1 aprel

Aldadan kim, aldanan kim… – MARAQLI

Baxış sayı: 1. 617
1 aprel Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir. Bu gün insanlar bir-biriləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın.
“Buro 24/7” isə tanınmışların aldandıqları və aldatdıqları zarafatlar haqqında fikirlərini öyrənib.
“Gencaile.az” saytı həmin yazını təqdim edir.
Şoumen Murad Dadaşov:
– Bu hekayə mənim başıma çoxdan gəlib, o zaman KVN-də çıxış edirdim. Soçidə hər il bütün komandaların yığışdığı festivala getmişdik. Mən gənc, şən tələbəyəm, üstəlik subayam, çoxlu ümidlərim var. İlk növbədə düşüncələrimdə KVN, daha sonra isə əlbəttə ki, tanış olmaq, münasibət qurmaq istədiyim qızlar var…
Qastrol səfərlərimizdən biri idi. Axşam nömrəmdə oturmuşam, kefim də yoxdur. Gözlənilmədən qapını gözəl bir qız döydü və dedi ki, nömrəmdəki televizora baxmaq istəyir. Xoşbəxtlikdən uçurdum! Qız içəri girdi, yerini rahatladı. Mənimsə qapımı tez-tez uşaqlar döyür, amma onları tez yola salıram və paralel olaraq da qızla söhbət etməyə çalışıram. Hər şeyin alındığı o gözəl an bir oğlan qapını döyür və soruşur ki, “O burdadır?”. Sən demə, qızın sevgilisi varmış. O, otağa girir və qızın üz ifadəsindən belə başa düşürəm ki, o da oğlanı mənim kimi birinci dəfədir görür. Münasibətləri aydınlaşdırmağa başlayırıq. Qız məndən xahiş edir ki, onu qoruyum, mənsə oğlanı yola salmağa çalışıram. Söhbətin ən qızğın vaxtında bütün bizim komandamız nömrəyə daxil olur və məlum olur ki, bu, zarafat imiş. Onlar qızla oğlanı tapıblar, amma onların heç birinə bu zarafatın necə davam edəcəyini deməyiblər. Dava düşəcəyini hiss edəndə isə otağa girməyə qərar veriblər. Düzünü desəm, özümü heç vaxt belə pis hiss etməmişdim, çünki düşünürdüm ki, həlledici rolu mənim şəxsi cazibəm oynayıb. Amma məlum oldu ki, bu, zarafat imiş…
Bütün dostlarım bilir ki, belə zarafatları, hətta xoş sürprizləri də sevmirəm. Çünki mən televiziyada çalışıram, mənim üçün ssenari çox vacibdir və istənilən improvizasiya ancaq müəyyən danışılmış şərtlər çərçivəsində olmalıdır. Odur ki, mən heç vaxt heç kimlə belə zarafatlar etmirəm.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov:
– 1995-ci ildə “Parni iz Baku” KVN komandasının ilk konsertinə hazırlaşırdıq. Bəhram Bağırzadə mənə zəng edərək dedi ki, konsertin məşqi gündüz saat 12-dən səhər saat 9-a keçirilib. Mən isə intizamlı bir insan kimi səhər saatlarında konsertin keçiriləcəyi Heydər Əliyev Sarayına getdim. Orada dekorasiyaların üzərində çalışan işçiləri görəndə, başa düşdüm ki, sən demə, bu, zarafat imiş. Düzdür, əvvəlcə bu zarafata inandığıma görə pis oldum, ancaq biz indiyə qədər bu hadisəni yada salıb gülürük.
Opera müğənnisi Elçin Əzizov:
– “Bakılı oğlanlar” KVN komandasının konsertləri həmişə çox populyar idi. Səhnəciklərdən olan ifadələr xalq arasında istifadə edilirdi. 90-cı illərin sonlarında həyat yoldaşımla hələ sevgili olan vaxtlarımız idi. Bir dəfə onu evə ötürürdüm. O, evlərinə qalxdı, mən isə binanın girişindən çıxanda, qonşu uşaqlardan məşhur “Polis” səhnəciyində işlətdiyim ifadəni eşitdim: “Rəis, noldu, alınmadı?”…
… Tələbəlik illərimdi. Bizim institutda dərslər gec başlayırdı, mən isə darıxmamaq üçün müxtəlif universitetlərə dostlarımın dərslərinə gedirdim. Başqa universitetdən köçürülmüş, adı isə hələ jurnala yazılmamış tələbə kimi təqdim olunurdum. Bir dəfə Xarici Dillər Universitetində dərsdə oldum. Nədənsə özümü “Nitq mədəniyyəti və dialoqu doğru qurmaq” mövzusunda mühazirə oxumaq üçün İncəsənət və Mədəniyyət Universitetindən göndərilmiş təcrübəçi kimi təqdim etmək qərarına gəldim. Mənə inandılar. 40 dəqiqə nitq barədə bildiyim hər şeyi danışdım, şeirlər oxudum, hekayələr danışdım. Qrupuna gəldiyim sinif yoldaşım Kamran Rzayev sağ olsun, özünü saxladı və nə gülüş, nə də təbəssümlə məni ələ vermədi. Pedaqoqun xoşuna gəldi və məndən daha bir neçə dərsə gəlməyi xahiş etdilər. Bu zaman “kartı açmaq” qərarı verdim. Müəllim isə heç hirslənmədi… Əksinə, təəssüf etdi ki, mən təcrübəçi deyiləm və belə mühazirələr daha olmayacaq…
Əməkdar artist Bəhram Bağırzadə:
– Zarafat etmək mənim həyatımın bir hissəsidir və fəaliyyətimin spesifikasını nəzərə alsaq, düşünürəm ki, bu, kifayət qədər anlaşılandır. Buna görə də mənim üzərimdə kiminsə zarafat qurduğu hadisəni yada salmaq çətindir. Lakin mən özüm zarafat etmişəm. Hadisə belə olub: Tel-Əviv, İsrail, 1993-cü il. “Bakılı oğlanlar” KVN komandası ilə oteldəyik. Qastrolların sonuncu günü olduğu üçün pul da, demək olar ki, qalmayıb. Mən isə yemək istəyirəm və nəhayət, vəziyyətdən çıxış yolu tapıram. Çin restoranından rəhmətlik Anar Məmmədxanovun nömrəsinə yemək sifariş edirəm. Planım hiyləliydi, bilirdim ki, Anar bunun hamısını yeməyəcək, ancaq mütləq ödənişi edəcək. Qapını açıram və eşidirəm ki, o, geyşaya oxşayan, kimonodakı çinliyə bu yeməyi sifariş etmədiyini izah edir. Çinli isə sifarişin onun nömrəsindən gəldiyini deyir. Anar çıxılmaz vəziyyətdə qalır və yeməyi götürərək nömrəyə daxil olur. Mən isə guya bilmirmiş kimi, onun nömrəsinə girirəm və təbii ki, yeməyi yeməyə qoşuluram. Onu deyim ki, yaxşı nahar etdim.
Radio və televiziya aparıcısı Fateh:
– Mənimlə ən güclü zarafatı ötən il ediblər. Səhər şoumuzun prodüseri profilaktika barədə xəbər vermədən komandanı aprelin 1-də efirə çıxardı. Yəni, biz bilmirdik ki, prodüserdən başqa heç kimin eşitmədiyi verilişi aparırıq. Təsəvvür edin, o, real efiri daha həqiqi imitasiya etmək üçün 300-ə yaxın SMS düşünmüşdü. Ancaq canlı efirdə zənglər olmadı, bunu isə o, texniki problemlərin olması ilə izah etdi…
Bir də, bu yaxında Özbəkistandan olan qonaqlarla İçərişəhərdə gəzirdik. Şirvanşahlar sarayına girmək qərarı verdik. Sarayda gəzirik, bələdçi Xəzərin dibində tapılan Bayıl Qalasının qalıqları barədə danışır. Birdən başqa gidin divardan asılan gödəkcəsini görürəm və onu qonaqlara göstərib deyirəm: “Bu isə 1147-ci ilə aid Şirvanşahlardan birinin üst geyimidir”. Təəssüf ki, qonağımız Akrom gödəkcəyə toxunmaq qərarı verdi və muzeyin loqotipini gördü…



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir