yasli

Ağıllı, yoxsa, gerilikçi cəmiyyət? –Seçim sizindir…

Baxış sayı: 756

Yaşadığımız dünya sürətlə yeni dövrə doğru irəliləyir. O qədər sürətlidir ki, bəzən günün xaosu və gündəmin intensivliyi texnologiyadakı inkişafları izləməyə imkan vermir. Sonra anidən başımızı qaldırıb, ətrafa baxırıq ki, artıq hər hansı qidanı, paltarı, elektron cihazı və digər əşyaları almaq üçün mağazaya getməyə ehtiyac yoxdur, internet üzərindən sifariş verib, evimizə gətirə bilərik. Yaxud da, bütün sosial ödənişlərimizi elektron formada həyata keçirmək mümkündür. Təxminən 20 il öncə qeyd etdiyimiz bu nüanslar insanlara möcüzə kimi görünürdü. Günümüzdə hansısa sənədi əldə emək qədər insanı yoran bir yükün böyük hissəsindən azad olmağımızda Elektron Hökumətin İnkişafı Mərkəzinin mühüm rolu var.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaratdı. İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanından sonra “Elektron Hökumət”in formalaşması və digər dövlət orqanları ilə sıx fəaliyyət göstərməsi vətəndaşlarımız üçün işıq rolunu oynadı. Yəni saatlarla növbə gözləməkdən, “get, sabah gələrsən”lərdən canımız qurtardı.


Bəs, rəqəmsallıq bizə nə qazandırır?

Rəqəmsal transformasiya sayəsində mənfəət çoxalır.

Kağız, çap, poçt və arxiv xərcləri ləğv edilir. Təbii ki, bununla da lazımsız iş yükü azalır.

Effektivlik artır.

Vaxt və xərclərə qənaət edilir.

Sənədlərin itirilməsi və təhrif edilməsi ehtimalı aradan qaldırılır.

Sənədlərin arxivləşdirilməsi problemi həll olunur.

Xəta etmə riski minimuma endirilir.

Kağızın istifadəsinin azalması həm də təbiətin qorunmasına kömək edir.

Həmçinin, rəqəmsal iqtisadiyyatda biznes fəaliyyətinin bütün mərhələlərinin elektron mühitə inteqrasiya edilməsi şəffaflığa və monitorinqə şərait yaratmaqla, bu sahədə vergi nəzarətinin güclənməsinə, “kölgə” iqtisadiyyatının qarşısının alınmasına, büdcə daxilolmalarının artmasına, ödəmələrin uçotunun aparılmasına və bank sektorunda likvidliyin yüksəlməsinə səbəb olur. İqtisadiyyatın bütün sektorlarında innovativ texnologiyalardan səmərəli istifadə məhsulun maya dəyərini və digər xərcləri optimallaşdırmağa, keyfiyyəti yüksəltməyə, təsərrüfat əməliyyatlarına müasir nəzarət (kənar və daxili) mexanizmlərini tətbiq etməyə və bununla da, biznes subyektlərinin, ümumilikdə isə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmağa imkan verir.

 

Boşluqlar nədir və vətəndaşlarımızı necə savadlandıraq?

Azərbaycanı nəzərdən keçirəndə, görürük ki, paytaxt Bakıda rəqəmsal vasitələr müəyyən qədər yaxşı qavranılsa da, bölgələrimizdə vəziyyət o qədər də ürəkaçan deyil. Regionlarda rəqəmsal savadlılığın son vəziyyətini öyrənmək üçün “Digital Azərbaycan” portalının 1 noyabr 2020 – 15 dekabr 2020 tarixlərində Gəncə, Masallı və Quba rayonlarında rəqəmsal savadlılıqla bağlı 1171 respondentlə keçirdiyi sorğunun nəticələrinə baxmağa dəyər. Kvotaya çatmaq üçün 3169 nəfərlə əlaqə saxlanılıb. Əlaqə saxlanılan şəxslərin sorğuda iştirakdan imtina faizi 63.0% təşkil edib. 37% isə sorğuda iştirak edib. Sorğuda iştirak edənlərin nəticələrindən aydın olub ki, 67% vətəndaşımız elektron xidmətlərdən istifadə edir, 33% isə yox. Pandemiyadan sonra elektron xidmətlərdən istifadə sıxlığının daha da artdığını unutmamalıyıq. Bu isə statistikanın dəyişməsinə dəlalət edir. Ancaq buna baxmayaraq, görünən odur ki, yol uzundur və bu yolu birgə qət etməliyik.

Bölgələrimizdə, xüsusilə, ucqar kəndlərimizdə yaşayan insanlar əməyi sevirlər. Onların arasında rəqəmsallaşmanın nə olduğunu bilməyənlər var. Elektron Hökumətin İnkişafı Mərkəzi məlumatsızlığı faiz etibarilə xeyli azaltsa da, tam effekti almağa zaman və praktiki addımlar tələb olunur. Zənnimcə, məlumatsızlığın kökü ilk növbədə internetin olmaması və ya zəif olması ilə əlaqədardır. Xüsusilə, kəndlərdə vəziyyət acınacaqlıdır. Rəqəmsallığı insanlara aşılamaq üçün bölgələrdə – rayon və kəndlərdə güclü əhatə dairəsi və yüksək sürəti olan keyfiyyətli, genişzolaqlı şəbəkə infrastrukturunun qurulması labüddür. Fiber-optik əlaqə tam inkişaf etmiş genişzolaqlı şəbəkənin ən mühüm elementlərindən biri olduğu üçün təchizat modeli kimi istifadə edilə bilər. İnternet olmadan rəqəmsallaşmadan danışmaq absurddur. Bunu Elektron Hökumətin İnkişafı Mərkəzi və ASAN xidmət yox, aidiyyəti qurumlar həyata keçirməli və öz üzərlərinə düşən vəzifəni yerinə yetiməlidirlər. Distant təhsil modelində yaranan çətinliklərin başında da elə ən birinci bu amil dayanır. İnsanlar əkin-biçindən, iş-gücdən gəldikdən sonra sosial şəbəkələrdə, saytlarda müəyyən qədər məlumatlana bilərlər. Bunu vətəndaşlarımız istəmədiyi halda belə artıq virtual zərurət tələb edəcək.

İnternet hər kəsə sürətli formada əlçatan olduqdan sonra ikinci önəmli məsələ rəqəmsal elementlərin təqdimatı və təşviqatıdır. Bunun üçün nə edə bilərik? Hesab edirəm ki, E-məktəb layihəsi çərçivəsində bölgələrə xüsusi diqqət ayrılmalıdır. Rayonlarda, kəndlərdə istər əyani, istərsə də distant təhsildə elektron hökumət modeli və rəqəmsal bilgilər dərsliklərə salınmalı, şagirdlərə bu mövzular aşılanmalıdır. Tək şagirdlərlə kifayətlənmək doğru deyil. Çünki biz elektron hökumət modelini tətbiq etmək istəyiriksə, bütün vətəndaşlarımızı prioritet seçməliyik. Rayonlarda, kəndlərdə fəaliyyət göstərən dövlət qurumları, vətəndaş cəmiyyəti sektoru və ya özəl sektor həftənin müəyyən günlərində seminarlar təşkil edib, öz işçilərini bu məsələdə savadlandıra bilər. Bunun üçün ayrı-ayrı qruplar təyin edib, müəyyən tapşırıqlar verib, monitorinq keçirmək kifayətdir. Heç bir qurumda çalışmayan, fərdi əməyi hesabına dolanan şəxslər üçün isə təlim nöqtələri olmalıdır. Təlimlər həm sosial şəbəkələrdə müəyyən çarxlar formasında, həm də əyani şəkildə olmalıdır. Təlimatla yanaşı, müsabiqələr və ya sosial yönümlü həvəsləndirici tədbirlər həyata keçirilə bilər. Vətəndaşlara nağd pul vəsaitlərini və ya sənədlərini üzərlərində daşımağın yaratdığı risklər izah edilməlidir. Rəqəmsallaşma vətəndaşlara maraqlı olmalıdır. Bunun üçün də onlar rəqəmsallaşmağın əhəmiyyətini bilməlidirlər. Vətəndaş anlamalıdır ki, onun 5 saat hansısa qurumda gözlədiyi növbənin yerinə qonşusu həmin xidməti evində qısa müddətdə alır.

İdeyanı xalqa çatdırmağın ən effektiv yollarından biri mediadır. Bu yöndə media iş aparmalıdır. Qəzet, sayt və televiziyalar məsuliyyət hiss etməlidir. İnternetlə bağlı problemlər olsa da, rayon və ya kəndlərin çoxunda məskunlaşan ailələrin evində televizor var. Televiziyada rəqəmsallaşma ilə bağlı verilişlər hazırlanmalı, qəliz olmayan dildə vətəndaşlara göstərilməlidir.

 

Tələbat yaranmalıdır

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru, Nəqliyyat-Rabitə və Yüksək texnologiyalar Nazirliyinin ictimai şurasının üzvü Fərid Kazımov da sadaladığımız nüanslarda bizimlə həmfikirdir. O bildirib ki, biz ilk növbədə elektron xidmətlərə tələbat formalaşdırmalıyıq: “İnsanlar başa düşməlidir ki, rəqəmsal xidmətlər həqiqətən çox əhəmiyyətlidir, rahatdır. Bunun üçün də qeyri-əhali və əhali sektorlarında istifadəyə meyilliliyi yaratmaq lazımdır. Məsələn, bir xidmət yalnız “onlayn” versiyada təqdim edilirsə, insanlar məcbur olub istifadə edirlər. Pandemiya dövründə insanlar artıq kütləvi şəkildə ASAN portallarından istifadə etməyə başladılar. Çünki onlara sənədlər lazım idi. Zərurət tələb edirdi ki, onlar portala girsinlər, qeydiyyatdan keçsinlər və öz sənədlərini elektron formada telefonlarına yükləsinlər, yaxud, çap etsinlər. Buna artıq müəyyən mənada elektron savadlılığın bir komponenti demək olar. Vətəndaş üçün xidmət komfortlu da ola bilər, direktiv də. Əsas odur ki, tələbat yaransın. Hazırda Azərbaycanda COVID-19 pasportunun alınması məsələsi gedir. Bunun özü də rəqəmsal savadlılığın bir elementidir. Bundan əlavə, ölkəmizdə rəqəmsal xidmətlərin istifadəsi məsələsində hüquqi normativ bazanı gücləndirib, rahatlaşdırmalıyıq. Bu nöqteyi-nəzərdən Azərbaycan bir çox ölkədən üstündür və böyük işlər görülüb. Amma burada müəyyən mənada geriləmələr var. Ortada bir problem olduğu halda vətəndaş başqa xidmətlərdən istifadə edir, gözləməyə meyilli olmur”.

Ekspert bildirib ki, biz sənədi “onlayn” sifariş edib, ”offlayn” alırıqsa, bu, rəqəmsal xidmət deyil: “Bunun üçün də ASAN Xidmətin filiallarında uzun növbələr yaranır. Bir sənədi yalnız 100% “onlayn” almaq rəqəmsal xidmət sayılır. Bu məsələnin həlli istiqamətində addımlar atılacağına inanıram. Həmçinin, sənədlər “onlayn” formada təqdim edildikdən sonra ASAN Xidmət mərkəzlərində yük azalacaq və insanlar üçün daha rahat olacaq. Məsələn, Böyük Britaniyada hətta bank sənədini imzalamaq üçün belə fiziki olaraq hər hansısa bir nöqtəyə yaxınlaşmağa ehtiyac yoxdur. Onlarda xüsusi proqram təminatı var. O proqram təminatına girdikdən sonra elektron qələmlə imzanı çəkmək olar. Bu, həm telefonla, həm də kompüterlə mümkündür. Əvvəlcə tələbat, daha sonra isə normativ baza olmalıdır. Xidmətlərdən istifadə isə rahat olmalıdır.

 

İnsanlar anlamalıdır ki…

Savadlanmaya gəldikdə isə məktəblərdə “Rəqamsal Texnologiyanın əsasları” adlı bir fənn tədris edilə bilər. Ali məktəblərdə də həmçinin. İnnovasiyalar üzrə fənn olmalıdır. Mövcud trendlər, gələcəkdə gözlənilən texnologiyalar və s. tələbələrə aşılanmalıdır. Beləliklə, tələbələr başa düşəcəklər ki, rəqəmsal texnologiyalar güclü karyera üçün önəmli faktordur. Bununla yanaşı, öz ixtisasını öyrənən tələbə innovasiyaları da öyrənirsə, bu, artıq sinergetik başqa bir effekt yarada bilər – sahibkarlıq effekti. Məsələn, innovasiyaları bilən bir tələbə həmçinin, öz ixtisasını bilirsə, bunları birləşdirərək, “Startup” layihələr yarada bilər.

Böyüklər üçün isə distant kurslar tətbiq oluna bilər. Müəyyən testlər videoformatda təqdim edə bilərik. Vətəndaşlar praktiki olaraq bu kurslardan keçib, müəyyən bazaya sahib ola bilərlər. Beləliklə, onlar xidmətlərdən istifadə edərkən çətinlik çəkməyəcəklər. Həmin biliklər isə nəzəri yox, praktiki olmalıdır. Nəyi, necə istifadə etməli və s”.

 

Sahibkarların vergi güzəştləri rəqəmsallaşmanın açarıdır

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bölgələrdəki sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsinin rəqəmsal savadlılığın artırılmasında önəmli rol oynadığını vurğulayır: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həm informasiya texnologiyasının, həm də rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün vətəndaşlarımızın elektronlaşmağa marağını artırmaq lazımdır. Paytaxta nisbətən bölgələrdə informasiya çıxışı aşağıdır. Blokçeyn texnologiyasının tətbiqindən sonra rəqəmsal inkişaf dövrü bizi gözləyir. Son araşdırmalar göstərir ki, rəqəmsal texnologiyadan daha çox istifadə edən ölkələr iqtisadi və sosial yöndə daha öndə olacaqlar.

Bölgələrdə rəqəmsal texnologiyalardan daha intensiv istifadə edilməsi üçün rəqəmsallaşmanın inkişafının stimullaşdırılmasına ehtiyac var. Bir sıra ölkələrin bölgələrində rəqəmsal xidmət göstərən şirkətlər üçün xüsusi güzəştlər tətbiq olunur. Vergi güzəştlərini nümunə deyə bilərik. Bu isə bölgələrdə rəqəmsal şirkətlərin fəaliyyətini stimullaşdırır. Çünki onların xərci azalır. Beləliklə, onlar bölgələrdə fəaliyyət göstərməkdə daha maraqlı olurlar.

Azərbaycanın bölgələrində fəaliyyət göstərən rəqəmsal şirkətlərin sayını və ekvivalent olaraq rəqəmsal savadlılığı inkişaf etdirmək üçün güzəştli kreditlərin həcmini artırmaq olar. Bölgələrimizdə fəaliyyət göstərən sahibkarlar güzəştli kreditlərdən istifadə etmək hüququna malikdir. Ancaq bununla belə rəqəmsal texnologiyaların inkişafı prioritet olduğu üçün bu istiqamətdə daha çox güzəştli kreditlərin ayrılmasına ehtiyac var. Aşağı faizli kreditlərin olması məqsədəuyğun olar. Bundan əlavə, bölgələrdə fəaliyyət göstərən rəqəmsal şirkətlər üçün subsidiyaların ayrılması və həcminin artırılması da məqsədə çatmaq üçün məhsuldar yollardan biridir”.

Cəmiyyət naminə görülən işin bir qulpundan tutmalıyıq

Nəticə olaraq bütün yükü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin, ASAN xidmətin və ya digər qurumların üzərinə yıxmaq doğru deyil. Reallıq budur ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin vətəndaşlarımızın maariflənməsində əməyi böyükdür və inkişaf üçün daim yeniliklərə açıq formada fəaliyyət göstərirlər. Biz həyatımızı asanlaşdırmaq istəyiriksə, fərd olaraq cəmiyyətin maariflənmə prosesində iştirak etməli, aidiyyəti quruma dəstək olmalı və öz biliklərimizi digər yaxınlarımızla bölüşməliyik. Çünki biz bu cəmiyyətin bir üzvüyük. İngilis ədəbiyyatının ən parlaq siması Con Miltonun dediyi kimi:

“Cəmiyyətin düşüncəsi bir ülgüc kimidir. Zəiflər bundan qorxar, cahillər onunla əlini kəsər, ağıllılar isə necə istifadə edəcəyini yaxşı bilər..”.

Qeyd: Bu məqalə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün hazırlanıb.

 

Məhərrəm Əliyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir