Metanet Memmedova

Adı dəli, xəstə, tərbiyəsiz, oğru qoyulan uşaqlar…

Baxış sayı: 366

Bu ad onlara bəzi Uşaq evlərində verilir. Özünü təmizə çıxarmaq üsullarından biri olaraq dövlətin himayəsinə sığınan uşaqlara həmin dövlət müəssisəsində çalışan bəzi aqressiv müəllimlər və texniki işçilər tərəfindən verilir bu adlar. Dövlətin yaratdığı şəraitdən istifadə edən, maaş alan və vəzifəsinin öhdəsindən gələ bilməyənlər tərəfindən…

Qapalı müəssisə sayılan uşaq evlərində yaşamağa məhkum olan bu uşaqlar görəsən oğurluğu harada öyrənirlər. Bəlkə böyüklərdən? Uşaqların yeməyini, ərzaq məhsullarını evinə daşıyan böyüklərdən…

Atıldığı, satıldığı bir gündən uşaq evinin himayəsində olan uşaqlar nə üçün psixoloji problemli olurlar? Axı adətən ailələrdə qalmaqallar baş verəndə, ata-ana arasında hər gün dava-dalaş olanda uşaqlar bu cür zədə alır. Görəsən uşaq evlərində mehriban, səmimi bir mühit varsa, uşağın psixoloji problemi necə yaranır?

Uşaq evində uşaq necə tərbiyəsiz ola bilir? Gözünü açıb heç bir söyüş, şillə-şapalaq görməyən uşaq necə tərbiyəsiz böyüyə bilir ki? Əgər uşaq evlərindəki müəllim və texniki heyət uşaqlara söyüş söymürsə, ata-analarının əməli ilə ittiham etmirsə, onları bu müəssisələrə gətirənlərə allı-güllü qarğışlar ünvanlamırsa, uşaq söyüşü haradan öyrənir?

Uşaq uşaq evlərində necə olur ki, xəstə olur? Həm əqli, həm fiziki cəhətdən nə üçün xəstə olur? Bəlkə xəstə hesab olunur? Bəs əgər onun qayğısına vaxtı-vaxtında qalınırsa, xəstələnən kimi başının üstünü kəsən bir dayəsi, müəllimi varsa, o, nə üçün xəstə olur. Belə isə bu xəstəlik nə üçün onun sümüklərinə işləyib axırda əqli xəstəliyinə səbəb olur?

Bəs, uşaq nə üçün uşaq evindən qaçır? Hara qaçır bu uşaq? O məgər qaçmağın nə olduğunu anlayırmı? Belə bir deyimimiz var: kimsə isti ocağını tərk etməz. Uşaqlar nə üçün isti yuvalarını tərk edib, bu istiliyi hara gedəcəkləri məlum olmayan yerlərdə axtarır? Bu, lap evindən qayınananın əlindən baş götürüb küçələrə üz tutan gəlinlərin məsələsinə oxşayır. Deməli, uşaq müəssisələrində uşaqlara bəzi qayınanaların gəlinlərinə etdiyi sitəm edilir ki, onlar isti yuvalarından qaçmaq məcburiyyətində qalır.

Ötən həftə Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evinin 13 yaşlı sakini Ramalın məlum efirdə uşaq evindən qaçma səbəblərini söyləməsi, ağlaya-ağlaya danışması ilə bu yazını yazmaq qərarına gəldim. Uşaq evində döyüldüyü və təhqir edildiyi üçün qaçıb və 8 gündür, küçədə qalan uşaq deyir: “Mən orada qalmaq istəmirəm. Bizi orada asılqanla, bərk əşyalarla döyürlər. Özü də bizi cəzalandırmağı uşaq evinin digər sakinlərinə tapşırırlar. Məsələn, orada Elvin adlı oğlan var. Müəllimə döydürmək istədiyi uşaqları ona təhvil verir. Deyir, Elvin, get filankəsin ayağını sındır. O da icra edir. İlahə müəllimə 3 uşağı ikinci mərtəbənin pəncərəsindən atırdı.

Müəllimələr anamızı söyürdülər. Tərbiyəsiz şeylər göstərirdilər. Mən bu dəfə ayaqyolunun pəncərəsindən atlanıb qaçdım. Nəzarətçilər həmin vaxt dəhlizdə əyləşib çay içirdilər”.

Bundan öncə də uşaq evindən qaçan Ramal bildirir ki, bunu etməyə məcbur idim. Çünki bizi orada döyüb, təhqir edirlər. Bunu əsasən ayaqyolu və dəhlizdə edirlər. Həmin yerlərdə kamera yoxdur. Axşam yeməyində quru çörək, makaron verirlər. Hər gün eyni yeməyi yeməkdən bezmişik. Ətin içindən qurd çıxır. Bizi onu yeməyə məcbur edirlər. Təzə müdirimiz Gülnarə xanım bunlara göz yumur. Mən ora qayıtsam, məni bərk vuracaqlar”.

Elə buradaca başqa deyim də yada düşür ki, bir ailədə vəziyyət necədirsə, bunu həmin ailədəki uşaqdan soruş. Elə bu mənada da Ramalın söylədiyi fikirlər adamı düşünməyə vadar edir. Ona görə ki, birincisi, uşaqlar yalan danışmır, ikincisi isə yuxarıdakı deyimə əsasən, uşaq evi bir ailədirsə, bu uşaq ailədəki münasibətləri hər kəsdən yaxşı görür və bilir. Buna görə də Ramalın söylədi fikirlərdə həqiqətin var olmaması mümkünsüzdür.

Və sonra eşidirik ki, Ramal özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Sosial Xidmətlər Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır.

Bu arada bir müddət əvvəl həmin uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyevin buradakı təminatla bağlı narazılığını bildirməsi və 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilməsini xatırlayırıq.

Beləliklə, bu qənaətə gəlmək olar ki, 3 saylı Uşaq evində əməlli-başlı istintaq aparılmalı, burada nələrin baş verdiyi ortaya çıxarılmalı, işinin öhdəsindən gələ bilməyənlərə elə bir cəza verilməlidir ki, bu, bütün uşaq müəssisələri üçün görk olmalıdır.

Və bir də adı dəli, xəstə, tərbiyəsiz, oğru qoyulan uşaqların hüququ xüsusilə qorunmalı, bu adları onlara verənlərin, psixoloji müalicəyə ehtiyacı olduğunu iddia edənlərin özü əməlli-başlı bu müayinədən keçməyə cəlb edilməlidir.

Bundan sonra bəlkə hər şey düzələr…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir