a

Ailəni qorumağın yolları – MƏSLƏHƏT

Baxış sayı: 2. 298

Bir-birlərini sevən cütlüklər ömür boyu birlikdə yaşamaq üçün evlənsələr də, zaman-zaman fikir ayrılıqları, mübahisələr yaşaya bilərlər. Bu da onların arasında aqressiyaların, münaqişələrin yaranmasına gətirib çıxarır. Bu münaqişələr, mübahisələr, fikir ayrılıqları tərəflərin bir-birlərini başqa yöndən tanıdıqları, sevgili, nişanlı dönəmindəki xoş tərəflərindən əlavə digər xüsusiyyətlərini də kəşf olunduğu anlardır. Eyni zamanda bir sınaq meydanıdır sanki. Burada əsas məsələ ortaya çıxan problem deyil, o problemi hansı yolla həll edib münasibətlərin sonrakı gedişatına göstərcəkləri təsirdir. Bütün bunların kökündə isə qadın, kişi və digər ailə fərdləri arasında qurulmuş sağlam ünsiyyət dayanır. Ata və ana arasında qurulmuş düzgün ünsiyyət ailənin digər fərdlərinə də sirayət edir. Odur ki, bu əlaqə uğurlu alınmazsa, deməli, ailə birliyinin təməlində çatlar başlamışdır.

Ailədə normal ünsiyyət və münasibətləri əngəlləyən faktorlar

  • Bütün ailə və ailəni təşkil edən fərdlərlə bağlı önəmli məsələləri əhəmiyyət vermədən üzdən danışmaq.
  • Aşırı dərəcədə sual vermək, yersiz şübhə və tərəddüdlər
  • Süni münasibət qurmaq
  • Danışıb, izahat almadan qarşı tərəf haqqında qərar çıxarmaq
  • Keçmişdəki üzücü və pis hadisələrin sıx-sıx gündəmə gətirilməsi
  • Verilən sualları cavabsız buraxmaq
  • Ailə üzvlərinə söz ilə hücum etmək
  • Başqaları ilə müqayisə etmək və qarşı tərəfin fikirlərini qəbul etməkdə çətinlik çəkmək
  • Günahlandırmaq, neqativ düşüncələr və aqressiya
  • Əmr vermək, təhdid etmək
  • Yalan söyləmək və səmimiyyətdən uzaq durmaq
  • Lağa qoymaq, alçaltmaq, fikirlərinə dəyər verməmək
  • Kiçik səhvləri həddindən artıq böyütmək
  • Fədakarlığı daima qarşı tərəfdən gözləmək
  • Birgə vaxt keçirməmək, ortaq məsuliyyətlərə önəm verməmək
  • Qarşı tərəfə özünü ifadə etmə imkanı verməmək
  • Ailəyə qarşı diqqətsiz və hörmətsiz yanaşmaq

Ailə fərdləri bir-birlərindən aldıqları mesajlarla (hiss, münasibət, davranış, bədən dili) özlərini dəyərli və ya dəyərsiz, güvəndə və güvənsiz hiss edə bilərlər. Bu vəziyyət də onların psixoloji durumuna, psixo-sosial yaşantısına, insanlararası münasibətinə, işdəki uğur dərəcəsinə əhəmiyyətli şəkildə təsir edir. Çünki insan ailədə doğulur, böyüyür və şüuraltısında ailəsindən aldığı “mesajlarla” cəmiyyət içərisinə yol açır.

Uğurlu ünsiyyət üçün nə etməli?

  1. Gözəl ünsiyyət üçün qarşılıqlı xöş görüş, hörmət, anlayış və diqqət lazımdır. Tərəflərin bir-birlərinə yanaşmaları onlar arasında düzgün ünsiyyətin yaranmasında bilavasitə rol oynayır.
  2. Unutmayın: daim münasibətləri düzəltmək zəminində çalışılmalıdır, yıxmaq, dağıtmaq yox. Çalışmaq lazımdır ki, qarşıdakı insana birbaşa ittiham edici tonla yanaşılmasın. Bu, onu müdafiə mövqeyinə keçirməkdən və sizi dinləməyə qarşı özünü kilidləməkdən başqa bir işə yaramaz. Çünki həmin anda onun yeganə düşündüyü sizin hücumunuza uyğun cavabı verməkdir. Sizi dinləməz, dinləməzsə, anlamaz və özünü anlada bilməz, beləliklə, bütün ünsiyyət qopmuş olar.
  3. Hər zaman üçün tutacağımız mövqe belə olmalıdır: qarşıdakına qulaq asmaq və onu başa düşməyə çalışmaq. Bəzən susmaq lazımdır, bütün qaranlıq qalan məqamları aydınlatmaq üçün susmaq və dinləmək! Səbrlə dinləmək! Çünki insan duyğularını və fikirlərini danışaraq başa salır. Əgər ona bu haqqı tanımasaq, nəyi niyə etdiyini heç vaxt anlamarıq. Bu, həmin səhvin bir daha təkrarlanmasına zəmin yaradan ən vacib nüanslardandır.
  4. Ailə üzvülərinizdən birinin hər hansı yanlışını hər fürsətdə dilə gətirməkdənsə etdiyi yaxşı, təqdirəlayiq işlərindən danışıb onu yaxşı olanlara həvəsləndirin. Çünki qadağa formasında və ya səhvini unutmaması üçün etdiyiniz bu hərəkət (səhvini tez-tez vurğulamaq) tədricən onun şüuraltısına oturacaq və istəmədən belə olsa, həmən səhvi yenidən təkrarlamasına səbəb ola bilər. Təklif cümlələri qurmaq əmr cümlələrindən daha təsirli olur.
  5. Ailə üzvlərinizə qarşı bərabər və ədalətli davranın. Eyni və ya oxşar hərəkəti etdikdə hamısına eyni mənfi və ya müsbət tutumu göstərin. Ailə fərdlərinin  yaşına, cinsinə və digər xüsusiyyətlərinə görə öz davranışınızı dəyişməyin. Bu, ailəniz arasındakı ünsiyyət və emosional bağlılıqda çatlara nədən olacaq.
  6. Ailə fədləri arasında münasibət daima dost xarakteri daşımalıdır. Valideyn-uşaq, ər-arvad, bacı-qardaşlar arasında dostluq münasibətləri nə qədər sıx olarsa, onlar bir-birlərinin problemləri ilə bir o qədər yaxından və səmimiyyətlə maraqlanarlar. Çünki dost münasibəti birlik və bağlılığı qüvvətləndirən önəmli amillərdəndir. Bu, ailə üzvlərinin bir-birlərinə açılmalarını, dərdləşmələrini və ya sevinclərini paylaşmalarını asanlaşdırar. Ailə təsəllini, rahatlığı və hüzuru kənarda, yanlış adamlarda və yollarda aramaz.
  7. Ailə üzvləri özəl günlərdə, bayramlarda, qeyd olunması gərəkən hadisələrdə daima birlikdə olmağa xüsusilə diqqət və qayğı göstərməlidirlər.
  8. Ailə fərdləri heç olmasa şam yeməyində bir araya gəlməli və bu zaman ümumi söhbət edilməlidir. Ailənin hər bir üzvü bu məsuliyyəti dərk edərək hörmətlə yanaşmalıdır. Çünki gərəksiz kimi görünən bu qısa zaman kəsiyi sizə ailənizin bütövlüyünü qorumaqda və isti münasibət yaratmaqda təsəvvür etmədiyiniz qədər yardımçı olacaqdır.

Ailənizi qoruyun, çünki o, sahib olduğunuz ən dəyərli sərvətdir!

 

Fəridə Qasımova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir