ehmed qesemoglu

Ailə qurduqda diqqət edilməli olan amillər

Baxış sayı: 718

Yazının əvvəlini aşağıdakı linklərdən oxuya bilərsiniz

https://gencaile.az/ail%c9%99-qurduqda-diqq%c9%99t-edilm%c9%99li-olan-amill%c9%99r-ail%c9%99-dostu/

https://gencaile.az/ail%c9%99-qurduqda-hansi-amill%c9%99r%c9%99-diqq%c9%99t-etm%c9%99liyik-ail%c9%99-dostu/

 

Uşaqların üstünə qışqırmaq, yaxud onlarla şit zarafatlar, hərəkətlər etməklə aradan pərdəni götürmək doğru deyildir. Uşağın yanında valideyn sanbalı olmalıdır. Uşaq yaxşı bir iş gördükdə, səhv hərəkət etdikdə valideyn bunu öz duyğuları ilə – məzəmmətli baxışıyla, müəyyən qədər tərifləməklə, yaxud qaş-qabaq göstərməklə təqdir etsə, etirazını bildirsə daha yaxşı olar. Ailənin ən mühüm vəzifələrindən biri öz uşaqlarına təhlükəsizlik hissləri aşılamaqdır. Uşaq təhlükə hiss etdikdə çox sıxılır və onda müəyyən komplekslər formalaşır, psixoloji pozuntular baş verir. Uşaq öz ailə üzvlərindən,  ətrafda olan insanlardan, mühitdən qorxmamalıdır. Təhlükə içində olan insanlar, xüsusi ilə uşaqlar özlərini xoşbəxt hiss edə bilməzlər. Ailə üzvləri birlikdə ailənin qayğıları ilə bağlı xoş ovqatla müzakirələr aparmalıdırlar. Hər bir ailə üzvünün rəyi soruşulmalıdr. Belə müzakirələr onların hər birində özünə inamı artırar, mənəvi-intellektual inkişaflarına səbəb ola bilər. Burada həm ailənin ümumi qayğıları, həm də hər bir körpənin, uşağın gələcək həyatı ilə bağlı planlar son dərəcə əhəmiyyətlidir. Bu zaman həmin uşağın, yeniyetmənin, gəncin öz qabiliyyəti, imkanları, arzuları nəzərə alınmalıdır. Hər bir xoşbəxt ailənin qarşısında konkret vəzifələr durur. Bu vəzifələrin bölünməsində  həm milli adət-ənənə, həm də  müasir dövrün tələblərindən irəli gələn prinsiplər nəzərə alınmalıdır. Qədim adət-ənənələrə görə evdə kişinin, qadının, uşaqların hər birinin öz vəzifələri vardır. Təbii ki, indiki  dövrün tələbləri qədim adət-ənələrimizilə üst-üstə düşmür. Müasir dövrdə ailədə ən əlverişli vəzifə bölgüsü hər kəsin bacarığını, dəyərlər yönümünu nəzərə alaraq qurulmalıdır. Ən gözəl vəzifələr bölgüsü ailədə ahəngdar münasibətlər qurulmasına kömək edən bölgüdür. Hər hansı  bir bölgü ailədə gərginlik yaratmırsa və mənəvi aşınmaya səbəb olmursa, bu daha məqbul bölgüdür. Ailənin hər bir üzvü, həmçinin körpələr, məsuliyyət hissi ilə yaşamalıdırlar. Belə olduqda, hər kəs məsuliyyətli olduğu işin öhdəsindən gəldikdə böyük zövq alır. Bu məsuliyyət onların davranışını da məzmunlu şəkildə xeyli təkmilləşdirir. Ailədə uşaqlar da müəyyən, yaş və fiziki xüsusiyyətlərinə  uyğun, ona fiziki, mənəvi ziyan verməyən işlər görməlidir. Bu onların səliqə-sahmana, əməyə yaradıcı münasibətinin formalaşmasına kömək edər.

valideyn

Əlavə qeydlər:

Ailədə arzu olunan şəraitin yaradıla bilməsi üçün vacib olan bir sıra məsələlərə nəzər yetirək.

– Mütəxəssislərin qəanətinə görə, arvadın ərdən yaşca böyük olması ailənin möhkəmliyinə xələl gətirir. Yaşca ər arvaddan böyük olmalıdır. Məsələn, əgər ərə gedən qız 20-22 yaşındadırsa, oğlan 24-26 yaşlarında, qız 25 yaşındadırsa, oğlan təxminən 30 yaşlarında olmalıdır. Ər-arvad arasında yaş fərqi isə 8-12 ili aşmamalıdır.

– Gənclərin mənəvi inkişaf səviyyəsi ailə həyatına hazırlıqda əhəmiyyətli yer tutur. Mənəvi inkişaf  gənc oğlan və qızlar tərəfindən ailənin sosial dəyərinin başa düşülməsində, nigaha ciddi münasibətdə, yaradılan ailəyə görə məsuliyyət hissində, gələcək həyat yoldaşına, onun valideynlərinə dərin hörmətdə, nəzakətli və mədəni davranış və həssaslıqda, səmimilikdə, mehribanlıqda, həmçinin onlarla qarşılıqlı münasibətləri, ünsiyyəti düzgün qüra bilməkdə, xoş rəftarda özünü göstərir.

– Qadına dostcasına münasibət, onun şərəf və ləyaqətinə, mənliyinə hörmət, əməksevərlik, ailəyə, uşaqlara qayğı, səbr, hövsələ, təmkin, iradə, yumor hissi hərtərəfli təkmilləşməyə və fiziki kamilliyə, estetik gözəlliyə  olan münasibət ailə dəyərlərinin daha yaxşı formalaşmasına zəmin yaradır.

– Ailənin firavanlığı xeyli dərəcədə gənclərin sağlamlığından asılıdır. Sağlam həyat tərzi insanın mənəvi mədəniyyətinin inkişafı, ailədaxili münasibətlərin səmərəliliyi, ətrafdakı insanlara dostcasına yanaşmaq və yüksək mənəvi münasibətlərin bərqərar olması üçün vacibdir. Bütün bunlar psixoemosional çətinliklərin və stress vəziyyətlərin asanlıqla aradan qaldırılmasına imkan verir.

– Psixoloji baxımdan hazırlığın vəzifəsi – yeniyetmə və gəncləri ailə həyatına və gələcək övladlarının tərbiyəsinə istiqamətləndirməkdən ötrü ailədə zəruri keyfiyyətləri tərbiyə etməkdən, digər adamların psixologiyasını anlamaq bacarığını aşılamaqdan ibarətdir. Ailə həyatına psixoloji hazırlıq –  ailədə sağlam – mənəvi psixoloji iqlimi bərqərar etmək bacarığı, xarakter və hisslərin sabitliyi, iradi keyfiyyətlərin inkişafı deməkdir. Ailədə sağlam psixoloji iqlimin qaydaya salınması, ailə üzvlərinin hərəkətlərinin qiymətləndirilməsində ədalətli olmaq, ərə (arvada), yaşlı nəslin nümayəndələrinə və digər şəxslərə hörmət bəsləmək, təmkin və səbr göstərmək, onlarla ünsiyyətdə həssaslıq göstərmək də psixoloji hazırlığın  istiqamətlərindəndir.

– Ailə həyatına pedaqoji hazırlıq ailə tərbiyəsinin pedaqogikası üzrə biliklərin əsaslarını verir, pedaqoji savadı, təsərrüfat-iqtisadi bacarıq və vərdişləri, seksual tərbiyəliliyi nəzərdə tutur. Gələcək ata-anaları ailədə uşaqların tərbiyə olunma xüsusiyyətləri, uşaqların inkişaf qanunauyğunluqları ilə tanış edir, ailə tərbiyəsində yol verilən nöqsanların səbəblərini və onların aradan qaldırılmasının səmərəli yollarını aydınlaşdırır. Pedaqoji istiqamət gələcək valideynləri ailə tərbiyəsinin məqsəd və vəzifələrinə, tərbiyənin prinsip və metodlarına, təşkili formalarına dair zəruri təsəvvürlərə yiyələndirməkdən, onlarda mənəvi inam və əqidənin yaradılmasından ibarətdir.

– Hüquqi istiqamətin vəzifəsi  gənc nəsli nigaha və ailəyə dair zəruri hüquqi biliklərlə silahlandırmaq, onları ailə hüququ məsələləri ilə tanış etməkdir. Gənclərə aydın olmalıdır ki, ailə cəmiyyətin ilkin özəyidir və dövlət ailənin, ər-arvadın, valideynlərin və uşaqların hər birinin keşiyində durur. Bunun üçün də gənclər ailə qanunvericiliyinin əsasları, o cümlədən valideyn və uşaqların, ər-arvadın hüquq və vəzifələri, nigah və ailə münasibətlərini tənzimləyən hüquq normaları ilə tanış olmalı, ailənin yaranması və mühafizəsi üçün məsuliyyət hiss etməlidirlər. Gənclər bilməlidirlər ki, nigah ailənin hüquqi əsasıdır.

– Təsərrüfat – iqtisadi istiqamət. Gənclər ev işlərində zəruri hesab olunan iqtisadi – təsərrüfat bacarıq və vərdişlərinə yiyələnməlidirlər. Qızlar (qadınlar)  evdarlıq işlərini, evdəki səliqə səhmanı əmrə, buyruğa görə deyil, maraq və sevgi ilə, daxildən gələn təhriklə görməlidirlər. Onlar yadda saxlamalıdırlar ki, evdarlıq səriştəsinə malik olan şəxslər həmişə ailə üzvləri tərəfindən sevilir. Onlar həm də təsərrüfat işlərində ailənin bütün üzvlərinin bərabər surətdə iştirakını təmin etməyə, asudə vaxtın təşkilinə, ailənin büdcəsinə, məişət mədəniyyətinə dair biliklərə malik olmalıdırlar.

AILE BUDCESI

– Ailə həyatına hazırlıqda təsərrüfat-iqtisadi bacarıq və vərdişlər dedikdə, ailə büdcəsini planlaşdırmaq, bölüşdürmək, ondan səmərəli faydalanmaq, məişət və asudə vaxtı məqsədəuyğun şəkildə təşkil etmək, ailədə rahatlıq yaratmaq bacarığı anlaşılır.

– Sosial –vətəndaşlıq baxımından – hazırlığın qarşısında dayanan əsas vəzifə gənclərə ailənin sosial mahiyyətini, ailə ittifaqının bağlanmasının və onun möhkəmləndirilməsinin ictimai əhəmiyyətini aydınlaşdırmaqdan, oğlan və qızları “vətəndaş” və “ailə sahibi” anlayışlarına dair zəruri təsəvvürlərə yiyələndirməkdən, onlarda mənəvi inam və əqidənin yaradılmasından ibarətdir.

– Tibbi istiqamət – uşağın doğulması, alkaqolun, zöhrəvi xəstəliklərin, siqaret çəkməyin nəslə zərərli təsiri və s. biliklərin verilməsini nəzərdə tutur. Ər-arvad bir-birinin, valideyn kimi övladlarının, ailənin digər üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi qayğısına qalmalı, bunun üçün isə müəyyən həcmdə tibbi biliklərə malik olmalıdırlar. Bu biliklər qızlara ümumitəhsil, orta ixtisas və ali məktəblərdə oxuyarkən müvafiq məşğələlərdə verilir. Analar mümkün qədər ilk tibbi yardım göstərməyi, iynə vurmağı bacarmalı, dərmanlardan düzgün istifadə etməyi bacarmalıdırlar.

– Fizioloji gigiyenik istiqamət – kişi və qadın orqanizminin fizioloji xüsusiyyətlərinə, şəxsi gigiyena məsələlərinə dair biliklərin verilməsini nəzərdə tutur. Bədənin təmiz saxlanması, gigiyenası, vaxtlı-vaxtında yuyunmaq, saçlara qulluq vəs. bu istiqamətdə əsas yer tutur.

Seks

– Ailə həyatına hazırlıq üzrə işdə gənclərin seksual tərbiyəliliyi – də az əhəmiyyət daşımır. Seksual tərbiyəlilik insan həyatının intim tərəfləri, cinslərin qarşılıqlı münasibətlərinə yönəlmiş zəruri biliklərin qavranılmasını, məhəbbəti, oğlan və qızların biri-birilə psixoloji məsafə saxlamaları, nigah və ailəni səmərəli qurmaq bacarığını nəzərdə tutur.

 

Sosioloq Əhməd Qəşəmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir