-b8f3ddac170083885114028555910259289

Əzizim əzizdir: Bəs tərbiyəsi?

Baxış sayı: 393

Elm, bilik və gözəl tərbiyə insanın qarşısında duran açıq qapıdır. Bu qapını açmağı hər uşağa öz valideyni öyrətməlidir. Ailə övladın tərbiyəsi ilə  məşğul olmağa nə qədər vaxtında başlansa, bir o qədər də faydalı olar. Əks halda, uşaqların gələcəyi əhəmiyyətli dərəcədə zərər görə bilər. Bu kimi neqativ hallarla qarşılaşmamaq üçün valideynlər övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanır, ya da mütəxəssislərə müraciət edirlər. Valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində bəzən problemlər, çətinliklər,  gərginliklər ortaya çıxır.

Mövzunun aktuallığını, uşaqların düzgün tərbiyəsi məsələsinin əhəmiyyətini nəzərə alaraq məsələ ilə bağlı mütəxəssislərlə həmsöhbət olduq:

Uşaqla elə davranmalıyıq ki, o, özünü dəyərli bilsin

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ilə “İki sahil”ə açıqlamasında bildirdi ki, biz valideynlər tam əmin olmalıyıq ki, övladımızın övladımızın xoşbəxt və uğurlu olmasının 70-80 faizi bizdən asılıdır: “Nə etməliyik?  Elə davranmalıyıq ki, biz evdə olanda uşaq sevinsin. Bunun üçün biz evi uşaq üçün əyləncə mühitinə çevirməliyik. Hətta evdə uşaq kitab oxusa da onu bir əyləncə kimi hiss etsin. Uşaqlara fiziki və ya psixoloji şiddət qadağandır. Uşaq səhv etsə də, ona qarşı mərhəmətli olmalıyıq. Niyə? Çünki uşağın şəxsiyyətini alçatsaq, o bunu yadda saxlayacaq və bu təhqir ona travma yaşadacaq. Ona müraciət formamız, onunla davranış tərzimiz elə olmalıdır ki, özünü dəyərli şəxsiyyət hesab etsin. Təxminən 6 – 7 yaşdan yuxarı uşaqlarla məsləhətləşmək lazımdır ki, o özünü dəyərli və müstəqil şəxsiyyət hiss etsin.”

Həmsöhbətimiz diqqətə çatdırdı ki, uşaqlarla çoxlu söhbət etməliyik. Bu zaman uşaqda nitq  bacarığı inkişaf edir, danışdıqca onun düşüncə üfüqləri genişlənir. Uşaqların yanında başqasını təhqir etməyək, əxlaqsız ifadələr işlətməyək.

Daimi şiddət və təhqir görən uşaqlarda anaya, ataya qarşı nifrət yaranır

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva vurğuladı ki, uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual bir problemdir:”Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir. 6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədər balacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər. Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərini bilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonra karyera qurmağa çalışırlar.”

Psixoloq təəssüflə qeyd etdi ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Nəticədə onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmir, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər. Əgər uşaq hər hansı bir xoşagəlməz hərəkət edərsə, dərslərini vaxtında çalışmazsa, yeməyini yeməzsə və ya yatmaqdan imtina edərsə, onları aşağılayacaq sözlər demək və şiddət göstərmək olmaz.

Mütəxəssisin sözlərinə görə, bəzən qadağa qoymaqla heç nə əldə edə bilməyən, övladları tərəfindən sözləri eşidilməyən valideynlər bir çox hallarda qeyri-ciddi metodlarla öz istəklərini həyata keçirirlər, onları müxtəlif əşyalarla, heyvanlarla, hətta insanlarla qorxudurlar. El arasında ən çox eşitdiyimiz “xortdan gələr”, “it dişləyər”, “həkim sənə iynə vurar”, “polis gəlib aparar” və s. kimi ifadələr yəqin ki, bir çoxumuza tanış ifadələrdir. Lakin bu kimi formada uşaqları qorxutmaq yalnız onların psixologiyasına mənfi təsir edə bilər. Onlar övladlarının psixoloji vəziyyətində qorxunun hansı mənfi nəticələrə, hətta isteriyaya gətirib çıxaracağını dərk etmirlər.

Təranə Paşayeva bildirdi ki, uşaqların inkişafında və formalaşmasında sağlam mühitin rolu çox böyükdür: “Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər. Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni, ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar.”

Müsahibimiz əlavə etdi ki, uşaqlar günün çox hissəsini ailələri və müəllimələri ilə keçirir. Ana-ata və ya müəllim olmasından asılı olmayaraq bacardığımız qədər uşaqları dinləmək, onların fikirlərinə hörmət etmək lazımdır, hətta yalnış düşüncə də olsa belə, onlara bu fikrin və ya hərəkətin səhv olduğunu daha anlayışlı formada bildirmək lazımdır. Hər hansı bir səhv etdikdə, onları insanlar arasında danlamaq olmaz.

Psixoloq diqqətə çatdırdı ki, bəzən bir çox valideynlər düşünürlər ki, övladlarına nə qədər çox bahalı oyuncaqlar alsalar, onları əyləncə mərkəzlərində nə qədər çox gəzdirsələr, hər istəklərini yerinə yetirsələr, onlara bir o qədər çox diqqət göstərmiş olurlar. Əksər valideynlər bununla öz vəzifələrini bitmiş hesab edirlər. Ancaq övladları ilə ünsiyyətdə olmaq, onlarla söhbət etmək, fikirlərini bölüşmək ağıllarına gəlmir. Onlar bilmirlər ki, uşaqlar üçün çox müasir, bahalı oyuncaqlar yox, valideynləri ilə əylənmək, söhbət etmək, oynamaq maraqlıdır. Bu gün uşağı dinləmək, onun nə barədə düşündüyünü öyrənmək, onun yanında olduğunu hiss etdirmək, onu narahat edən suallar barədə söhbət etmək sabahkı bir çox psixoloji problemlərin qarşısını almaq deməkdir.

Telefon xoxandan betərdir…

Həkim-pediatr Aytən İsmayılzadə mövzu ilə bağlı diqqətə çatdırdı ki,  valideynlərin uşaqları böyüdərkən yol verdiyi səhvlərdən biri də vaxtından əvvəl onları məktəbə (məktəbə hazırlıq qrupuna) qoymağa çalışmalarıdır: “Uşaq istəmədikdə, ağlayıb, etiraz etdikdə isə valideyn bunu əsəbilik kimi dəyərləndirir, həkimə müraciət edərək bunun üçün dərman istəyir. Bununla da valideyn-uşaq münasibətləri pozulmağa başlayır. Yaxşı olar ki, valideynlər uşaqları üçün təhsil vaxtını düzgün ayarlasınlar. Çünki vaxtından tez məktəbə qoymaq elə vaxtından tez nikaha salmaq kimi bir şeydir. Hər dövrün öz tələbi var. Uşaqlar o dövrləri öz vaxtında keçməlidir.”

Yaxşı olar ki, valideynlər uşaqları üçün təhsil vaxtını düzgün ayarlasınlar. Çünki vaxtından tez məktəbə qoymaq elə vaxtından tez nikaha salmaq kimi bir şeydir. Hər dövrün öz tələbi var. Uşaqlar o dövrləri öz vaxtında keçməlidir

Mütəxəssis vurğuladı ki, uşaqlara fiziki təzyiq göstərmək məsləhət deyil: “Məsələn, 1, 5-2 yaş  arası uşağa sərt reaksiya verilməsi onun nitqinin tutulmasına, kəkələməyə gətirib çıxara bilər. Güclü qorxulara və bu qorxular səbəbindən  enurez ( sidik qaçırma)  və enkoprez (nəcis saxlamama) kimi problemlərə gətirib çıxara bilər. Uşaqların özgüvəni düşə bilər. Amma 10 yaşından yuxarı uşaq ciddi kobud qayda pozuntusuna yol verib, buna əlbəttə sərt reaksiya verilməlidir ki, nəticə çıxarsın. Uşaqları müəyyən ifadələrdən istifadə edərək qorxutmaq düzgün deyil. Məsələn, “həkim sənə iynə vuracaq” deyərək uşaqları həkimlə qorxudaraq hər hansı işdən çəkindirmək istəyirik.

Belə olanda uşaq  həkim sənə iynə vurar,  həkim sənə zərur vurar anlamından qəbul edir. Halbuki həkimə sağlam olmaq üçün gedirik. Uşaqların heyvanlara (xüsusilə küçə iti və pişiyi) münasibətini nəzarətdə saxlamalıyıq, ehtiyalı davranmalıyıq. Küçə heyvanları onları dişləyərsə hansı zərərləri vura bilər başa salmalıyıq. Amma rahat özünü aparan heyvanlara ilgi göstərməsini, onlarla sevgi paylaşmasına icazə verməliyik. Valideynlərin qorxutmağa ehtiyac qalmır, çünki əllərinə telefon verirlər. Amma mən sizi inandırım ki, telefon xoxandan betərdir. Çünki telefonla bütün günü oynamaq uşaqların beynini toksiki informasiyalarla doldurur. Belə olandan onlar gələcəkdə sui-qəsdə meyilli  olurlar. Şüuraltımızı mənfiliklərlə dolduran bu dəqiqənin özündə telefonlardır. Bu məsələyə  bu günün valideynləri  ciddi yanaşmalıdır.”

Valideynlər sevgi ilə tərbiyəni bir-birindən ayıra bilmir

Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı isə bildirdi ki, əksər valideynlər sevgi ilə tərbiyəni bir-birindən ayıra bilmir: “Əvvəlcə tərbiyə və sevginin sərhəddini müəyyənləşdirmək lazımdır. Ondan sonra uşağı tərbiyə etmək lazımdır. Uşağına tərbiyə verən valideynlər bir-birilə razılaşdırılmış və eyni tərbiyə üsulunu seçməlidirlər. Valideynlərin hər ikisinin də uşaq üzərində təsir gücü eyni olmalıdır. Övladımıza qarşı əsəbimiz sərhədləri keçməməlidir, aqressiyaya dönməməlidir və zorakılığa çevrilməməlidir.  Uşaqlara fizik təzyiq göstərmək söhbət belə gedə bilməz.

Qadağa tərbiyəyə daxildir. Qadağa olunmayan hər hansı bir davranış o uşağın gələcəyinin puç olmasına xidmət edir

Amma qadağa tərbiyəyə daxildir. Qadağa olunmayan hər hansı bir davranış o uşağın gələcəyinin puç olmasına xidmət edir. Ona görə də nəyin qadağa, nəyin icazəli olması tərbiyə metodu daxilində təyin edilməlidir. Tərbiyədə sağlam psixoloji mühit birinci amildir. Ailədə bu mühit sevgi, hörmət, qarşılıqlı anlaşma, dinləmə qabiliyyətinin olduğu çərçivədə yaranmalıdır. Bu tərbiyə mühiti təkcə ailə ilə yekunlaşmamalıdır, cəmiyyət də, məktəb də, digər təlim-tədris ocaqları da buna əməl etməlidir. Uşaq tərbiyəsində konkretlilik mühüm rol oynayır. Uşaq zəkası  ya hə ya da yoxu qəbul edir. Uşaq bilməlidir ki, nə olar, nə olmaz. Sonra peşman olmamaq üçün  övladımıza özümüzün yaxşı bildiyimiz hər şeyi öyrətməyə borcluyuq. Zəmanə necə tələb edir, övladımızı elə tərbiyələndirməliyik.”

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir