Oğlan uşaqlarına verilən üstünlüyə haqq qazandıran yanlış düşüncələr mövcuddur. Qızlar isə inanclara görə köçəri quş, maddi yük hesab edilir”.

Mütəxəssis vurğulayır ki, bu problemlə mübarizə aparmaq üçün düşüncə dəyişməlidir: “Psixologiyanın qızıl qaydası odur ki, insan düşüncəsini dəyişəndə həyatı dəyişir. İnsanların yanlış inancları dəyişməlidir. Alternativ düşüncələrin və izahların geniş təbliğata ehtiyacı var. Gender əsaslı cins seçiminin doğurduğu fəsadlar sırasında psixoloji travmalar da mövcuddur. Psixoloq müdaxiləsi ilə selektiv abortların qarşısını almaq mümkündür”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir