efzeleddin R

Aid olmadığım “mən” – 2-Cİ YAZI

Baxış sayı: 562

İbtidai dövrlərdən bəri mövcud olan birlik, qruplaşma və ona sədaqət kimi sosial çərçivələrin təməlində mənsub olmaq, bağlanmaq, bəyənilmək, təriflənmək, özünü nümayiş etdirmək, sevilmək kimi ehtiyacımızı qarşılamaq dayanır. Aidiyyət hissi, insanların özlərini sosial mühitdə qəbul edilən, hörmət edilən, dəstəklənən biri kimi hiss etmələrinə səsəb olur. Unutmayaq ki, psixologiyada mənsub və aid olmaq bir ehtiyac kimi tanınır. Bir qrupda yer alan insanda, həmin qrupa aid olmaq duyğusu yaranır və özünün onun bir parçası olduğunu hiss edir. Bir müddət sonra o, mənsub olduğu qrupla öz kimliyini, şəxsiyyətini müəyyənləşdirməyə başlayır. Bununla da, həmin qrupa aid olmaq onun şəxsiyyətinin bir parçasına çevrilir.

Burada “bacarmaq ehtiyacı”nın da rolu böyükdür. İnsan nəyisə bacarmaqla özünü uğurlu və önəmli hiss edir. Mc Clellandın inkişaf etdirdiyi, “Nailiyyət ehtiyacı nəzəriyyəsi”nə görə, insan “nailiyyət əldə etmək”, “güc sahibi olmaq” və “ünsiyyət qurmaq” kimi üç qrup ehtiyacının təsiri altında davranır və  onların hər biri müqabilində əldə etdiyi ən xırda qarşılıq belə insanda fərqli məmnunluq hissi yaradır.

Aid olma hissi düzgün şəkildə formalaşarsa, insana nə qazandırır?

1) Sosial əlaqələrini tənzimləyir. (Aid olduğu cəmiyyət, təbəqə və sair sahədəki isti əlaqələr kimi).

2) Cəmiyyətdəki yerini təyin edir. (Bir həkimin sahib olduğu iş təbəqəsindəki fəaliyyətlərinin dəyər və sayğınlığı kimi).

3) Bir sıra sağlam hədəf və amallar qazandırır. (Məsələn; təhsil, sənət sahəsindəki hədəflər kimi).

4) Fərdi həyatındakı dəyərlərini şəffaflaşdırır. (Mənəvi duyğular, dini mənsubiyyət, sosial dəyərlər, milli mentalitet və sair kimi).

5) İctimai birliyi və həmrəyliyi qoruyur. (Vətən sevgisi, xalqa sədaqət və sair kimi).

6) Motivasiyanı artırır. İş həyatında həmkarlarla qurulan bağlar, ən az qazanılan pul qədər motivasiya edicidir.

7) İş performansı artırır. Haradasa fəaliyyət göstərən bir şəxs, müdiriyyət və yaxud həmkarları tərəfindən dəstəkləndikdə və ya özlərini oaraya aid hiss etdikdə ciddi şəkildə performansları artır.

8) Stressdən qoruyur. Dəstəkləyici sosial bağlar stresə qarşı qoruyucu rola malikdir. Araşdırmalara görə, depressiyaya meylli insanların aidiyyət hissi artdıqca, depressiya əlamətləri və ümidsizlikləri azalır.

Aid olma hissi düzgün şəkildə formalaşmazsa, insan nə itirir?

Diqqət etmək lazımdır ki, aid olma hissi şüurlu şəkildə baş verməsə, düşünülmüş formada seçim edilməsə və yaxud insan aid olmağı seçməyə məcbur olarsa, bir sıra ciddi problemlərlə üzləşəcəkdir. Qeyd etdiyimiz kimi, insan “nailiyyət əldə etmək”, “güc sahibi olmaq” və “ünsiyyət qurmaq” kimi üç impulsiz ehtiyacın təsiri altında addım atırsa və  onların hər birinin müqabilində əldə etdiyi qarşılıqlar onda məmnunluq hissi yaradırsa, deməli, bu sahədə kifayət qədər diqqətli olmaq lazımdır. Ailəsində lazımı dəstəyi görməyən, sonrakı həyatında da ətrafının uğurlarla dolu olduğunu görən insanlar, yaxud sosial təbəqələşmədə təcrid olunan qruplar ciddi şəkildə aidiyyat ehtiyacı duya bilər. Belə şəxslər istismara və yanlış yönləndirməyə, sui-istifadəyə olduqca münbit bir xarakterə malikdirlər. Beləliklə də, bir çox mənfi təsirlərinin zərərələri ortaya çıxa bilər:

1) Bunun fərdi zərbələri ailə, dostluq və sair sahələrdə açıq şəkildə özünü biruzə verə bilər. Kiminləsə dost qalmaq, ona aid olmaq xatirinə onun tərəfindən istismar olunmaq. Ailədə cütlüklərin, ya da ki başqa ailə üzvlərinin ailəyə mənsub olmaq naminə sömürülməsi və sui-istifadə edilməsi, yaxud inkişafdan qalması.

2) İş, ictimai fəaliyyət, hansısa qrupa aid olmaq və sair məqamlarda asanlıqla idarə edilə bilərlər. Məsələn, bəzi iş yerində müdiriyyətin öz işçilərinə tətbiq etdiyi manipulasiyalardan biri də, onlar üçün var olduğunu, bir ailə olaraq mövcud olduğunu, “hamımız birimiz üçün, birimiz hamımız üçün” deyərək, amma onun əksinə addım atdığını nümunə gətirə bilərik. Yaxud insanların dini hislərindən istifadə edib, onun vasitəsilə hər cür faydalanmağa, yaxud ifrat addımlara nail olan barışmaz ideyalı cərəyanları da qeyd edə bilərik. Ya da ki, bir ateistin bu sahədəki qüsurlarından bəhrələnib, ateist cərəyanların onu radikal yönümlü rəftarlara sövq etməsini də misal çəkmək olar. Necə ki, sabitliyin hökm sürdüyü bir çox ölkələrdə, xarici qüvvələr öz mənafelərini təmin edə bilmədikləri zaman, xalq arasında milli və dini fərqlilikləri qızışdıraraq aid olma hissindən bəhrələndiklərini aşkar şəkildə tarix boyu müşahidə etmişik. Hər halda, bu sahədə insanlar diqqətli olmalı və bir çox münaqişələrin məhz belə şəxslərdən istifadə edən qüvvələrdən qaynaqlandığını anlamalıdırlar.

3) Mc Clellandın inkişaf etdirdiyi, “Nailiyyət ehtiyacı nəzəriyyəsi”nə görə, müvəffəqiyyətli olmaq istəyən fərd uğursuzluqdan yaxa qurtarmaq məqsədilə yüksək səviyyəli və çətin hədəflər yerinə, orta səviyyəli məqsədləri mənimsəyir. O, uğursuzluqla üzləşməmək üçün həddindən artıq riskə girişmir. O, uğurlarının ətrafındakı insanlarda və cəmiyyətdə əks olunmasını istəyir. Naliyyətləri qarşısında onun  əldikləri bir iltifat da ola bilər, pul da ola bilər. İnsanların hansısa bir bayağılığa özünü aid edərək, diqqət cəlb etmə həvəsi narahat edicidir. Ən aşağı həddə olan bacarığı seçməklə nəaliyyət əldə etmək hərisliyidir. Bəzən cəmiyyətdəki dəyərləri belə tapdayaraq özünün varlığını nümayiş etdirmək hissidir. Sosial şəbəkələrin vasitəsilə hazırkı zamanda insanlar bir-birilərinin bacarıqlarından xəbərdardırlar. Bir növ sanki acımasız bir yarışdadırlar. Nəyin bahasına olursa olsun, hansısa bir sahədə uğur qazanmaq və saxta təqdirlərlə bəyənilmək hissi onları tik-tok, instagram, facebook və sair kimi şəbəkələrdə hətta normal olmayan və bəzən isə cəmiyyətin dəyərlərinə zidd olan davranışlar etməsinə sövq edir.

Burada, digər diqqət çəkən məqam isə təcrid olunma amilidir. Bu haqda isə gələn məqaləmizdə söhbət açacayıq.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir