senedsiz evler

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?

Baxış sayı: 540

Azərbaycanda sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Həmin tikililərin rəsmiləşdirilməsi ölkəmizdə aktual məsələlərdən biridir və bu istiqamətdə proses davam etməkdədir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirir ki, hazırda on minlərlə ev kütləvi şəkildə kənd təsərrüfatı torpaqlarının üzərində inşa olunub.

Onun sözlərinə görə, faktiki olaraq həmin evlərdə insanlar yaşayır və bu tikililər fərdi yaşayış evi kimi öz mövcudluğunu davam etdirir:

Vuqar Oruc

“Yəni vətəndaşların faktiki mülkiyyəti mövcuddur, lakin bu, hüquqi cəhətdən rəsmiləşməyib. Çünki sənədlərdəki uyğunsuzluq həmin şəxslərə müvafiq dövlət qurumlarından mülkiyyət hüququnu təsdiqləyən və yaşayışa icazə verən hüquqi sənəd – çıxarış əldə etməyə imkan vermir. Lakin aparılan müzakirələr fonunda bu cür təyinatların dəyişmə mexanizmləri də qeyd olunub. Düşünürəm ki, gələcəkdə məhz kənd təsərrüfatı təyinatlı torpaqların üzərində – yəni sayca kifayət qədər evin kütləvi şəkildə tikildiyi ərazilərdə həmin torpaq sahələrinin statusunun yaşayış təyinatına dəyişdirilməsi istiqamətində müəyyən layihələr icra oluna bilər”.

Mütəxəssis söyləyir ki, burada müvafiq qurumun qarşısında iki yol var:

“Ya qanunvericiliyə əsasən həmin evlər qanunsuz olduğuna görə sökülməlidir, ya da onları qanunsuz edən yeganə səbəb aradan qaldırılmalıdır. Yəni torpaq sahəsinə yaşayış təyinatlı status verilməlidir. Hesab edirəm ki, həmin evlərin ölkə iqtisadiyyatına qazandırılması, iqtisadi dövriyyəyə daxil olması – qiymətləndirmə, sığorta, girov, büdcəyə vergi ödəyən subyektə çevrilməsi, həmçinin miras olaraq vərəsəyə ötürülməsi və alqı-satqı obyekti olması üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsinə böyük ehtiyac var. Bunun mexanizmi və ya forması isə əmlak amnistiyası şəklində ola bilər ki, həmin torpaqların statusu birbaşa dəyişdirilsin”.

V.Oruc bildirir ki, sənədləşmə məsələsi yüksək gərginlikli elektrik xətlərinin, kommunikasiya vasitələrinin altında, strateji əhəmiyyətli, meşə fonduna daxil ərazilərdə və ya digər qadağan olunmuş zonalarda yerləşən evləri əhatə etməyəcək:

“Söhbət yalnız digər bütün meyarlar üzrə qanuni şəkildə inşa olunmuş, lakin tək problemi torpaq sahəsinin statusunun uyğun gəlməməsi olan evlərdən gedir ki, onları bir qərarla həll etmək olar. Yəni həmin evlərə amnistiya vermək olar. Bu, həm Azərbaycan dövlətinə, həm vətəndaşlara, həm də ölkə iqtisadiyyatına müvafiq qurumun mühüm töhfəsi olar və ən azı 500 mindən çox sənədsiz evin leqallaşdırılması üçün ciddi addım atılar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir